Modern.az

“Vətən vətəndaşı ilə ucalır!” - yeniyetmə və gənclərə çağırış ünvanlandı

“Vətən vətəndaşı ilə ucalır!” - yeniyetmə və gənclərə çağırış ünvanlandı

15 Noyabr 2016, 13:13

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi noyabrın 15-də Biləsuvar rayununda yerləşən 2 saylı Cəbrayıl qəsəbəsində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə növbəti tədbir keçirib.
“Gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində baş tutan görüşdə 2 saylı Cəbrayıl qəsəbəsindəki Minbaşılı kənd orta məktəbinin şagird və müəllimləri, İcra Hakimiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər.

Tədbir köçkün qəsəbəsində yaşayan yeniyetmələr arasında vətənpərvərlik və Azərbaycançılıq ideologiyası ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmağa yönəlmişdi.

Layihənin rəhbəri Əfqan Qafarov cəmiyyət arasında, təlim-tərbiyə, təhsil müəssisələrində, hərbi vətənpərvərlik tərbiyəsinin təbliğ olunmasının vacibliyindən, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlərin aparılmasının əhəmiyyətindən danışıb.
“Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olmalısan. Biz təbliğatımızı elə qurmalıyıq ki,  yeniyetmə və gənclərdə vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhu, düşmə­nə isə ni­frət hissləri güclənsin, möhkəmlənsin.
Biz ailədə dili yenicə söz tutmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün öldüyünü, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın ana qədər doğma sayıldığını anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları heç vaxt yaddan çıxara bilməsinlər”, - deyə layihənin rəhbəri vurğulayıb.

Layihənin eksperti Seymur Verdizadə təəssüflə qeyd edib ki, Azərbaycan cəmiyyətində, ailələrdə hərbi-vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə olmadığından, ciddi narahatlığa əsas var.
“Sabahımız olan uşaqların, yeniyetmə və gənclərin əksəriyyəti Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu belə bilmir, o ki qaldı onlardan işğal tarixlərini soruşasan. Çoxları neçə Milli Qəhrəmanımızın olduğunu, onlardan heç olmasa 3-4 nəfərin adını bilmir. Əgər məktəbdə, universitetlərdə, küçədə sorğu keçirilsə, yəqin ki əksəriyyət neçə Milli Qəhrəmanın şəhid, neçəsinin isə sağ olduğunu söyləməkdə çətinlik çəkəcək. 
Halbuki, körpədən tutmuş yeniyetməyə, gəncə, qocaya qədər hamımız Vətən, millət, torpaq uğrunda savaş meydanına atılanları, şəhidləri tanımağa borcluyuq. O cümlədən də Milli Qəhrəmanları...”.

Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəridə İbayeva, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, orta məktəbin əlaçı şagirdi Rauf Ələkbərov cəmiyyətin vətənpərvərlik hissinin formalaşdırılmasında ailə və məktəbin, mətbuatın üzərinə böyük məsuliyyət və iş düşdüyünü vurğulayıblar.

Tədbirin sonunda yeniyetmələrə “Vətən vətəndaşı ilə tanınır!” çağırışı ünvanlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir