Modern.az

Deputatlarımızın Berlində görüşləri davam edir

Deputatlarımızın Berlində görüşləri davam edir

Parlament

12 May 2016, 22:25

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov mayın 9-dan Almaniyanın Berlin şəhərində səfərdədirlər. Mayın 10-da və 11-də nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Modern.az saytı xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti AFR Federal Kansler Aparatının Orta, Şərqi və Cənub-Şərqi Avropa, habelə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli əlaqələr üzrə referentinin rəhbəri ilə görüşüb.

Eyni gündə Almaniya hökumətinin Xaricdə təhsil siyasəti, Almaniya kommunikasiya və mədəniyyətlərarası dialoq üzrə müvəkkili ilə ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparılıb.

Millət vəkillərimiz Bundestaqın Avropa İttifaqı məsələləri Komitəsinin, həmçinin AŞPA-dakı alman nümayəndə heyətinin üzvləri, Solçular (die Linke) fraksiyasının Avropa siyasəti məsələləri sözçüsü ilə də görüşüb. Görüş zamanı Azərbaycan və Almaniyanın beynəlxalq müstəvidə əməkdaşlığı sahəsində bir sıra məsələlər müzakirə edilib.

Deputatlarımız səfər çərçivəsində Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədr müavini, ATƏT və AŞPA-dakı alman nümayəndə heyətlərinin üzvləri olan SPD (Sosial Demokratlar Partiyası) və CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasının deputatları ilə də görüşblər.

Elm və Siyasət Fondunda (Stiftung Wissenschaft und Politik-SWP) Cənubi Qafqaz regionu üzrə ekspertlərlə görüşən millət vəkillərimiz daha sonra Bundestaqın İdman Komitəsində CDU/CSU fraksiyasının idman məsələləri üzrə sözçüsü ilə görüş keçiriblər.

Azərbaycanlı parlamentarlar Xarici Siyasət üzrə Alman Cəmiyyətində təşkil olunan ictimai tədbirdə iştirak ediblər.

Müxbirimizlə telefon söhbətində millət vəkili Rövşən Rzayev bildirib ki, nümayəndə heyətinin üzvləri AFR Federal Kansler Aparatının məsul işçisi Knut Abrahamla görüşüb.

Görüşdə Azərbaycan-Almaniya əlaqələrinin bir sıra aktual məsələləri müzakirə edilib, həmçinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar baş verən hadisələr, erməni tərəfinin təxribatları barədə Almaniya rəsmisinə geniş məlumat verilib, onu maraqlandıran suallar cavablandırılıb. Söhbət zamanı millət vəkillərimiz Ermənistanın beynəlxalq konvensiyaları pozaraq, Azərbaycana qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etdiyini bildiriblər. Bu məlumat Knut Abrahamın diqqətini cəlb edib. Azərbaycanlı deputatlar həmin faktı təsdiqləyən lazımi sənədləri ona təqdim ediblər. Görüş zamanı belə halların yolverilməzliyi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Milli Məclis deputatlarının səfəri mayın 13-də başa çatacaq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü