Modern.az

Günümüzün sualı: “Təhsilimiz hara gedir?” - “Mehdizadə və Mərdanov”, yaxud “Kim kimdir?”

Günümüzün sualı: “Təhsilimiz hara gedir?” - “Mehdizadə və Mərdanov”, yaxud “Kim kimdir?”

12 Aprel 2011, 19:48

Təhsilimizin problemləri, onların yaranma səbəbləri və aradan qaldırılma yollarına həsr edilmiş “Təhsil tariximizin qara ləkələri” kitabı ilə yaxşı tanışıq. Bir neçə gün öncə bu mövzuda daha iki kitab oxucuların ixtiyarına verilib: mənim müəllifi olduğum 448 səhifəlik “Təhsilimiz hara gedir?” və Nadir İsrafilovun müəllifliyilə çıxan 48 səhifəlik “Mehdizadə və Mərdanov” kitabları.
“Qanun” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüş hər iki kitabın ön sözünün müəllifi də mənəm.

“Təhsilimiz hara gedir?” kitabına ön söz

“Qəzet unutmaq üçün, kitab isə yaddaş üçündür”
Xorxe Luis Borxesin “Kitab” essesindənİ

Təhsilimiz hara gedir? Bu sual əvvəllər bəzi təhsil ekspertlərini və ziyalıları düşündürürdüsə, indi cəmiyyətin bütün üzvlərini narahat etməyə başlayıb. Son 10-12 ildə dövlət tərəfindən ayrılan vəsaitlər artırıldığı halda, təhsilimizin ilbəil çökdüyünü müşahidə edirik. Bu, qiymətləndirmə üzrə nüfuzlu beynəlxalq və yerli təşkilatların, eləcə də ekspertlərin apardıqları tədqiqatların nəticələrindən də açıq-aydın görünür. Təhsil Nazirliyi yetkililərinin etiraf edib-etməməsindən asılı olmayaraq, bu çöküş o həddə çatıb ki, artıq ölkənin milli təhlükəsizlik məsələsi ortaya çıxıb.

“Biz Prezident Administrasiyasında işləmək üçün savadlı hüquqşünas tapmırıqsa, bu, təhsilin səviyyəsindən xəbər verir”.
Bu sözləri sıravi vətəndaş yox, ölkənin vəziyyəti haqqında dəqiq bilgiləri olan bir şəxs – administrasiya rəhbəri akademik R.Mehdiyev deyir. Hesab edirəm ki, burada mübahisə doğuracaq, başqa yerlərə yozulacaq, anlaşılmayacaq bir şey yoxdur.

Çox qəribədir ki, nazir Misir Mərdanov bundan nəticə çıxarmaq əvəzinə əks hücuma keçir: “Son vaxtlar cəmiyyətdə belə bir fikir formalaşdırırlar ki, guya Azərbaycanın təhsil sistemi dağılır, təhsil işçilərinin hamısı rüşvətxordur, Azərbaycan təhsili məhvə gedir və s. ...Mən buna çox təəssüflənirəm. Hətta böyük vəzifə tutan adamlar rəsmi elan edirlər ki, mənim bu qədər boş yerim var, heç bir nəfər də adam tapmıram ki, götürüm işləsin...”.

“Təhsil Azərbaycanın üzqaralığıdır”. Bu sözləri isə dünyaşöhrətli yazıçımız Çingiz Abdullayev deyir. Hesab edirəm ki, biz bu üzqaralığından xilas olmalıyıq. Qloballaşan dünyamızda paradiqmalar sürətlə dəyişir. Belə bir şəraitdə ləyaqətli yaşamın yolu təbii ki, yüksək təhsildən keçir. Əgər belədirsə, onda bir millət olaraq bizi təhsilimiz daha çox düşündürməlidir. Bunun üçünsə ilk növbədə tanınmış mütəxəssislərin və ziyalıların təhsilimizin durumu ilə bağlı fikirləri  öyrənilməli, hər şey saf-çürük edilməli və vəziyyətdən çıxış yolları aranmalıdır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Təhsilimizin problemləri” seriyasından ikinci kitab – “Təhsilimiz hara gedir?” kitabı məhz bu məqsədlə hazırlanıb. Düşünürəm ki, gələcəyimizi aydın görmək istəyən hər kəs kitabdan lazımi bilgilər əldə edə biləcək.

“Mehdizadə və Mərdanov” kitabına ön söz

Tanınmış ekspert Nadir İsrafilovun “Mehdizadə və Mərdanov” adlı tədqiqatının Azərbaycan təhsil tarixində xüsusi yeri var. Elmi-publisistik və tənqidi-analitik üslubda yazılmış bu əsəri təhsilimizi acınacaqlı duruma salanlara qarşı bir növ hayqırtı, üsyan və həyəcan təbili hesab etmək olar. Əsərdə müxtəlif illərdə maarifimizə (təhsilimizə) rəhbərlik etmiş iki şəxs, onların mənəvi keyfiyyətləri və idarəçilik metodları haqqında söhbət gedir. Daha doğrusu, onların timsalında Azərbaycan təhsilindəki 30 il əvvəlki ab-hava ilə indiki ab-hava müqayisə olunur.

Bildiyimiz kimi, indiyədək akademik Mehdizadə haqqında çox yazılar dərc olunub, çox sözlər deyilib, hətta onun irsi ilə bağlı dissertasiya işi müdafiə edənlər də olub. Amma onlar içərisində Nadir müəllimin tədqiqatı xüsusi fərqlənir. Əsərin ən müsbət cəhətlərindən biri budur ki, burada maraqlı müqayisə var. Belə ki, indiyədək alimlərimizin və pedaqoqlarımızın adını hörmət və izzətlə çəkdikləri akademik Mehdi Mehdizadə və onun rəhbərlik etdiyi Maarif Nazirliyinin fəaliyyəti cəmiyyətə tamamilə fərqli kontekstdə – müqayisə kontekstində təqdim olunur. Müqayisə predmeti kimi isə, indiki nazir Misir Mərdanov və onun rəhbərlik etdiyi Təhsil Nazirliyi götürülür.

Əsərdə akademikin nə qədər aydın, işıqlı, xeyirxah, qayğıkeş, millətsevər, fəzilətli, gözütox, təmənnasız, xalqına bağlı insan olduğu maraqlı misallarla və iqtibaslarla verilir. Onun Azərbaycan maarifinin və elminin qalxınması, Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun Maarif Nazirliyinin “beyin mərkəzinə” çevrilməsi, maarif və elm sahəsində kadrların yetişdirilməsi, demokratik mühitin və məktəb mühitinin yaradılması və s. üçün nələr etdiyi haqqında əsərdə çox maraqlı araşdırmalar var. Bununla yanaşı, dövlətin ayırdığı və ilbəil artırdığı maliyyə vəsaitinin qarşılığında bu gün təhsilimizin tənəzzülə uğraması əsaslı surətdə tənqid olunur. Əsəri oxuyub başa çatdıqdan sonra belə qənaətə gəlinir ki, təhsilin yaxşı olması ona kimin rəhbərlik etməsi ilə birbaşa bağlıdır...

Ümidvaram ki, N.İsrafilovun “Mehdizadə və Mərdanov” adlı əsəri oxucular üçün çox maraqlı olacaq və kimin kim olması barədə onlarda aydın təsəvvür yaradacaq.

P.S. Oxucuların nəzərinə çatdırırıq ki, Əlövsət Osmanlının 416 səhifəlik üçüncü – “Təhsilimiz bu gün (Azərbaycan təhsilinin vəziyyəti 2010-cu il tədqiqatlarında)” kitabı aprelin sonunadək işıq üzü görəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır