Modern.az

İşğalçı dövləti öz adı ilə çağırmaq lazımdır

İşğalçı dövləti öz adı ilə çağırmaq lazımdır

Aktual

24 Fevral 2017, 11:43

Fevralın 23-də ATƏT Parlament Assambleyasının qış sessiyası çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Komitənin iclası keçirilib. İclasda "İqlim dəyişikliyi ilə mübarizə, təbii sərvətlərin idarəetməsi və su təhlükəsizliyi" mövzusunda müzakirələr aparılıb.

 

Azərbaycan nümayəndə heyətinin üzvi, Milli Məclisin deputatı Kamran Nəbizadə Modern.az-a açıqlamasında deyib ki, çıxışı zamanı su çatışmazlığı və su ehtiyatlarının tükənməsinin bəşəriyyət qarşısında duran ən mühüm və aktual məsələlərdən biri olduğunu vurğulayıb.

 

Kür çayında suyun təmizlənməsi məsələsinə toxunan deputat, daha sonra müzakirə olunan məsələlər üzrə iki təklif irəli sürüb. Deputat çıxışında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində irimiqyaslı yanğınlar törədilməsi, kütləvi şəkildə bu torpaqlarda flora və faunaya ziyan vurması ilə böyük bir ekoloji problemə çevrildiyini qeyd edib.

 

Nümayəndə heyətimizin üzvünün çıxışına cavab olaraq Ermənistan nümayəndə heyətinin rəhbəri böhtan dolu nitq söyləyərək bu yanğınların guya Azərbaycanın diversiya qrupları tərəfindən törədildiyini işarə edib. Çıxışının vaxtı bitdiyinə baxmayaraq, Ermənistan nümayəndəsi nitqini davam etdirib və mövzudan tam kənarlaşaraq, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb.

 

Kamran Nəbizadə Ermənistan nümayəndəsini arqumentlərlə susduraraq müzakirəyə son qoyub.

“O vaxta qədər ki, dünya ictimayyəti və beynəlxalq qurumlar işğalçını öz adı ilə adlandırmayacaq, Ermənistanın işğalçı dövlət olduğunu birmənalı söyləməyəcək, o zaman sülh və əməkdaşlıq haqqında danışıqların heç bir əhəmiyyəti olmayacaq və Ermənistan nümayəndə heyətinin bu cür təxribat və böhtan xarakterli çıxışları davam edəcək”

 

Onu da qeyd edək ki, Özbəkistan, Türkiyə və Belarus nümayəndə heyəti üzvləri çıxışlarında Kamran Nəbizadənin çıxışına və müdaxiləsinə dəstək veriblər.

               

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır