Modern.az

Azərbaycanlı vloqqer: "Stimulum həyat yoldaşımdır” - MÜSAHİBƏ

Azərbaycanlı vloqqer: "Stimulum həyat yoldaşımdır” - MÜSAHİBƏ

Hadisə

27 May 2017, 12:44

“Vloqqerlərimizi tanıyaq”  layihəmizin bu dəfəki müsahibi Youtube-da “JustAygun” adı ilə tanınan vloqqerimiz Aygün Yaqubludur.


Modern.az onunla söhbəti təqdim edir.

 

- Bizə qısa da olsa, özünüz haqqında danışın.

- Qısa olaraq özüm haqqında bunları deyə bilərəm ki, 27 yaşım var və evliyəm.Təxminən iki,üç ildir ki, Avropada yaşayıram. İxtisasca ginekoloq olsam da, ancaq hal-hazırda ixtisasımla əlaqədar çalışmıram. Buna baxmayaraq öz peşəmi davam etdirmək fikrindəyəm. Yoldaşımla bərabər səyahət etməyi, yeni ölkələri, insanları, adətləri öyrənməyi sevirəm. Beləliklə də bildiyim, öyrəndiyim məlumatları həmYoutube kanalımda həm də İnstagram səhifəmdə paylaşıram.

 

- Vloqqer olmağa necə qərar verdiniz?

- Hazırda boş vaxtım çox olduğu üçün onu dəyərləndirmək istədim. Onsuzda maraqlı nələrsə öyrənməyi və bunu insanlara göstərməyi sevirdim. Vloqqerliyə başlamağa bir az çətin qərar verdim. İzlədiyim bir neçə vloqqer vardı. Onlardan ilham aldım deyə bilərəm. İlk olaraq rus dilində başlasam da, azərbaycanca bu sahədə paylaşımların az olduğunu görüb elə mən də doğma dilimdə paylaşımlar etməyə başladım.Zamanım və həvəsimin eləcə də izləyicilərimin istəyi olduğu müddətcə bu işi davam edəcəm.

 

 - Videolarınızın məzmunu nədən ibarətdir?

 

- Mən səyahət vloqları çəkirəm əsasən. Səyahət elədiyim yerlərdən maraqlı nə görürəmsə, öyrənirəmsə bunu izləyicilərlə paylaşıram. Bundan başqa da özümün əl işlərimin haqqında vloqlar çəkirəm. Alış-veriş haqqında da videolar hazırlayıram. Qısaca faydalı ola biləcəyini düşündüyüm bir çox mövzular haqqında vloqlar hazırlayıram.

 

- İzləyicilərin rəyləri necədir? Videolarınızdan faydalanırlarmı?

- İzləyicilərimdən çox gözəl rəylər alıram. Onların məni sevdiyi və videolarımdan faydalandığını düşünürəm. Mən də təbii ki, onların istəklərinini və fikirlərini diqqətə alıram.

 

- Xoşa gəlməz rəylər alırsınızmı? Və bu zaman münasibətiniz necə olur?

 

- Hər bir vloqqer tənqidi fikirlərə hazır olmalıdr. Belə rəylər məndə də olur bəzən. Ancaq mən normal, obyektiv olan tənqidləri ciddiyə alıram. Məni əsas tənqid edənlər ailəm olur. Videolarıma ilk onlar baxıb qiymət verirlər. Təhqir edənləri isə dərhal səhifəmdən uzaqlaşdırıram. Çünki ətrafımda pozitiv enerjinin üstün olmasını istəyirəm və bunu qorumağa çalışıram.

 

- Nədən stimul alırsınız? Və bu motivasiyanı necə qoruyursunuz?

- Daha çox stimulu ailəmdən və həyat yoldaşımdan alıram. Həmçinin uğurlu insanlar da məni motivasiya edib, həvəsləndirir.

Motivasiyanı qorumaq asan deyil .Bunun üçün tez-tez bu işi nəyə görə elədiyimi yadıma salıram, uğurlu insanları dinləyirəm.  İzləyicilərim də məni ruhlandırırlar. Və mən də daha böyük auditoriyam olsun deyə çalışıram.

 

- Sizin digər vloqqerlərdən fərqiniz nədir?

- Bu suala daha yaxşı izləyicilərim cavab verə bilər. Mən öz adımdan onu deyim ki, neqativ yox pozitiv məlumatları paylaşmağı sevirəm. İzləyicilərim mənim necə var elə də kamera qarşısında davrandığımı deyirlər. Bunlar məni fərqləndirə bilər deyə düşünürəm.

 

- Təzə başlayanlar üçün tövsiyələriniz nələr olardı?

- Təzə başlayanlara məsləhətim o olardı ki, özlərinə güvənsinlər və ürəkdən etsinlər bu işi. Zamanla savaşmasınlar. Tezliklə də olmasa, müəyyən müddətdən sonra izləyiciləri və onları dəstəkləyən insanlar artacaq. Yaxınlarının və ailələrinin sözlərinə, məsləhətlərinə qulaq versinlər. Ən əsası isə özlərinin bildiyi doğru yönə getsinlər.

 

- Sonda əlavə etmək istədikləriniz…

- Müsahibə üçün təşəkkür edirəm. Vətəndən uzaq olduğuma baxmayaraq məni diqqətdə saxladığınız üçün isə ayrıca təşəkkür edirəm.

 

Ülviyyə Alıxanova

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı