Modern.az

Prokuror Cahangir Hacıyevə 17 il həbs cəzası istədi

Prokuror Cahangir Hacıyevə 17 il həbs cəzası istədi

27 Sentyabr 2016, 12:55

Bu gün, sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qeyd edək ki, Cahangir Hacıyevlə bərabər təqsirləndirlən şəxslər Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadovdur.

Modern.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı qismində çıxış edən Fərid Nağlyev təqsirləndirilən şəxslərə həbs cəzası istəyib.

Belə ki, Cahangir Hacıyevin 17 il, Mərkəzi filialın sabiq direktorları Yusif Ələkbərovun 11 il və Anar Sultanovun 8 il, Mərkəzi filialın sabiq müdiri İlqar Abdullayevin 8 il, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynovun 11 il, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucovun 8 il, bankın Nərimanov filialının sabiq direktoru Məmməd Cahangirovun 8 il və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proqkuror təqsirləndirilən şəxslərin hər birinə 3 il rəhbər vəzifə tutmağın qadağan edilməsi və banka dəyən 211 milyon manatın ödənilməsini də istəyib.

Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.


Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir