Modern.az

Bakıda faciə: 4 nəfər hoteldə zəhərləndi, 2-si öldü - ADLAR

Bakıda faciə: 4 nəfər hoteldə zəhərləndi, 2-si öldü - ADLAR

7 May 2024, 14:58

Mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

 

***

14:25

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. Bu barədə "bakupost.az" saytı məlumat yayıb.

 

Bildirilir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir. Zəhərlənən şəxslərdən birinin adı Xəzər, digərinin adı isə Nicatdır.

 

Hadisə ilə əlaqədar Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkzədən bildirilib ki, iki nəfər (kişi cinsli) zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. "Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir", - açıqlamada deyilir.

 

TƏBİB isə bildirib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Çağırış ünvanında 2 nəfərin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.

 

"2 nəfər (kişi cinsli) isə dəqiqləşməmiş koma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmət göstərilib, müalicələri davam etdirilir. Vəziyyətləri ağır stabil olaraq qiymətləndirilir", - deyə açıqlamada qeyd olunur.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı