Modern.az

Sözün, qələmin - dostu, qəlibin - qənimi

Sözün, qələmin - dostu, qəlibin - qənimi

Aktual

29 İyul 2016, 17:59

Abid TAHİRLİ

 

“Bəlkə tələsirəm?”. Özümə dəfələrlə  ünvanladığım bu sualı onu düşünərək “ Hələ tezdir. Yazsın, yaratsın. Daha çox sevilsin, daha çox seçilsin”- deyə  cavablandırmış və hər dəfə də kağız-qələmi kənara qoymuşam.  İllər isə axar sular kimi  sürətlə  ötür keçir. Günlərin birində, lap bu yaxınlarda bir az təlaşla yenə özümdən “Gecikmirəm ki?”–deyə soruşur, bu dəfə isə özümü fikirləşərək “Deyəsən, vaxtdır, yazmaq vaxtıdır”– qərarına gəlirəm...

Çox güman ki,mahir rəssam da onun portretini yaratmaqda çətinlik çəkər: o, fırçaya gəlməz, tabloya sığmaz. Daim hərəkətdədir, dayanmadan qaynayır. Bəlkə, peşəkar filosof, səriştəli psixoloq da onun hiss-həyəcanlarını, duyğu və düşüncələrini , istək, arzularını bir yerə yığıb yığışdırmağı bacarmaz, onları  sonadək öyrənə, oxuya, yaza, yoza  bilməz: nə sərhədi var, nə həddi. Yəqin, inadkarlıqda, israrlılıqda, prinsipiallıqda, qəfil və gözlənilməz qərar qəbul etməkdə heç kim onunla bəhsə girmək istəməz: Yazıçı  Əlisa Nicatın təbirincə desək, o küçədən necə istəsə, elə də keçə bilər.

 

Ötən əsrin 70- ci illərində  Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində oxuyarkən  Kommunist Partiyasının  tarixindən mühazirə deyən mərhum professor  Xəlil Əlimirzəyev hər dərsdə azı iki dəfə“Yenə göylərdədir şair xəyalın”–deyə müraciət edərək daldığı düşüncələrdən ayıra, auditoriyaya sığışdıra bilməyibsə, onu bu gün də ram etmək, “yerə endirmək” müşkül məsələdir. Və əlbəttə ki, biz də bir yazı ilə onun keçdiyi mürəkkəb, çətin, eyni zamanda mənalı, şərəfli həyat və yaradıcılıq yolunu, əsərlərinin mövzu dairəsini, dil, üslub, sənətkarlıq məziyyətlərini tam əhatə etmək iddiasından uzağıq...

 

Söhbət  istedadlı  şair, jurnalist, tədqiqatçı, tərcüməçi, redaktor və nəhayət, tanınmış idmançı,Kunq-Fu üzrə qara kəmər (1-ci dan) sahibi Qardaşxan Əzizxanlıdan gedir. Qardaşxan Yaradana sığınan, ondan uman, bəzən küsən, haqq-ədalət, dürüstlük, doğruluq axtaran şairdir. Onun Allah və ədalətlə bağlı  poetik deyimləri böyük İsmayıl bəy Qaspiralının məşhur kəlamını xatırladır: “Şanı uca Quranın bir kəlmə ilə təfsiri “ədalətdir”.

 

Qardaşxan “Mehriban və bağışlayan Allahın adı ilə” başlayan və müəllimləri  Mustafa Dadaşovun, Nərgiz Tahirlinin və Arif Əhmədovun xatirəsinə ithaf etdiyi 98 şeirdən ibarət  “Ürəyin baxdığı yerdən”  adlı kitabındakı (Bakı, “Adiloğlu” nəşriyyatı, 2001, 105 səh.) 60-a yaxın şeirində 74 dəfə “Allah”, 18 dəfə ”İlahi”, 18 dəfə “Haqq”, 8 dəfə “Tanrı”, 4 dəfə” Yaradan” kəlməsini təsadüfən işlətməyib. Bütün varlığı ilə dinimizə, milli-mənəvi dəyərlərimizə bağlı şairin müxtəlif mövzularda qələmə aldığı şeirlərininmisralarındakı “Təvəkkül böyük Allaha”, “haqqa var, ərzə nur olan Allaha”, “Allaha qurban olum”, “Allahın izni ilə”, “Təki Allah deyən olsun”, “Allah, şükür birliyinə”, “Sözün dadı, duzu Allah”,” Allah, sənə üz tutmuşam”, “məndən üz çevirmə, Allah”, “sən Allahı sal yadına”, “ Allah, sən keç günahımdan”, “çarə qılar gözəl Allah”, “Allaha da xoş gəlib” ...kimi Yaradanın böyüklüyünə, birliyinə, mərhəmətinə və məsləhətinə dua, ricət, şükranlıq, imdad, ümid ifadə edən kəlmələr Qardaşxan əqidəsinin, əxlaqının, vicdanının səsidir, güzgüsüdür. Şairin mənəvi dünyası, idealı bu sətirlərin işığında və ahəngində açıq-aydın görünür:

 

necə veribsə Allahım

canımı eləcə alar.

söz əlində həlak canım

şeirlə ona ucalar.

 

Qardaşxan çox ciddi arqumentlərlə, inandıraraq düşündürməyi  bacarır,  soydaşlarını tarixin dərslərindən nəticə çıxarmağa çağırır. O, Nyutonun kəşf etdiyi cazibə qüvvəsinə işarə vuraraq

Başına bir alma düşməyi ilə

Ağlının üstünə gəlibdi ağıl –

 

yazır (“Nyuton”)  və sonra da ürək ağrısı və təəssüflə  əlavə edir:

 

Xalq var ki, başına yekə daş düşür,

Yenə də yerinə gəlməyir ağlı.

 

200 ildən bəri əsl milli faciə mənbəyinə çevrilmiş “erməni məsələsi”dən xilas olmaq üçün “unutqanlıq” mərəzindən qurtara bilmədiyimizi fikirləşəndə “Hər dərdə dözən canları neylərdin, ilahi!”– deyə fəryad qoparan Sabiri və ya “ Niyə biz bunca bikamal olduq? Ayaq altında payimal olduq?”- deyə haray qoparan, bizi qamçılayan  S.Ə. Şirvanini, yaxud da “Dağa dersən eşidir, sonra verir əks-səda, Daşa dönmüşlərə əks eyləmədi fəryadım”-deyə unutqanlıq sindromunun başlıca səbəbi–məktəbsizlikdən  şikayətlənən  Məhəmməd Hadini qınamadığımız kimi Qardaşxandan da bu iradına görə küsmürük.

Qardaşxan sözünə, əhdinə, peymanına, Vətəninə, millətinə sadiqdir, o, xəyanəti bağışlamır və bu duyğularını sərt və sərrast, eyni zamanda poetik dillə ifadə etməyi bacarır:

Sənə xəyanət eləsəm,

Allah mənə qənim olsun.

mənə xəyanət eləsən,

axırıncı qəmim olsun.

 

Qardaşxan Məmməd Araz vurğunudur, Söhrab Tahir yanğılısı, Bəxtiyar Vahabzadə sevdalısıdır. Onların doğma Azərbaycana, onun hər qarış torpağına, gülünə, çiçəyinə, dağına, daşına məhəbbətlə ərsəyə gəlmiş irsi, poeziyası  Qardaşxan üçün  bir örnək, bir  zirvədir. Bunu səmimiyyətlə,   qürurla, həm də obrazlı şəkildə  etiraf etməsi bir tərəfdən məsələn, Məmməd Araz şeirinintimsalında milli- vətəndaş poeziyasının sərhədsizliyini göstərirsə, digər tərəfdən şairin öz  yaradıcılığına oxucu marağını və sevgisini  artırır. Və vətən sərhədinə:

 

Şeriyyətimin Məmməd Arazı

sevgi hüdudu

eşq həddi-

kimi poetik münasibəti, əslində, “Vətən mənə oğul desə nə dərdim” (Məmməd Araz), “İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmürəm daha” (Söhrab Tahir), “Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz, Vətən– bizim namusumuz, biz– Vətənik, Vətən də,– biz.”( Bəxtiyar Vahabzadə) misraları ilə böyüyən, nəfəs alan Qardaşxanın dolayısı ilə sözlə “çəkdiyi” öz portretidir. Qardaşxan bu tipli şeirlərində fikrini birbaşa, açıq-aydın, dolğun və eyni zamanda, təsirli şəkildə çatdırır:

 

Nə Təbrizdə, nə Qarsda,
Nə Dərbənddə qalacaq;
Bu gördüyün sərhədlər,
Bu sədlər qalmayacaq.

 

Müqəddəs bir amac yolçuları olanlar, arif və sərraflar “ikicə kəlmədən” şairin qəlbinin səsini duyur, onun əqidəsinə, məramına vurulur, “səninləyik!” deyir:

Bu qurban vətənin Qardaşxan adda
Bir qurbanlığı da var ehtiyatda!

Qardaşxanın Vətənə, onun təbiətinə olan  sevgisi mücərrəd anlayış, nə bilim qafiyəyə , hecaya hesablanmış misralardan ibarət  söz yığını deyil. Təbiətə məhəbbət hissi illərlə onun canına, qanına işləyib, ruhuna hopub, sonra da qəlbindən qələminə süzülüb. Şairin poetik deyimləri, bədii  təsvir və ifadə vasitələrindən, sözün qüdrətindən, məlahətindən  məharətlə  istifadə edərək yaratdığı ecazkar lövhələr unudulmaz təəssürat yaradır:

Aylı bir gecədə, dumanda, çəndə
Zirvəni dolaşıb ətəyə endim.
Gəzdim ayaqyalın şehli çəməndə,
Bulaq çayım oldu, ağ qırov- qəndim;
O da bir gecəydi düşdüm eşqinə,
Şahidim olmadı o gecə mənim.
Mən bihuş gecənin mənzərəsindən, –
Şəlalə lüt-üryan asılıb-qalıb;
Açıq-saçıqlığın məngənəsində
Qaranlıq abrına qısılıb-qalıb?!..

Məcazlar, fikrin obrazlı ifadəsi Qardaşxan yaradıcılığı üçün xarakterikdir. Qardaşxan hamının gördüyü, bildiyi, bələd olduğu, adi, aydın təbiət hadisəsini, indiki halda yağışın yağmasını elə mənalandırır, ona  elə “bər-bəzək” vurur ki, heyrətlənməyə bilmirsən:

Əvvəl dənə- dənə gecədən keçmiş,
sonra narın- narın səhərə yaxın,–
həyadan alışıb-yanan bir qıza
utancaq oğlanın guya bilmədən
toxuna bildiyi bir ehtiyatla
yağışlar başladı,
Payız başladı.

Qardaşxan hərdən 100-500 adamın iştirak etdiyi məclisdə də darıxar, sıxılar,  oturmağa, dinləməyə səbri, hövsələsi çatmaz, amma burnu fırtıqlı bir çocuqla, gözü nəmli bir körpə ilə, bir ağsaqqala, ağbirçəklə, bir xan çinarla, yarpaqları saralmış-solmuş, budaqları qırılmış bir şöyüdlə, xəzan vurmuş bir çiçəklə, güllə,çağlayan bulaqla saatlarla  baş-başa verər, dərdləşə bilər. Bu baxımdan o, özünü bu cümləsi ilə çox sərrast ifadə etmişdir: “... mənim ən güclü şeirim elə həyat tərzim olacaq...” 

Məhəbbət mövzusu əbədidir, lakin Azərbaycan ədəbiyyatında bu mövzuda yeni söz demək, oxucu qəlbinə yol tapmaq, onu heyrətləndirmək, düşündürmək çətin məsələdir və bu temada yazmaq istedadla yanaşı böyük cəsarət də  tələb edir. Qardaşxanın lirikası bəzən  könül açır, bəzən ürək dağlayır, qəlb sızıldadır:

Gəlsəm yəqin görərəm

Xumar gözü yaşlı qız

Xısın-xısın ağlayır.

Bir «Vağzalı”» zənciri

Qollarımı bağlayır.

Bəlkə elə görərəm

Yetib payız hədəsi.

Çatıb vaxtı, vədəsi,

Ayrılıb gəlin köçür

Pəncərəsi daşlı qız...

Qardaşxan ilə tanışlığımızın tarixi əslində onun yaradıcılığı ilə tanışlığımızın tarixi ilə üst-üstə düşür və həmin vaxtdan bizi 40 ildən çox vaxt ayırır. Azərbaycan Dövlət Univetsitetinə qəbul olunduğumuz 1975-ci ilin ilk günlərindən Qardaşxan Əzizxanlı da daxil olmaqla tələbə yoldaşlarımız  imkan düşdükcə öz şeirlərindən həvəslə oxuyur, söz aşiqləri ilə birgə şeirlərin mövzu, sənətkarlıq məsələlərinə dair  fikir mübadiləsi edirdik. Ötən illər tələbə yoldaşlarımızın poeziya sevgisinin ötəri, keçici olmadığını göstərdi, yazdılar, yaratdılar, sevildilər.Bəziləri ədəbi mühitdə, qələm əhli arasında sayılıb- seçildi.

Qardaşxan Əzizxanlının yaradıcılıq sahəsi poeziya ilə məhdudlaşmır. O, mahir publisist, peşəkar tərcüməçi və tədqiqatçı kimi bir çox sanballı işlərə imza atıb. O, rəğbətlə qarşılanan “Seçilmişlər və mən” adlı publisistik toplunun müəllifi olmaqla orijinaldan alman şairləri Y.V.Hötenin, H.Haynenin, H. Fallerslebeninşeirlərini, rus dilindən fransız filosofu və psixoloqu G.fon le Bonun “Kütlə psixologiyası”, Çin filosofu U-Tszinin “Qədim Çinin yeddi hərb qanunu”, Heydər Hüseynovun “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən”, detektiv yazıçı Ç.Abdullayevin “Müqəddəs olmaq istəyi” əsərlərini və türkcədən Türkiyə yazarıZ.Makasın “Mismarlı dolab” hekayəsini tərcümə edib, 100 cildlik “Fikir antologiyası” seriyasının baş redaktorudur.

Q. Əzizxanlının təfəkkür tərzində, yaradıcılığında konservatizm, yoxsa modernizm meyllərinin hakim olduğunu müəyyənləşdirmək həqiqətən çox çətindir, çünki o ehkamların, çərçivələrin, qəliblərin də qənimidir. Onun yaradıcılığının başlıca meyarı, göstəricisi, fərqi də məhz bundadır. Və sonda. Dilimizdə elə adlar var ki, məsələn, “Azərbaycan “  sözü kimi, onu səsləndirəndə  sevənlər  də,sevməyənlər də “can” deməyə məhkumdur. Q. Əzizxanlının da xəmiri əzəldən elə yoğrulub ki, onun poeziyasını təqdir edənlər də, tənqid edənlər də  dilinə mütləq “qardaş” kəlməsini gətirməlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı