Modern.az

Valideynlərin münaqişəsi sinif yoldaşlarını düşmənə çevirdi - TƏFƏRRÜAT

Valideynlərin münaqişəsi sinif yoldaşlarını düşmənə çevirdi - TƏFƏRRÜAT

31 Yanvar 2022, 15:51

Ucar rayon Qaradağlı kənd sakini Əzizov Nicat Fərhad oğlu Qaradağlı kənd tam orta məktəbinin 8-ci sinfində təhsil alan qızı Zəhra Əzizovanın sinif yoldaşı Nəzrin Daşdəmirli tərəfindən təzyiq və təhqirlərə məruz qalması, bunun nəticəsində birincinin intihara cəhd etməsi barədə Ucar Rayon Təhsil Şöbəsinə şifahi, təhsil nazirinə isə ərizə ilə müraciət edib.

 

Bu barədə Modern.az-a Ucar Rayon Təhsil Şöbəsindən əməkdaşı Tağı Həsənov bildirib. Onun sözlərinə görə, hər iki müraciət araşdırılıb:

 

"Rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları Qaradağlı kənd tam orta məktəbində olub, baş verənləri yerində araşdırıblar. Məlum olub ki, 8-ci sinifdə təhsil alan Əzizova Zəhra Nicat qızı və Daşdəmirli Nəzrin Hasil qızı eyni sinifdə təhsil alıblar. Son bir neçə aya qədər aralarında heç bir mübahisə və münaqişə olmayıb".

 

Məlumata görə, şagirdlərin valideynləri arasında olan münaqişə məktəbdə onların münasibətlərinin pozulmasına gətirib çıxarıb:

 

"Bunu müşahidə edən sinfin rəhbəri Gülnar Hüseynova və məktəbin direktoru Səkinə Səfərəliyeva dəfələrlə hər iki şagirdin ailə üzvü ilə görüşüb, mövcud vəziyyəti onlara izah edib. Ailələr arasında olan münaqişənin məktəbə qədər gəlib çıxması səbəbindən Qaradağlı kənd tam orta məktəbində növbədənkənar Məktəb Pedaqoji Şurası və həmin sinifdə valideyn iclası keçirilib. Rayon Təhsil Şöbəsi tərəfindən hər iki ailəyə övladlarının təhsil aldığı məktəbin dəyişdirilməsi təklifi olunub. Lakin hər iki ailə buna etiraz edib. Hazırda məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən həmin sinfə nəzarət gücləndirilib".

 

Tağı Həsənov intihara cəhd olayına da aydınlıq gətirərək deyib: “Rəhbərlik səviyyəsində araşdırma aparmışıq, onun intihara cəhd faktı təsdiqini tapmayıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir