Modern.az

Əbülfəs Qarayev regional idarələrin fəaliyyətini təftiş etdi

Əbülfəs Qarayev regional idarələrin fəaliyyətini təftiş etdi

Aktual

27 Aprel 2017, 16:32

Aprelin 27-də Lənkəran şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları iştirak edib.

 

Modern.az xəbər verir ki, tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin regional idarələrin paytaxtda keçirilən beynəlxalq tədbirlərdə iştirakı dəyərləndirilib.

 

Nazir müşavirədə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb və 2017-ci ilin əvvəlindən fəaliyyətə başlayıb. Həyata keçirilən struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. Vurğulandı ki, mütəmadi olaraq təşkil olunan belə müşavirələr görülən işlərin təhlil olunması və qarşıya çıxan çətinliklərin aradan qaldırılması baxımından əhəmiyyətlidir.

 

Əbülfəs Qarayev turizmin inkişafı sahəsində həyata keçirilən işlərdən danışaraq qeyd edib ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində görülən tədbirlər davam etdiriləcək. Həmçinin yay turizm mövsümünə hazırlıq, yeni turizm marşrutlarının yaradılması istiqamətində tapşırıqlar verilib.

 

Regional mədəniyyət və turizm idarələrinin işinin təşkili üçün islahatların davam etdiriləcəyini deyən nazir əlavə etdi ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılmalıdır. Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi kimi məsələlərə də önəm verilməlidir.

 

Əbülfəs Qarayev Novruz bayramı münasibətilə Bakıda müxtəlif bayram tədbirlərinin keçirilməsinin, nazirliyin yeni yaradılan Milli Turizm Təbliğat Bürosunun və regional mədəniyyət və turizm idarələrinin bu işdə yaxından iştirakının təqdirəlayiq olduğunu bildirib. Qeyd olunub ki, bu günlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən iclasda da bu tədbirlər yüksək qiymətləndirilib. Bayram tədbirlərində ölkəmizin bütün regionlarını təmsil edən kollektivlər bölgələrin mədəni həyatını yüksək səviyyədə nümayiş etdiriblər.

 

Vurğulanıb ki, Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə keçirilən mötəbər tədbirlərin reallaşdırılmasında yaxından iştirak edir, qonaqların mədəni istirahətinin təşkili üçün mədəniyyət proqramları, layihələr reallaşdırılır. Bu qəbil tədbirlər cari ildə də davam etdiriləcək. IV İslam Həmrəylik Oyunları, “Formula 1” Azərbaycan Qran-prisi kimi möhtəşəm yarışlar müddətində, eyni zamanda yay turizmi mövsümündə belə mədəni tədbirlər geniş şəkildə keçiriləcək. Regional mədəniyyət və turizm idarələri bu tədbirlərə öz töhfələrini verməli, ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir. Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha da fəal qatılmalıdır.

 

Nazir yerlərdə mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini bir daha diqqətə çatdırıb.

 

Müşavirədə çıxış edənlər mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi haqqında fikirlərini bildiriblər.

 

Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti ilə bağlı təkliflər səsləndi, qarşıda duran vəzifələrin icrası nəzərdən keçirildi, fikir mübadiləsi aparıldı. İdarə rəhbərlərinə işlərinə daha ciddi yanaşılması və səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verilib.

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır