Modern.az

Əli Həsənov: “İlham Əliyev Sarkisyanı elə şoka saldı ki, o, cavab verə bilmədi”

Əli Həsənov: “İlham Əliyev Sarkisyanı elə şoka saldı ki, o, cavab verə bilmədi”

Aktual

22 Sentyabr 2016, 12:14

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov sentyabrın 21-də ölkəmizdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib.
 
Modern.az xəbər verir ki, Baş nazirin müavini Əli Həsənov İsmayıl Alper Coşkunun ölkəmizdəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirmiş, ölkələrimiz arasındakı əməkdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə etmiş və diplomata gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 

 

 Azərbaycan ilə Türkiyənin dünya miqyasında ən sıx əlaqələri olan ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Baş nazirin müavini səfir İsmayıl Alper Coşkunun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxlu sayda tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb.

 

 

Əsasən ölkəmizdəki qaçqın və məcburi köçkünlərin ümumi vəziyyəti və gələcək əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılan görüşdə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinin əsasında qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. 

Əli Həsənov qeyd edib ki, tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir. 


Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Əli Həsənov bu sahədə də qardaş Türkiyənin dəstəyini yüksək qiymətləndirərək öz havadarlarına arxalanan Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyindən təəssüfləndiyini bildirmiş, bu münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu bir daha vurğulamışdır.  O, qeyd etmişdir ki, Ermənistanın təcavüzkar və qeyri konstruktiv siyasəti bu münaqişənin həllinə mane olur. Azərbaycan prezidenti dünya ölkələrinin rəhbərlərinin də iştirak etdiyi ən mühüm tədbirlərdə belə Ermənistan Prezidentinin layiqli cavabını verir və onun işğalçılıq siyasətini açıb bütün dünyaya göstərir.
"Misal üçün, MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında Prezident İlham Əliyevin Serj Sarkisyana tutarlı cavabı onu şoka elə saldı ki, o, hətta cavab verə bilmədi".

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar barədə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Onlar üçün 94 müasir qəsəbə salınıb və indiyədək həmin qəsəbələrə 243 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir. “Bu gün qaçqın və məcburi köçkünlər üçün bütün lazımi şəraitlər yaradılsa da onların yeganə arzusu öz doğma yurd-yuvalarına qayıtmaqdır. Biz əminik ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar”, - deyə Əli Həsənov vurğulayıb.

 

 

Səfir İsmayıl Alper Coşkun səmimi qəbula və hərtərəfli məlumata görə minnədarlığını ifadə edərək Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulamış, Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etmiş və bu baxımdan qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin böyük önəm daşıdığını vurğulamışdır.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır