Modern.az

Avropa Xalq Partiyasının nümayəndələri köçkünlərlə görüşüblər

Avropa Xalq Partiyasının nümayəndələri köçkünlərlə görüşüblər

Aktual

28 Sentyabr 2016, 11:43

Azərbaycanda keçirilən ümumxalq səsverməsində Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında müşahidəçi qismində iştirak edən Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti, Genişlənmə komitəsinin sədri, Avropa Xalq Partiyasının keçmiş sədr müavini David Marionun başçılıq etdiyi Avropa Parlamentinin, Avropa ölkələrinin deputatlarının və bir sıra beynəlxalq təşkilatların əməkdaşlarının da daxil olduğu geniş tərkibli nümayəndə heyəti sentyabrın 25-də Binəqədi rayonundakı 2 saylı Evtikmə Kombinatının ərazisində məcburi köçkünlər üçün salınmış hündürmərtəbəli yaşayış binaları kompleksindən ibarət məhəllədə məskunlaşan soydaşlarımızla görüşüb.


“Dövlətqaçqınkom” sədrinin müavini Fuad Hüseynov ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən ümumxalq səsverməsi günü ərəfəsində vaxt tapıb ölkəmizdəki məcburi köçkünlərin real vəziyyəti ilə tanış olmaq məqsədi ilə böyük nümayəndə heyəti ilə görüşə gəldiklərinə görə qonaqlara minnətdarlığını ifadə edərək onların bu addımını yaxın tərəfdaşlıq əlaqələrinin nümunəsi kimi dəyərləndirib.


Nümayəndə heyətinin rəhbəri David Marionun hələ dörd il bundan əvvəl ölkəmizə səfərini, məcburi köçkünlərlə görüşlərini, münaqişə, onun səbəbləri və tarixi kökləri barədə məlumatlı olduqlarını nəzərə alan F.Hüseynov qonaqlara istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, istərsə də bu münaqişə nəticəsində ev-eşiklərindən didərgin salınmış soydaşlarımızın problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərlə bağlı əsasən son durum haqqında ətraflı məlumat verib.


Qonaqlar məhəllədə məskunlaşan məcburi köçkünlərin mənzilinə baş çəkib, onların yaşayış və həyat tərzi ilə də yerində maraqlanıblar.


Sonda qonaqlar Avropa Xalq Partiyasının nümayəndələri olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqeyini dəstəklədiklərini bildiriblər.

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır