Modern.az

“Terror təşkilatları Şimali Qafqaza gəlmək istəyirlər”

“Terror təşkilatları Şimali Qafqaza gəlmək istəyirlər”

Aktual

28 Sentyabr 2016, 16:46

“MDB üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası yarandığı dövrdən onun iclaslarında baxılan məsələlərin siyahısı kifayət qədər genişlənib”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri şuranın sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Şuranın Bakıda keçirilən iclasında deyib.

 

FTX-nin baş direktoru deyib ki, son dövrlər əsas diqqət terrorçuluq və ekstremizmə qarşı mübarizədə ümumi yanaşma, terrorçuluq sahəsindəki cinayətlərdə iştirakı olan şəxslərin müəyyənləşdirilməsi, axtarışı və saxlanması sahəsində birgə tədbirlərin planlaşdırılması və reallaşdırılması, informasiya sahəsinin qorunmasına yönəlib:

 

“Bu məsələlər son zamanlar xüsusilə aktualdır. Belə ki, hazırki geosiyasi vəziyyət təəssüf ki, mənfi ssenari üzrə inkişaf edir. MDB ölkələrinin birbaşa sərhədində yerləşən Əfqanıstan və Yaxın Şərq regionunda vəziyyət bizdə xüsusi narahatlıq yaradır.

 

İŞİD, "Əl-Nusra Cəbhəsi" kimi terror təşkilatlarının genişlənməsi bu günün reallığıdır. MDB-yə üzv  və digər ölkələr üçün ən böyük təhdid mühacir terrorçuların çıxdıqları ölkələrə geri qayıtması və bu ölkələrdə aktivləşməsidir. Son vaxtlar biz Yaxın Şərq ölkələrini zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqaz regionunda genişləndirmək istəmələri barədə sənədlər əldə etmişik. Bizim ölkələrdən kənarda fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarının funksionerləri öz terror şəbəkələrini uzaqdan idarə edirlər.

 

Bunun üçün onlar bir çox vasitələrdən, o cümlədən agentlərdən, peyk əlaqə vasitələrindən, internetin imkanlarından yararlanırlar. Ona görə də hesab edirəm ki, bizim əməkdaşlığımızın effektivliyini və nəticəsini artırmaq üçün daha sıx və çoxsəviyyəli qarşılıqlı fəaliyyət həyata keçirmək, operativ fəaliyyət göstərmək, daimi informasiya mübadiləsi sahəsində yeni imkanlar axtarmaq lazımdır”. 

 

 

Ağa AKİFOĞLU

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır