Modern.az

Obama məxfi sənədləri Wikileaks-a ötürənin cəzasını yüngülləşdirdi

Obama məxfi sənədləri Wikileaks-a ötürənin cəzasını yüngülləşdirdi

Dünya

18 Yanvar 2017, 11:25

ABŞ prezidenti Barak Obama 2010-ci ildə məxfi sənədlərin Wikileaks-a sızdırılmasına görə 35 il müddətinə həbs edilmiş Chelsea Manning-in cəzasını yüngülləşdirib.

 

Modern.az "BBC Azərbaycanca"ya istinadən xəbər verir ki, 29 yaşlı transgender Chelsea Manning (doğulduğu zaman Bradley Manning) 2045-ci il əvəzinə bu ilin mayında azad ediləcək.

 

O, 2013-cü ildə diplomatik sənədləri sızdırdığına görə 35 il müddətinə azadlıqdan məhrum edilib. Bu Amerika tarixində məxfi informasiyanın sızdırılmasının ən miqyaslı halı olub.

 

Ağ Ev son günlərdə Manning-in cəzasının yüngülləşdirilməsi ilə bağlı məsələyə baxmağı təklif edib.

 

Kanzasda kişi hərbi həbsxanasında saxlanılan Manning ötən il 2 dəfə intihara cəhd edib.

 

O, həmçinin ötən il aclıq aksiyasına da başlayıb və bunun nəticəsi olaraq hərbiyyədən gender disforiyası müalicəsi ilə təmin edilmək üçün razılıq alıb.

Barak Obamanın 209 şəxsin cəzasını yüngülləşdirməsi və 64 nəfəri əfv etməsi onun prezident olaraq son qərarlarındandır. Obama 1385 cəzanı yüngülləşdirib və 212 nəfəri əfv edib. Bu rəqəm son 12 prezidentin etdiyindən daha çoxdur.

 

Reaksiya nə oldu?

 

Manning-in vəkili David Coombs BBC-ə deyib ki, cəzanın yüngülləşdirilməsi müvəkkili üçün böyük rahatlama olacaq.

 

Amma Respublikaçı senator John McCain prezidentin qərarını "ağır səhv" adlandırıb və bildirib ki, bu "gələcəkdə daha çox casusluq təşəbbüslərini təşviq edəcək".

 

Respublikaçı Nümayəndələr Palatasının Spikeri Paul Ryan da qərarla razılaşmayıb. Onun sözlərinə görə, Manning "amerikalıların həyatını risk altında qoyub".

 

ABŞ hərbiyyəsi Manning-i 700 mindən çox gizli diplomatik, hərbi sənədlərin və video görüntülərin icazəsiz saxlanılması və paylanması ilə bağlı 22 maddə üzrə ittiham edib.

 

Bura 2007-ci ildə Bağdadda Apache vertolyotunun 12 mülki şəxsin öldürməsini göstərən video görüntü də aiddir.

Manning, həmçinin, Guantanamo məhbuslarının məhkəmə qərarı və İraq və Əfqanıstan müharibələrindən hərbi qeydlər olmadan saxlanılması ilə bağlı ABŞ diplomatları arasındakı həssas mesajları da sızdırıb.

Məhkəmədə, Manning "ABŞ-ı ağrıtdığı üçün" üzr istəyib və bildirib ki, "o səhvən dünyanı yaxşıya doğru dəyişə biləcəyini düşünüb".

 

Assange və Snowden üçün nə gözlənilir?

 

Wikileaks təsisçisi Julian Assange daha əvvəl bildirib ki, Barack Obama Manning-i əfv edəcəyi təqdirdə o, ABŞ-a ekstradisiya olmağa razılıq verəcək.

Ağ Ev isə qeyd edib ki, cənab Assange-in ekstradisiya təklifinin Manning-in cəzasının yüngülləşdirilməsinə hər hansı bir təsiri olmayıb.

2012-ci ildən Londonda Ekvador səfirliyində sığınacaq almış cənab Assange təslim olmaq barədə heç bir şərh verməyib.

 

Gizli informasiyanın sızdırılmasında iştirak etmiş Amerika kəşfiyyatının qaçaq düşmüş keçmiş casusu Edward Snowden-in bir milyondan çox tərəfdarı onun əfv edilməsi üçün prezident Barak Obama-ya müraciət edib.

Lakin Ağ Ev bildirir ki, Snowden özü əfv üçün lazımi sənədləri təqdim etməyib.

 

Noyabrda cənab Obama Alman qəzeti Der Spiegel-ə müsahibəsində deyib ki, o, məhkəmə qarşısına çıxmamış və özlərini təqdim etməmiş şəxsləri əfv edə bilməz.

Ağ Ev ötən həftə qeyd edib ki, Manning ABŞ hərbi məhkəmə sistemindən keçib və öz cinayətinin fərqinə varıb.

2013-cü ildə ABŞ-dan qaçmış cənab Snowden 30 il həbs cəzası ilə üzləşə bilər. O, hazırda Rusiyada müvəqqəti sığınacaq alıb.

 

Modern.az 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır