Modern.az

Azərbaycandakı böyrək xəstələrinin sayı açıqlandı

Azərbaycandakı böyrək xəstələrinin sayı açıqlandı

Aktual

24 Fevral 2017, 13:11

Azərbaycanda 38 hemodializ mərkəzində 590 hemodializ aparatı 3111 xəstəyə xidmət edir.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, bunlardan 1273 nəfər Bakı şəhərində, 1838 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar. Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib.

 

Məlumatda bildirilib ki, 2017-ci il regionlardan Zərdab və Masallı da yeni hemodializ mərkəzi açılacaq. Bakı və Sumqayıtdan olan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq, bu il 3 saylı şəhər xəstəxanasına əlavə 10 aparatın təqdim edilməsi, 26 saylı birləşmiş şəhər xəstəxanasında yeni 20 aparatlıq hemodializ şöbəsinin və Sumqayıt şəhərində 20 aparatlıq ikinici hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

 

Qeyd edilib ki, Azərbaycanda pulsuz hemodializlə müalicə üçün növbədə xəstə yoxdur. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyinin tərəfindən tam təmin olunurlar.

 

Hal-hazırda “Xroniki Böyrək Çatışmazlığı” proramı üzrə 679 nəfər böyrəkköçürülmüş xəstə var. Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunurlar.

 

Qeyd edək ki, xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır. Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.

 

Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir.

 

 

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır