Modern.az

Ordumuzun ilk Qərargah rəisi: “Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm”

Ordumuzun ilk Qərargah rəisi: “Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm”

Aktual

26 İyun 2017, 10:03

General-leytenant  Masey (Məhəmməd) Sulkeviç (1865-1920)Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin 26 iyununda yaratdığı Milli Ordunun ilk baş qərargah rəisi olub.

Bəzi mənbələrdə Süleyman Sulkeviç adı ilə qeyd edilən general əslən Polşa tatarlarındandır.
O, ilk hərbi təhsilini Rusiyanın Voronej şəhirindəki Kadet korpusunda və Mixaylovsk Artilleriya məktəblərində alıb. 1894-cü ildə Rusiya imperiyasının Baş Qərargah Akademiyasını bitirib. Çar Rusiyası Ordusunda hərbi xidmətə 1883-cü ildə başlayıb, 1910-cu ildə general-mayor, 1915-ci ildə isə Birinci Dünya müharibəsində general-leytenant rütbəsi alıb.

1900-1901-ci illərdə Rusiya-Çin, 1904-1905-ci illərdə isə rus-yapon müharibələrinin iştirakçısı olub. Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının şimal cəbhəsindəki 37-ci piyada korpusunun komandiri olub.


M. Sulkeviçin Azərbaycan Ordusunun formalaşmasında böyük xidmətləri olub. 1919-cu ilin iyunun 9-da Azərbaycan Parlamentinin tövsiyyəsi ilə yaradılan Dövlət Müdafiə Komitəsinin tərkibinə Ümumi Qərargah rəisi kimi M.Sulkeviç də daxil idi. Həmin ilin iyunun 16-da Azərbaycanla Gürcüstan arasındakı hərbi müdafiə sahəsindəki sənədi hökumət adından imzalayanlardan biri də M.Sulkeviç idi. M.Sulkeviç Azərbaycanın narahat bölgələrində Ermənistanla sərhəd ərazilərdə, Naxçıvanda, Dağlıq Qarabağda, eləcə də Muğan zonasında hərbi əməliyyatların hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edib. Peşəkar hərbçi olan M. Sulkeviç Qarabağ general-qubernatoru Xosrov bəy Sultanova yazdığı “şəxsən özünə” və “məxfi” grifli 7 sentyabr 1919-cu il tarixli məktubda erməni separatçılarının müqaviməti tam qırılana kimi Qarabağ ərazisində daha çox hərbi qüvvələr saxlamağı lazım bilirdi.


1920-ci ilin 27 Aprel işğalından sonra bolşeviklərin ilk güllələdiyi generallarımızdan biri Masey Sulkeviç oldu (1920-ci il,15 iyun). O, qətlə yetirilərkən özünü çox cəsarətli və qorxmaz aparmış, bu sözləri söyləmişdi: “Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm”.


Nəsiman Yaqublu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır