Modern.az

Dilçilik elmimizin əfsanəsi – Buludxan Xəlilov

Dilçilik elmimizin əfsanəsi – Buludxan Xəlilov

Ədəbi̇yyat

19 Oktyabr 2016, 12:03

Mötəbər elmi məclislərdə ciddi söz sahibi olan filologiya elmləri doktoru, professor Buludxan Xəlilov gənc yaşlarından elmi, təfəkkürü, yazdığı qiymətli əsərləri ilə elmi ictimaiyyətdə tanınmış, böyük nüfuz qazanmışdır.

 

O, Müstəqil Azərbaycanımızın dilçilik, ədəbiyyatşünaslıq sahəsinin tanınmış simalarından biri kimi öz dəstixətti, öz yaradıcılıq yolu ilə qənimət alimlərimizin birincilər sırasındadır.

 Bəli, saysız-hesabsız elmi əsərlərin, o əsərlərdə ortaya qoyduğu elmi yeniliklərin, müasir dilçilik elminin aktual problemlərinin müəllifi, dərs dediyi tələbələrinin əziz və sevimli müəllimi kimi, uyğun elm sahəsinin mütəxəssisləri arasında sözünün-elminin sanbalı ilə sayılan-seçilən alimlərimizdən olan Buludxan müəllimin yaşı ilə gördüyü işlər arasında fərq çox böyükdür. Müdrik ağsaqqal təsiri  bağışlayan bu cavan alim tarixiliklə müasirlik arasında öz qalasını qurmuşdu, ətrafa gur işıq saçan mayak kimi.

 1926-cı ildə keçirilən məşhur I Türkoloji qurultayda qarşıya qoyulan əsas məsələ türk xalqlarının dilçilik problemi idi. Az sonra o konfransa qatılan mütəxəssislərin 100-dən 90 faizi qətliam edildi. Türkçülük təfəkkürlərinə və milli ideoloji düşüncələrinə görə repressiya olunaraq qaranlıqlara gömüldülər. 1999-cu ildə professor Buludxan Xəlilov “Birinci Beynəlxalq Türkoloji qurultay” adlı 186 səhifəlik bir əsər yazıb ustad bildiyi türkoloq – dilçilərin xatirəsinə ithaf etdi. Dilçilik elminin keçdiyi ağır və acınacaqlı günlərinə işıq saldı, araşdırdı, haqqı tapdanan, ömürləri doğranmış, əsərləri yandırılmış, talan olmuş ustadlarının ruhunu sevindirdi, onları yad etdi. Elə bu axtarışlarının davamı olaraq yenidən o illərə qayıtdı: “Türkologiyanın  intibah dövrü (XIX əsrin sonu XX əsrin 30-cu illəri)” adlı yeni bir əsər ortaya qoydu.

Haqqında indiyədək neçə-neçə  tədqiqatlar yazılmış Xalid Səid Xocayev, Bəkir Çobanzadə kimi məşhur simaların ömürlüklərini, elmi yaradıcılıq xidmətlərinin mahiyyət və məziyyətlərini yenidən tədqiq etdi və açılmamış qatlarını üzə çıxardı. Bunlar öz işinə dərin sevgiylə bağlanmış alimin ustadlara sayğısı, milli düşüncəyə ehtiramı, zəhməti, alın təridir.

 Akademik Afad Qurbanov məqalələrinin birində yazır ki, “Bəkir Çobanzadənin araşdırmaları, kitabları tələbələrinin stollarının üstündə, dərs proqramlarında görünməsə də, bizim ondan əxz etdiklərimiz vasitəsilə yeni nəslin qəlbinə enmiş, orada isti  bir məhəbbət yuvası qurmuşdur”.  Buludxan Xəlilov Afad Qurbanovun dediyi həmin tələbələrindən biridir.

 “Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfepiya. Dərslik”, “Müasir Azərbaycan dilinin morfologiyası: 2 hissədə. Dərslik”, “Müasir Azərbaycan dilinin leksikologiyası: leksikologiya, söz yaradıcılığı. Dərslik”, “Divani lüğət-it-türk” əsərində etnonimlər”, “224 qədim türk sözü”, “Dil, ədəbiyyat və mədəniyyət” … adlı dərs kitabları məhz müasir dövrün elmi zərurətləri kontekstində yazılıb, ali məktəblərdə tədris edilir. Dilçilik elminin onomastika, etimologiya, dialektologiya bölməsinin çətin və aktual problemlərinin həlli istiqamətində Buludxan Xəlilovun gördüyü işləri yeni dövr dilçilik tarixinin ilkinlərindən saymaq olar.

 XX əsrin başlanğıcında dünyanın tanınmış türkoloq alimlərinin qarşıya qoyduqları problemə cavab tam 90 ildən sonra istedadlı alim və görkəmli bir pedaqoqun qələminin mürəkkəbi, qəlbinin diqtəsi ilə yazıldı.

 Əslində adlarını qeyd  etdiyimiz kitabları yazdığı illərdə məşhur alim dilçilik elmi xəzinəsinin daha alt qatlarına enərək, müasirliklə tarixiliyin vəhdətində yeni çalarlar, yeni naxışlar kəşf etdi.

Kitabları ilə yanaşı “Mirzə İbrahimovun yaradıcılığında dil və ədəbiyyat dərslərinə münasibət”, “Mirzə İbrahimovun dilçilik görüşləri”, “Səməd Vurğunun yaradıcılığında dil məslələri”, “Doğma dil milli ruhun daşıyıcısı”, “Türkün genetik yaddaşı və yaratdığı hikmət xəzinələri” və digər bu kimi məqalələrində həm dilçi, həm də ədəbiyyatşünas kimi mütəxəssis sözünü deyə bilib. Bəli, Buludxan Xəlilov həm də tanınmış ədəbiyyatşünasdır. Nəşr etdirdiyi hər əsərində milli düşüncə, milli təəssübkeşlik üst qatda dayanır.  Bu onun vətəndaşlıq mövqeyi, alim vicdanıdır.

 Bir zamanlar tələbə kimi sevinclə daxil olduğu Azərbaycan Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə illərdir ki, özü rəhbərlik edir, səmərəli elmi-təşkilati işlərin formalaşmasında misilsiz xidmətləri hər kəsə məlumdur.

 Professor kimi auditoriyalara daxil olur, ustadlarından öyrənib əxz etdiklərini, həmçinin özünün yazdığı dərsliklərdən tələbələrinə mühazirələr deyir. Müəllimin həyatda ən böyük qazancı tələbə sevgisini qazanmaqdır. Buludxan müəllim bu sevgini qazana bilib. Bunu dərs dediyi tələbələrinin hamısı məhəbbətlə dilə gətirir.

Bizim nəsil,  70-80-ci illərin məktəbliləri, tələbələri “Azərbaycan dili” elmini M.Şirəliyev, Ə.Dəmirçizadə, M.Hüseynzadə, Ə.Abdullayev kimi görkəmli dilçilərin kitablarından öyrənirdi. Dlçilik elmində onların dayandığı zirvəni ağlımıza belə gətirə bilmirdik. Kənd məktəbi şagirdləri idik. Bakıya oxumağa gələndə, yəni tələbə olanda ilk olaraq gözümüz dərsliklərimizin üzərində adlarını bildiyimiz alimləri arayar, onları yaxından görmək, tanımaq  istəyinin necə gözəl bir duyğu olduğunu yəqin ki, elə həmin dövrün insanları daha gözəl bilərlər.

Budur, Müstəqil Azərbaycan Dövləti quruldu. Yeni dövrün tələblərinə uyğun dərsliklərə hava-su kimi ehtiyac elə ilk zamanlardan hiss edildi. Uşaqlıq və gənclik illərində qibtə ilə seyr etdiyimiz həmin zirvəni indi – müasir günümüzün elmi zirvəsini professor Buludxan Xəlilov kimi alimlərimiz fəth edib. Bu  qürur hissi doğuracaq yaşantıdır.

Professor Buludxan Xəlilovun dilçilik elminə aid müdrik kəlamları əslində dilin inkişafı yönündə mükəmməl tezislər –ustad məktəb proqramıdır: “Dil bir qəsr deyil, abidə deyil ki, onu qoruyasan. Dilin keşiyində dayanmaq, qorumaq üçün düzgün danışmaq lazımdır”, “Şifahi dildə danışan insanlar şifahi dilin qayda-qanunlarını, yazılı dildə isə yazılı dilin qaydalarını qorumalıdır”, “Dil qədər özünü qoruyan varlıq yoxdur, o özü-özünü qoruyur. Dil elə təbii ictimai varlıqdır ki, özünə ziyan gətirənləri çirkab kimi kənara atır”,  “Dünyada saf dil yoxdur, elə dil tapılmaz ki, lüğət tərkibi saf sözlərdən ibarət olsun”, “Dil təcrid olunmuş yaşaya bilməz, onda quru ağaca bənzəyər və heç kəsə fayda verməz”, “Azərbaycan dili zənginləşən bir dildir, dilə yeni sözlər gəlməlidir”, “Dilin lüğət tərkibinə gələn sözlər vətəndaşlıq qazanırsa, artıq dilin lüğət tərkibinin malına çevrilir”, “Dil özü seçim aparır, o təbii şəkildə inkişaf etməlidir”, “Dilin inkişafı inzibatçılıqla həll oluna bilməz, ona görə ki dil praktik bir xidmət dairəsindədir”, “20-ci əsrdə şairlərin yaradıcılığında kifayət qədər türk sözləri vardı, dildə təmizlənmə prosesi getdi, lüğət imkanı bizə sözləri dəyişməyə imkan verdi”, “Hər sözün bir məna yükü var, Azərbaycan dilinin xoşbəxtliyi ondadır ki, zəngin inkişaf mərhələsi keçib”, “Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur”. Bu proqram ifadələri – kəlamları istənilən xalq öz dilinin inkişafı, tərəqqqisi üçün istifadə və tədris edə bilər, müdriklik elə budur.

Ötən illərin bir hadisəsini xatırladım: Rəhmətlik akademik Afad Qurbanov “Xalq qəzeti”  redaksiyasında yeni nəşr olunacaq  kitabı üzərində son texniki işləmləri üzərində İbrahim Öməroğlu (nur içində yatasan, İbrahim) ilə birgə çalışırdı. Afad  müəllimə bizim dövrün tələbələrinin görkəmli alim kimi ona olan məhəbbətini dedim. “Hə, qızım, indi sizin bildiyiniz alimlərdən də böyük alimlər yetişib. Bizim zamanımızda ustadlarımızın adını çəkmək yasaq idi. Onlardan öyrənib-oxuduqlarımızı, əsərlərimizdə istifadə etdiyimizi nə dilə gətirə, nə də qələmə ala bilirdik. Çünki onlar repressiya qurbanları idilər.  Narahatçılıqlarımızı illərlə ağır yük kimi içimizdə daşıyırdıq”. Sonra, o sıradan böyük dilçi alim Bəkir Çobanzadədən bəhs etdi. “Amma bu gün fəxrlə elə o ustadlarımızın  ucaldıqları zirvəni Buludxan kimi alimlərimiz yeni-yeni əsərləri, daha mükəmməl, daha təkmilləşmiş şəkildə fəth edib”.

Bu söhbətdən cəmi bir neçə gün sonra elə həmin otaqda Afad müəllimdən, elmi məclislərdə adını eşitdiyim, mətbuat səhifələrindən  sorağını aldığım  məşhur alimi gördüm. İbrahim Öməroğlu böyük sayğı ilə bizi tanış etmək məqsədi ilə “yəqin ki, Buludxan müəllimi tanıyırsınız? – dedi.

Əlbəttə, Buludxan müəllimi tanıyıram. Bu tanışlığa da, çox şad olduğumu bildirdim.

 Buludxan müəllimin gözəl şeirlər müəllifi olan şair qardaşı Zahid Xəlillə bir neçə il iş yoldaşı olmuşdum. Zahid müəllim kollektivdə ədəb-ərkanlı, səmimi, ailə ənənələrinə sayğı ilə yanaşan, hörmətli bir şəxs kimi hamının rəğbətini qazanmış, elmli-bilikli, bacarıqlı təşkilatçı şöbə müdiri idi. Bu səbəbdən ürəklə deyə bilərəm ki,  Buludxan müəllim – hörmətli professor Buludxan Xəlilov öz dərin kökləri üzərində ucalmış ağacdır. Kölgəniz elmimizdən əskik olmasın, ustad.

 Ədəbiyyatşünas alim kimi Buludxan Xəlilovun qələmə aldığı onlarla əsərini diqqətə yetirə bilərik.  Bu misaldan klassik irsimizi dərin məhəbbətlə araya-ərsəyə gətirdiyi “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi” monoqrafiyasını xüsusilə qeyd etmək istərdim.

Professor Buludxan Xəlilovun elm yolundakı bütün fədakarlıqları onun yüksək vətəndaş mövqeyinin ifadəsidir.

Buludxan müəllim cavandır, amma müdrikdir, fitri istedad sahibidir – müasir Azərbaycan dilçilik elmində öz baxışı, öz elmi düşüncəsi olan fərqli, tamamilə işığa, nura bələnmiş yolu vardır. İşığın xalqın, millətin, Müstəqil Azərbaycanın elm məbədində əbədi məşəl olsun, hörmətli professor!

 

Almaz Ülvi (Binnətova)
filologiya elmləri doktoru
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun “Azərbaycan-Türkmənistan-
Özbəkistan  ədəbi  əlaqələri” şöbəsinin müdiri

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı