Modern.az

Milli final öncəsi qalibin müəyyənləşdirildiyi barədə xəbərlər yayılıb

Milli final öncəsi qalibin müəyyənləşdirildiyi barədə xəbərlər yayılıb

7 Fevral 2011, 18:22

Azərbaycanı “Eurovision-2011” beynəlxalq mahnı yarışmasında təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üçün milli final konserti fevralın 11-də keçiriləcək. Akademik Milli Dram Teatrında təşkil olunacaq final mərhələsində 5 ifaçı  - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq. Finalçıların ifasından sonra münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən olunacaq. 
Modern.az-ın məlumatına görə, finalöncəsi ictimaiyyət arasında belə xəbərlər yayılıb ki, iki iştirakçıdan biri - Eldar Qasımov və ya  Nigar Camal qalib élan olunacaq. Yayılan məlumata görə, daha çox N.Camalın bu müsabiqəyə göndərilməsi üzərində düşünülür. Təşkilatçılar isə bu iddiaları əsassız hesab edirlər.

Müşahidəçilər deyirlər ki, milli seçim turu boyunca adıçəkilən iştirakçılar, xüsusilə də N.Camalın çıxışı tamaşaçılar tərəfindən o qədər də rəğbətlə qarşılanmayıb. Hətta çıxışlarının birində onun səsi çatmadığından oxuduğu mahnını yarımçıq kəsdiyi deyilir. O da bildirilir ki, N.Camalın müsabiqədən kənarlaşdırılmamasının və “beşlik”ə daxil edilməsinin səbəbi ona gənclər və idman naziri Azad Rəhimovun dəstək verməsidir.  

Bəs tanınmış sənət adamları nə düşünürlər?

Xalq artisti Mübariz Tağıyevin Modern.az-a verdiyi açıqlamaya görə, Eldar Qasımov və Nigar Camal müsabiqədə təcrübəsiz iştirakçılardır: «Eldar hələ uşaqdır və böyük səhnələr üçün yetişməyib. Digər tərəfdən onun təcrübəsi də yoxdur axı. Onu “Eurovision”a göndərməklə uğursuzluğa imza atmış olarıq. O beynəlxalq yarışma üçün uyğun namizəd deyil. Nigar Camal da həmçinin. Bu uşaqlar hələ üzərlərində işləməli, böyük səhnələrə hazırlaşmalıdırlar».

Bəstəkar Gövhər Həsənzadə də hesab edir ki, «Eurovision» kimi nüfuzlu bir yarışmaya seçim edərkən yalnışlığa yol vermək olmaz: «İştirakçılar arasında ən layiqlisini seçib göndərmək lazımdır ki, Azərbaycanın adını yüksəklərə qaldıra bilsin. Bu yarışmaya, böyük səhnələrə hazır olan, necə deyərlər səhnənin tozunu udan, sənətdə duruş gətirə bilən təcrübəli müğənni göndərilməlidir».

İngiltərədə böyüyüb-başa çatan N.Camalın səsi ilə yanaşı, özü ilə də bağlı mübahisəli fikirlər söylənilir. Hətta N.Camalın «Facebook» sosial şəbəkəsində Azərbaycanla bağlı xoşagəlməz ifadələr işlətdiyi deyilir. Məlumatlara görə, ötən ilin may ayının 21-də bu sosial şəbəkədə N.Camal tərəfdən «Azərbaycana nifrət edirəm» sözləri işlədilib.
Amma Nigar Camal həmin şəxsin özü olmadığını bildirib. «Eurovision» milli seçim turlarının izləyiciləri internet forumlarında bu mövzunu müzakirə etməkdədirlər. Bu müzakirlərdə qeyd olunur ki, vətənpərvərlik hissindən uzaq bir şəxsin beynəlxalq yarışmada Azərbaycanı təmsil etmək şansı heç də uğurla nəticələnməyə bilər.


Sədaqət Süleymanova

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü