Modern.az

Monqolustan möcüzələri - FOTOLAR

Monqolustan möcüzələri - FOTOLAR

Mədəni̇yyət

23 Avqust 2016, 09:39

Beynəlxalq Türk Akademiyası və Monqolustan Milli Elmlər Akademiyası Arxeologiya və Tarix institutlarının dəstəyi və dəvəti ilə Türk dünyasının dəyərli alimləri, tarixçiləri,arxeoloqları, ekspert və jurnalistlərind’n ibarət “Tyan Şandan Ötükenə qədər: Böyük Çöl xalqlarının tarixi və mədəni sərvətləri” adlı beynəlxalq ekspedisiya 20-27 avqust günlərində yola davam etməkdədir. Bu bir neçə gün ərzində Türk dünyası sevdalıları çox nadir bir ekspedisiyada qədim türk tarixi ilə üz-üzədirlər.

6-7 əsrlərdən başlayaraq təbiətin, tarixin, qədim daşların qədrini bilən, onları dəyərləndirən monqol xalqı həmin abidələri bu günümüzə qədər gətirib bizim üçün çıxarıb ki, tariximizdən xəbərimiz olsun. O daş kitabələri oxumaq nəsibimiz oldu. O tarixə toxunmaq xoşbəxtliyini yaşadıq. Tan dövlətinin siyasi xadimi, qədim çinlilərlə Türk dünyası arasında İpək yolunun əsasını qoymuş öz dövrünün və bütün dövrlərin ən güclü diplomatı Tonyukukun iki daş kitabəsini öz gözlərimizlə görmək üçün paytaxt Ulan-Bator şəhərindən 55 km məsafədə yerləşən kompleksə getdik. Türkiyədən olan alimlər Xədicə Şirin, Qazaxıstandan Amantay ağa, Tuvadan Dəmir Tuluş, Monqolustandan Napil Bazılxan bir daha həmin kitabəni oxudular. Tonyukuk 628-ci ildə yeni Türk dövlətini qurmuş İlteriş xaqanın da vəziri idi. Onun köməkliyi ilə Türk xaqanlığı yaranmışdı.Görün bir nə yazıb bizim üçün:

“Mən gecələri yatmadım,
Gündüzləri dayanmadım, rahatlıq axtarmadım,
Al qanımı səxavətlə axıtdım,
Xidmət edib, qara tərimi səxavətlə tökdüm.
Sərhədləri qorudum, Arkuy dənizinə (Qara dəniz) qədər bərkitdim,
Düşmənə qalib gəldim - kimsə yox, mən...
Göylər Sizə xan verdi,
Siz onu saxlamadınız, özünüzü qorumadınız.
Qul olmağı seçdiniz, məhv oldunuz.
Ulu türklərin hamısı yox oldular: indi
Onların içində ər tapmazsınız, tayfa tapmazsınız”.


... Yazılanları dinlədikcə hər kəsin üzündə bir ifadə göründü: Tonyukukun 7-ci əsrdə söylədikləri elə bu gün başımıza gəlmişdir. Göylərin himayə etdiyi Türk xaqanları bu günümüzü gördüyündən bizə məktublarını daş kitabələrdə yazıblar.


Ekspedisiyada iştirak edənlər üçün ən yaddaqalan məqamlardan biri də 200 il dünyanı lərzəyə gətirən, keçdiyi yerlərdə atının addım səsləri ilə vahimə yaradan, dövlət quran Çingiz xanın möhtəşəm muzeyi oldu. Muzey Ulan-Bator şəhərinin 50 kilometrliyində Çon Jin Bolonqe bölgəsində yerləşir. 2008-ci ildə tikilən muzeyin üst mərtəbəsində əzəmətli Çingiz xanın at üzərində möhtəşəm heykəli ucalır. Hündürlüyü 40 metr olan bu heykəlin yaranmasına 250 ton paslanmayan metal işlənib. UNESCO-nun himayədarlığı və 6 iştirakçı dövlətin dəstəyi ilə ərsəyə gələn abidəyə 4 milyon dollardan artıq pul xərclənib. Ən böyük heykəl kimi “Ginnesin rekordlar kitabı”na düşüb. Muzeyin içərisindəki dünyanın ən böyük monqol çəkməsi də hər kəsi heyran edir. Bu çəkmənin hazır olunmasına 400-ə qədər inək dərisi işlənib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralının təəbbüsü ilə həyata keçirilən ekspedisiyadan hələ maraqlı söhbətərim olacaq.


Aida Eyvazlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı