Modern.az

Rusiya Türkiyə ilə birgə neft kəməri və zavodu tikəcək

Rusiya Türkiyə ilə birgə neft kəməri və zavodu tikəcək

27 Oktyabr 2009, 17:55

Oktyabrın 27-də Moskvada bəyan edilib ki, Rusiya və Türkiyə Samsun - Ceyhan neft kəmərinin birgə tikilişi və Ceyhanda neftqayırma zavodunun inşası haqda razılığa gəliblər.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Samsun - Ceyhan neft kəməri Qara və Aralıq dənizlərini birləşdirməlidir. Rusiya rəsmiləri bildirirlər ki, bu layihədə iştirak Moskvaya sərfəlidir. Bu arada bir sıra ekspertlərin zənnincə, Moskvanın layihəyə qoşulması Türkiyənin "Cənub axını" qaz nəqli layihəsində iştirakı müqabilində bir güzəşt ola bilər.
Samsun - Ceyhan neft kəmərinin tikilişində Moskvanın iştirakı habelə Aralıq dənizindəki Ceyhanda Türkiyəylə birgə neftqayırma zavodunun inşası haqda bəyanatları Rusiyanın enerji naziri Serqey Şmatko verib. Nazir bildirib ki, Ceyhanda tikiləcək neftqayırma zavodunda Rusiyayla Türkiyə birgə şəkildə neft məhsullarının ticarətini təşkil edəcəklər.
Bəzi rusiyalı şərhçilərin zənnincə, Samsun - Ceyhan heç də Rusiya üçün sərfəli deyil və Moskvanın burada iştirakı böyük enerji oyununun nəticəsi ola bilər.
Beləki, mülahizələrə görə, Türkiyə özünün Rusiyanın böyük səylə yeritdiyi "Cənub axını"nda iştirakı müqabilində Moskvanın Samsun - Ceyhana qatılmasını şərt qoya bilərdi. Halbuki əvvələr Moskva bu layihəyə bir elə maraq göstərmirdi. Enerji məsələləri üzrə moskvalı ekspert Mixail Krutixin Rusiyanın mümkün itkilərini belə açır: "Faktiki elə çıxır ki, Rusiya Burqas - Aleksandropolus layihəsindən imtina edir. Burada isə onun nəzarət paketi olacaqdı və o Qara dənizdən Aralıq dənizinə neft daşınmalarına nəzarət edəcəkdi. Hazırda isə o Türkiyə və İtaliya şirkətlərinin tikdiyi Samsun - Ceyhan layihəsinə gəlir. Bu kəmər əsasən rus nefti yox, Xəzər boru konsorsiumunun genişləndirilməsindən sonra Qara dənizə gələcək Qazaxıstan nefti üçün nəzərdə tutulur. Rusiyanın özünün isə Qara dənizdə neft ixracının genişlənməsi bir elə gözlənmir. Onun üçün olan neftini boğazlardan keçirmək Samsun - Ceyhandan göndərməkdən daha sərfəlidir. Məncə, Türkiyənin "Cənub axını"na cəlb olunması müqabilində Rusiya belə bir böyük güzəştə gedib".
Öz növbəsində bəzi müşahidəçilərə görə, Rusiyanın Samsun - Ceyhana qoşulmaqda müəyyən uzunmüddətli maraqları ola bilər. Əgər bu kəmər işlək olsa, Moskva Qazaxıstan və Azərbaycan kimi Xəzəryanı neft ölkələrini öz sərvətlərini Rusiya vasitəsiylə Qara dənizə çatdırmağa daha rahat dilə tuta bilər.
Belə ki, daha sonrakı nəql üçün artıq boğazlar problemi olmayacaq. Rusiyanın isə uzun illər Türkiyə boğazlarını yan keçməli Burqas - Aleksandropolus layihəsini təklif etməsinə baxmayaraq məsələ yerindən tərpənməyib. Deməli, qalır Samsun - Ceyhan.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır