Modern.az

Azərbaycanda banan bahalaşıb

Azərbaycanda banan bahalaşıb

Aktual

28 Sentyabr 2016, 09:53

Dolların manat qarşısında möhkəmlənməsindən sonra xüsusilə idxal məhsullarında müşahidə olunan bahalaşma hər gün bir az da artır. Hələ devalvasiyadan əvvəl 1 manat 80 qəpiyə aldığımız bananın 1 kiloqramının qiyməti dünən paytaxt bazarlarında 3 manat, 3 manat 20 qəpiyə təklif edilib.

Satıcılar yaxın günlərdə qiymətlərin daha da artacağını bildiriblər. Səbəbini isə bananın xaricdən dollarla alınması ilə izah ediblər.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a bildirib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə bananın qiymətinin bahalaşması ilə bağlı məlumat daxil olmayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl ölkəyə idxal edilən banan meyvəsində “qan xəstəliyi” bakteriyası aşkarlanmışdı. Bundan sonra əhali arasında banana müraciət edənlərin sayında ciddi azalma müşahidə edilirdi. Həmin vaxtda bananın qiyməti təxminən 2 manat, 2 manat 20 qəpiyə olub.

 

Respublika Bitkilərin Karantin Ekspertiza Mərkəzində banan nümunələrinin müvafiq ekspertizaları nəticəsində meyvənin daxilində müşahidə edilən qana bənzər ləkələrin bakterial mənşəli olduğu, “bananın qan xəstəliyi” bakteriyası (Pseudomonas celebensis Gaumann, 1929) tərəfindən törədildiyi, lakin bitki mənşəli bu xəstəliklə bağlı çoxsaylı xarici elmi ədəbiyyatlar təhlil edilməsi nəticəsində xəstəliyin insana və digər bitkilərə keçmədiyi, insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilmişdi.

Qeyd edək ki, təkcə 2016-cı ilin yanvar ayı ərzində Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib və keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 10517 kq meyvə-tərəvəz məhsulu dövriyyədən çıxarılaraq məhv edilib. Məhv edilmiş meyvələrin 101,5 kiloqramını banan olub.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır