Modern.az

Papanın canna

Papanın canna

Aktual

21 İyun 2016, 13:07

Hidayət Elvüsal

(Parodiya)

 

- Xoş gördük, xanım, siz yenə də gözəlsiniz. Kökəlmisiniz həm də…

- Həm də intellektual səviyyəm artıb, pappamın canna!

- Əlbəttə, alimsiniz, çalışdığınız şirkətdə hörmətiniz var. Bazarın ruhunu tuta bilirsiniz və… müsahibəyə başlayaq.

- Davay!

- Nədən elmi nailiyyətlərinizdən çox şeyinizi … yəni məsələn geyim-keçiminizi, fiquranızı, maşınınızı nümayiş etdirirsiniz?

- Əzizim, bu gün kimin elmi nailiyyəti var? Hamı olanları, yazılanları təkrar edir.

- Bax, burada haqlısınız!

- Papamın canna! Baxın ekrana. Professorlar, hətta akademiklər şeir yazıb, oxuyurlar. Nədən? Çünki heç biri bir kəşfi ilə, yeniliyi ilə tanınmır. Nə etsin? Şeir yazsın, tanınsın. Desinlər ki, bu şair həmin o professordur, akademikdir. Mən də elə. Papamın canna!

- Halal olsun! Etiraf özü də…

- Za to, gündə bir şəkil çəkdirib qoyuram internetə. Deyirlər oyy daad…

- O gün maşınla…

- Maşın xəstə yerimdi. Əvvəllər özgələrinin maşınında gəzirdim. İndi özümünküdü. Ora gedirəm, bura gedirəm evdə tapılmıram ki, çəpər sərçəsinə dönmüşəm.

- Yəni quşa?

- Hə də! Xarici ölkələrdə də oluram.

- Yəni elmi konfranslarda-zadda.

- Elə bir şey. Gəzirəm, alış-veriş eləyirəm. Məhəbbət macəralarım olur.

- Yox, əşi!

- Papamın canna! Buralarda da girişən olur, amma xaricdə özgə aləm var. Səni tanıyan yoxdu.

- Yəni…

- Yox! Xaricilərlə  yox, papamın canna. İndi öz qruplarımızda da olur da valiklər.

- Nə?

- Valik! Yəni gəzəyən kişilər. Nə isə! Bir dəfə biri girişdi mənə. Böyrümə-başıma çox keçdi. Axır ki, dilə gəldi. Dedi qərib yerdəyik. Bəlkə bu gecəni birlikdə keçirək. Dedim vo pervıx mən elə qadın deyiləm. Titulum, vəzifəm, maşınım… Vo vtarıx belə şeylərdən başım gicəlir. Vo tretix, bundan mənim qazancım nə olacaq?

- …

- Arxasın danışım?

- Yox! Aydındır! Görünür sizin çox nazik, çox kövrək ürəyiniz var!

- Bilirsiniz, bu ürək məsələsi çox qəlizdir.

- Həm qəlizdir, həm də vacib – Allah rəhmət eləsin!

- Amin! Ürək… qabırğa kimi bir şeydir.

- M…m… bağışlayın, yəni.

- Qabırğa! Papamın canna! Ürəklə qabırğanın fərqi yoxdur. İkisinin ağrısı eyni olur.

- Başa düşmədim.

- Başa salaram. Fikir vermisənsə ağrıyan adam sinəsini, qabırğasını tutur. Niyə? Çünki ürəyini tuta bilməz axı. Amma qabırğa əlinin altındadır, ürək də onun altında.

- Yox e…

- Fikir verin. Qabırğanız sınanda nə baş verir? Nəfəs aldıqca ağrıyır. Ürək də elə! Papamın canna! Nə isə! Ürəkaçan şeylərdən danışaq.

- O gün internetdə şəklinizi gördüm. Maşınla…

- Həə! Birdən oturub gedirəm və şəkil çəkdirib qoyuram internetə – mən Masazırdayam! Birdən bir dəli damarım tutur, basıb gedirəm o tərəfə və «Mən Mərəzədəyəm!» yazıb şəkilləri paylaşıram. Papamın canna!

- Hmm. Mən deyirdim elmdən, sənətdən danışacağıq.

- Əzizim, mənim elmim bu! Sənətim bu, həyat tərzim bu! Bir zaman özümə söz vermişdim ki, həyatımı dəyişəcəm. Dəyişdim də! Hələ desən ərimi də. Onun acığına dəyişdiklərimi  də dəyişdim. Mənim həyat fəlsəfəm budur.

- Yox! İntellektual səviyyəniz çox yüksəkdir. Maşallah! Adınız gələndə deyirlər tarix üzrə fəlsəfə doktoru. Xarici ölkələrdəki simpoziumların birində səs-küy yaradan elmi çıxışınız olub. Rəhmətə getmiş dünya şöhrətli bir qadın haqqında.

- Hə, hə, yadımdadır.  Yolu keçəndə maşın vurmuşdu. Dəfnində də iştirak elədik. Simozium başlayanda bir qadın olaraq mənə söz verdilər. Tribunaya çıxdım. Fikirləşdim ki, elə bir söz deməliyəm ki, elm aləmində fırtına qoparsın.

- Nə dediniz, xanım?

- Dedim mərhumə eşşəklik eləyib yolun qadağan olunmuş hissəsindən keçib.

- Maşallah xanım, siz doğurdan alimsiniz.

- Doğrudan?

- Papanın canna!

- Qabırğamı köyrəltdin. Mənim telefon nömrəmi yaz. Sənnən də xoşum gəldi.

- Xanım, vo pervıx, mən elə deyiləm. Vo vtarıx belə şeylərdən başım ağrayır . Vo tretix mən səni nə hanısası vəzifəyə itələyib soxa bilərəm, nə də pul verə bilərəm.

- Yaxşı daa!

- Papanın canna!!!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır