Modern.az

Bu gənclik Qarabağı azad edib - Hamısını eyni "tərəzi"yə qoymayaq

Bu gənclik Qarabağı azad edib - Hamısını eyni

Təhsil

27 Yanvar 2022, 11:27

“Şagird dərs zamanı nalayiq sözləri işlədib”, “Şagird müəllimə əl qaldırıb”, “Müəllim şagirdi döyüb”, “Valideynlə müəllim dalaşıb”...

 

Çox təəssüf ki, son günlər bu cür ifadələri davamlı eşidirik. Əvvəllər çox nadir hallarda məktəbdə qeyri-etik hadisələr baş verərdisə, indi hər gün belə hadisələrlə qarşı-qarşıya qalırıq.

 

Yeni nəslin məktəblilərindəki aqressivlik, müəllimə və sinif yoldaşlarına qarşı qeyri-etik hərəkətləri keçmiş dəyərlərin yavaş-yavaş itdiyindən xəbər verir. Müasir dövrdə tərbiyə məsələləri əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də buna doğru gedir. Necə deyərlər, təlimə həddən artıq vaxt ayırmağımız tərbiyə məsələlərini ikinci plana keçirib.

 

Maraqlıdır, azyaşlılarda bu aqressivlik hardan gəlir? Həqiqətənmi, əvvəlki dəyərlərimizi tamamilə unuduruq?

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov son zamanlar ölkə gündəmini zəbt edən şagird-müəllim davranışlarındakı problemlərlə bağlı Modern.az-a danışıb.

 

Onun sözlərinə görə, bir neçə xoşagəlməz hərəkət edən şagirdə görə, bütün gəncliyin üzərinə ləkə salmaq olmaz:

 

“Yeni nəsil barədə bədbin fikirdə olmayaq. Bir, beş, on nəfər şagirdin elədiyi xoşagəlməz hadisəni ümumiləşdirmək olmaz. Əslində Azərbaycan gəncliyi ilə bağlı həmişə belə üzücü fikirlər olub.

 

Azərbaycan gənci orta məktəbdə pis oxuya, kobud ifadələr və yersiz hərəkətlər edə bilər, bu danılmazdır. Amma yaddan çıxarmamalıyıq ki, 44 günlük müharibə bütün bu fikirlərə son qoydu. Onlar bu imtahanı uğurla keçdilər. Mən orta məktəbdə və ali məktəbdə müəllim kimi çalışmışam. Beş-on tələbə və şagirdə görə bütün Azərbaycan gəncini ləkələmək olmaz.

 

 

İstənilən məktəbdə şagirdin hərəkətləri ilə bağlı qanunazidd, orta məktəb kodeksinə uyğun olmayan hərəkət ola bilər. Bizim borcumuz onları tərbiyə etməkdir. Biz buna əks olaraq yeni nəsli pisləyə bilmərik. Mən bu ümumiləşdirmənin əleyhinəyəm. Dünyanın ən inkişaf etmiş ölkələrində də belə hadisələr olur. Əsas məsələ ilə belə hadisələrin qarşısını almaq üçün məktəblərdə davamlı olaraq maarifləndirici tədbirlər təşkil olunmalıdır.

 

Hər cür dələduz şagird tarix boyu olub və olacaq. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun həyatına nəzər salsaq, heç də sakit uşaq olmadığını görərik. Amma İkinci Dünya Müharibəsində ilk Sovet İttifaqı Qəhrəmanı oldu. Bunları nəzərə alaraq, heç bir məsələni bütün gəncliyin üzərinə atmaq olmaz”.

 

Məsələnin psixoloji tərəfini öyrənmək üçün Elnur Rüstəmovla əlaqə saxladıq.

 

E.Rüstəmov baş vermiş hadisələrin təhsil müəssisələrində psixoloji xidmətin zəif olmasında görür:

 

“Bu gün təhsil alanların sayı 30 il qabağa nisbətdə çoxdur. Təhsilin məzmunu da əvvəlki illərlə bir deyil. Keçmiş zamanla müqayisədə məktəblərdə şagirdlərin xoşagəlməz halları çoxalıb. Bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycanda 1 milyon yarım şagird var. Bu şagirdlərin hər biri də ayrı-ayrı evdə tərbiyə alırlar.

 

 

Məktəbdə xoşagəlməz halların baş verməsi təhsil müəssisələrində psixoloji xidmətin təqdirəlayiq olmadığından xəbər verir. Qeyd edim ki, psixoloji xidmət tək təhsil alana yox, eyni zamanda, təhsil verənə də verilməlidir.

 

Məktəblərdə şagird-valideyn, valideyn-müəllim, müəllim-şagird münasibətləri hər zaman nəzarətdə olmalıdır. Mən düşünürəm ki, orta məktəblərdə psixoloq xidmətində yüksək nəzarət həyata keçirilməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı