Modern.az

"Cənub Qaz Dəhlizi XXI əsrin layihəsi hesab oluna bilər"

"Cənub Qaz Dəhlizi XXI əsrin layihəsi hesab oluna bilər"

Aktual

23 Fevral 2017, 23:47

"Biz birgə səylərlə "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə bağlı süni gecikdirmələrin qarşısını almalıyıq. Bu gün nazirlər səviyyəsində üçüncü toplantıda biz artıq əmin ola bilərik ki, heç bir maneə bu layihənin həyata keçirilməsinin qarşısını ala bilməz. Layihənin icrası ilə bağlı sizə təqdim etdiyim rəqəmlər bizim layihənin icrasının yekun mərhələsində olduğumuzu nümayiş etdirir. Buna baxmayaraq, biz birgə səylərlə bu layihənin icrasının müəyyən seqmentləri üzrə süni gecikdirmələrin qarşısını almalıyıq və əminəm ki, bu mövzu burada ətraflı müzakirə olunacaqdır. Bilirik ki, burada müəyyən müdaxilə və kənardan təzyiq halları olacaq. Müəyyən ekoloji və digər bəhanələr ortaya atılacaq. Ancaq burada biz reallığı nəzərə almalıyıq”. Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxışı zamanı deyib.

İlham Əliyevin sözlərinə görə, reallıq isə ondan ibarətdir ki, Azərbaycanın tərəfdaşları, ölkəmizin strateji tərəfdaşı və bizim bütün neft və qaz layihələrimizin operatoru olan BP şirkəti ilə birlikdə həyata keçirdiyi heç bir layihə ilə bağlı, istər Azərbaycanda, istərsə də buradan başlayan nəqletmə marşrutu boyu hər hansı bir ekoloji problem baş verməyib: “Yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan kəmərini inşa edəndə də layihənin icrasının əleyhinə olan müəyyən dairələrin sponsorluğu ilə “Bakı-Tbilisi-Ceyhan kampaniyası” adlanan kampaniya başlanılmışdır. Onlar həmin layihənin nüfuzdan salınması üçün geniş fəaliyyətə başladılar. Layihəni regionun ekoloji fəlakəti adlandırdılar. Təəssüf ki, o zaman bəzi maliyyə qurumları da prosesi ləngitdilər. Ancaq Bakı-Tbilisi-Ceyhan artıq 11 ildir ki, fəaliyyət göstərir və o zamandan bəri burada xırda narahatlıq belə doğuracaq epizod olmamışdır. Bizim BP və digər tərəfdaşlarımızla həyata keçirdiyimiz bütün layihələr ən yüksək ekoloji standartlara cavab verir. Bu səbəbdən eşidəndə ki, yenidən Cənub Qaz Dəhlizi və onun hansısa seqmenti ilə bağlı kimlərdəsə və haradasa narahatlıq var, biz dərhal 10 il bundan əvvəl baş verənləri xatırladıq. Həmin ssenari, həmin üsul və əminəm ki, nəticəsi də elə həmin cür olacaqdır. Biz “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirəcəyik. Biz bu uğura birgə nail olacağıq. Burada yeganə itirə biləcəyimiz zamandır. Biz isə nəyə görə vaxt itirməliyik? Vaxt pul deməkdir. Biz bu layihəni vaxtında icra etməliyik. Dediyim kimi, layihənin bütün seqmentləri – “Şahdəniz-2”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP paralel şəkildə icra olunmalıdır”.

Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi əhəmiyyətli bir layihədir: “Bu gün qonaqlarımız arasında “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçı dövlətlərinin müvafiq nazirləri, ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək nümayəndələri, Avropa Komissiyasının vitse-prezidenti, şirkətlərin, beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri var. Avropa Komissiyasının vitse-prezidenti cənab Şefçoviçi xüsusilə salamlamaq istərdim. Mən bu il ərzində onunla artıq dörd görüş keçirmişəm. Bu isə belə bir mühüm layihənin reallaşdırılmasında Azərbaycan və Avropa Komissiyasının yaxından əməkdaşlıq etdiyini göstərir. Hesab edirəm ki, biz nadir və xüsusi beynəlxalq əməkdaşlıq formatını yaratmağa müvəffəq olmuşuq. Əlbəttə ki, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi Cənub Qaz Dəhlizinin uğurla həyata keçirilməsinin əsas səbəbi olmaqla yanaşı, gələcəkdə də özünün əhəmiyyətli rolunu oynayacaq. Çünki bu qlobal layihənin icrası başa çatdırıldıqdan sonra bizim əməkdaşlığımız müxtəlif sahələr üzrə davam edəcəkdir.

Beynəlxalq əməkdaşlıq haqqında danışarkən təbii ki, sizin diqqətinizi Azərbaycanın enerji siyasətinin tarixinə yönəltmək istərdim, çünki onsuz bugünkü toplantı mümkün olmazdı. Müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan mühüm enerji şirkətlərini ölkəmizdə fəaliyyət göstərməyə dəvət etdi. Tarixdə ilk dəfə Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi və dünyanın əsas neft və qaz şirkətləri buraya çox böyük həcmdə sərmayələr yatırdı. 1994-cü ildə biz Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng neft ehtiyatlarının istismarı ilə bağlı “XX əsrin müqaviləsi” adlanan kontraktı imzaladıq. Bu, faktiki olaraq, Xəzər dənizinin xarici sərmayələr üçün açılması, ölkəmiz üçün isə transformasiya və inkişaf istiqamətində atılmış ilk vacib addım idi”.

İlham Əliyev bildirib ki, bugünkü Azərbaycan böyük mənada həmin siyasətin nəticəsidir: “Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənilməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı. Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmişdir və biz bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı, 1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı. Bu səbəbdən biz dövlətlər və şirkətlər arasında beynəlxalq əməkdaşlığa böyük dəyər veririk. Ölkəmizdə bütün sərmayələr zəruri səviyyədə qorunur, hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq neft şirkətləri ilə imzaladığı bütün müqavilələr parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun formasında Prezident tərəfindən imzalanır. Yəni, həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanət var. Bu, sərmayəçilərdə əminlik yaradır və hesab edirəm ki, Azərbaycanın sərmayələrə dəyər verən və onları müvafiq şəkildə qoruyan etibarlı tərəfdaş olmasında mühüm rol oynayır”.

Prezident vurğulayıb ki, Cənub Qaz Dəhlizi XXI əsrin layihəsi hesab oluna bilər: “Şadam ki, TANAP-ın icrası ilə bağlı xərclər azalıb. Aldığım son məlumata görə, bu rəqəm 11,8 milyard dollardan 8,5 milyard dollara enmişdir. Bir sıra ölkələrdəki iqtisadi vəziyyətin narahatlıq doğurduğu belə bir vaxtda xərclərin azalması olduqca vacib məsələdir. Beləliklə də TANAP-ın səhmdarları külli miqdarda vəsaitlərinə qənaət edəcəklər. Biz layihənin icrası üçün maliyyə vəsaitinin cəlb edilməsinə nail olmuşuq. Burada xüsusi olaraq Dünya Bankını qeyd etmək istərdim. Bu qurum layihəyə böyük məbləğdə vəsait ayırmaqla yanaşı, digər maliyyə institutlarına da siqnal vermiş oldu. “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının dəstəklənməsi üçün böyük məbləğdə maliyyə vəsaitlərinin ayrılmasına görə Asiya İnkişaf Bankına və Asiya İnfrastruktur və İnkişaf Bankına da minnətdarlığımı bildirirəm.

Burada xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, Azərbaycan qazı Asiyaya deyil, Avropaya nəql ediləcəkdir. Lakin gördüyümüz kimi, layihəyə verilən maliyyə dəstəyi baxımından Asiya maliyyə qurumları Avropa təşkilatlarından öndədir. Ümid edirik ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı da maliyyə dəstəyinin verilməsi və asiyalı tərəfdaşlarından geridə qalmamaq məsələlərini nəzərdən keçirəcəkdir. Əks təqdirdə bunu anlamaq çox çətin olacaqdır”.

İlham Əliyev bildirib ki, Azərbaycan öz növbəsində dövlət büdcəsi və Dövlət Neft Fondunun vəsaiti hesabına layihəyə böyük maliyyə dəstəyi göstərir: “Bu gün Azərbaycanın maliyyə imkanları regionda istənilən layihənin həyata keçirilməsinə imkan verir və biz bunu uğurla edirik. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir və dəfələrlə dediyim kimi, enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu, şaxələndirmə layihəsidir. Şaxələndirmə isə yalnız istehlakçılara deyil, biz istehsalçılara da lazımdır. Çünki bizim çoxşaxəli nəqletmə şəbəkəsinə ehtiyacımız var. Bu gün ehtiyatlarımızın müxtəlif təyinat məntəqələrinə nəql edilməsi üçün bizim 7 kəmərimiz var ki, bunlardan 3-ü neft, 4-ü isə qaz kəməridir. Səkkizincisi isə Cənub Qaz Dəhlizidir ki, o da tezliklə istifadəyə veriləcəkdir.

Biz enerji şaxələndirilməsi haqqında danışanda nəqletmə marşrutları ilə yanaşı, mənbələr barəsində də danışırıq. Xəzər dənizinin Azərbaycan sektorunda olan mənbələr yeni mənbələrdir və bu, regionun və Avropa istehlakçılarının qaz ilə təchizatında yeganə yeni mənbədir. Bu baxımdan, regional və artıq beynəlxalq əməkdaşlıq, qarşılıqlı etimad və dəstək bu layihənin həyata keçirilməsinin ən vacib elementlərindəndir”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır