Modern.az

“Qarabağ”-“Kopenhagen” qarşılaşmasına dair məşhurların PROQNOZU

“Qarabağ”-“Kopenhagen” qarşılaşmasına dair məşhurların PROQNOZU

Aktual

15 Avqust 2017, 13:42

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək. Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.

 

Artıq oyunla bağlı müxtəlif fikirlər səsləndirilir. “Qarabağ”ın qələbə qazanacağına inananlarla yanaşı, “Kopenhagen”i güclü hesab edənlər də  var.

Maraqlıdır, tanınmış şəxslər bu barədə nə düşünür? Onların fikrincə, oyun necə yekunlaşacaq?

 

Modern.az bu suallarla bir neçə tanınmış şəxslərə müraciət edib.

 

Milli Məclisin deputatı Aqil Abbas komandamızın qələbə qazanacağını düşünür:

 

““Qarabağ” qalib gələcək. O artıq Avropada tanınan, uğur qazanmış, təcrübəli komandadır. Bu komanda oyunları, futbolçu kollektivi ilə fərqlənir. Düşünürəm ki, bugünkü oyunda komandamız bizə yalnız qələbə gətirə bilər. Başqa cür fikirləşmək mümkün deyil. “Qarabağ” komandası Azərbaycanın ürəyidir. Hesabla bağlı hər hansı bir şey deyə bilməsəm də, qələbənin bizim olacağını düşünürəm”.

 

Qol.az saytının baş redaktoru Aydın Bağırov oyunun  hər iki komanda üçün ağır olacağını bildirib:

 

“Bugünkü oyun Azərbaycan futbolu üçün tarixi əhəmiyyət kəsb edir. İlk dəfə bizim çempion komanda Avropanın ən nüfuzlu klub yarışı olan Çempionlar Liqasının pley-off mərhələsində oynayacaq. Bugün stadionda möhtəşəm atmosfer olacaq. İnanıram ki, "Qarabağ" həm tribunada olacaq 31 minədək azarkeşinin fəal dəstəyi və ən başlıcası baş məşqçi Qurban Qurbanovun ağıllı gedişləri sayəsində uğurlu nəticə əldə edəcək. Bununla belə, cütün taleyi Bakıda yox, Danimarkada keçiriləcək cavab matçında həll olunacaq.

Rəqibin düşərgəsində mərkəz müdafiəçisi Yohanssonun zədə səbəbindən oynamamasını "Qarabağ" üçün az da olsa üstünlük saymaq olar. Amma istənilən halda, hər iki komanda üçün ağır oyun olacaq. Şanslar bərabərdir. Məni narahat edən əsas məqam odur ki, bizdə də bəzi futbolçuların zədəsi var. Əgər yeni legioner Donald Gerye də oyun saatına qədər zədəsini sağalda bilsə, bu, komandamız üçün əlavə üstünlük olacaq”.

 

Milli Məclisin deputatı Fazil Mustafa “Qarabağ”ın bu mərhələni keçməsinin önəmli olduğunu vurğulayıb:

 

““Kopenhagen” çox güclü komandadır. Amma biz də əlimizi-qolumuzu  sallayıb dayana bilmərik. Ən azından ciddi müqavimət göstərib növbəti tura vəsiqə qazanmalıyıq. Ümid edirəm ki, bu, belə də olacaq.  Düzü, Qarabağ-Kopenhagen oyununda hesabla bağlı fikir deməkdə çətinlik çəkirəm. Oyunda topun keçirilməməsi mənim üçün daha maraqlıdır. Digər tərəfdən Qarabağın 1-0 hesabı ilə qalib gəlməsi arzuolunan nəticədir”.

 

"CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktoru Rövşən Binnətli  sonda sevinən tərəfin “Qarabağ” olacağını düşünür:

 

“Ümumiyyətlə oyunun nəticələrinin necə olacağı barədə proqnoz söyləmək həqiqətən çox çətindir. Əgər qüvvələr nisbətini qarşı-qarşıya qoysaq, “Qarabağ”ın bu mərhələni keçmə şansını rəqibdən, hətta bir faiz belə olsa, aşağı qiymətləndirmirəm. Oyunda hər iki tərəfin şansını tamamilə bərabər hesab edirəm. Bəzi məqamlar  Qarabağın əleyhinə olsa da, bəzi məqamlar da rəqibin əleyhinədir.

 

Yəni Danimarka futbolu xarakterinə görə bir az gücə söykənən və sürət tələb edən futboldur. Bu bizim futbolun xarakterinə uyğun gəlməyən, komandalarımızın çətin qarşılaya biləcəyi oyun tərzidir. Amma o tip komandalarda qarşıdakı rəqibin qısa ötürmələrlə, topla daha yaxşı oynaması da onların əleyhinədir. Bu  da bizim oyun tərzimizdir. Yəni rəqibin bizdən çəkinəcəyi və ehtiyat edə biləcəyi məqamlar var. Əsas yük komandaların malik olduğu xarakterləri diktə etmək bacarığına qalır.

Kim öz oyununu diktə etməyi bacarsa, nəticə də onun lehinə olacaq. Çox istərdik ki, “Qarabağ” öz oyununu diktə edə bilsin. Hesab edirəm ki, sonda sevinən tərəf biz ola bilərik”.

 

Tanınmış aktyor Bəhram Bağırzadə  oyuna gələcək olan azərkeşlərə müraciət edib:

 

“Həyəcandan bütün gecəni yatmamışam. Özümü sanki 2000-ci ilin dekabr ayına qayıtmış kimi hiss edirəm. Bilirsiniz ki, həmin vaxt Şən və Hazırcavablar Klubunun (ŞHK) “Əsrin Çempionu” olub. Düz 17 il bundan qabaq da oyuna bir sutka qalmış gözümə yuxu getməmişdi.

Çox istəyərdim ki, bu gün də qələbə olsun və Azərbaycan tarix yazsın. Bu gün matça gələn bütün vətəndaşlarımızdan  xahiş edirəm ki, özləri ilə Azərbaycan bayrağı gətirsinlər və dalğalandırsınlar. Qoy bütün Avropa görsün ki, bizim bayrağımız qələbə bayrağıdır”.

 

Qeyd edək ki, “Qarabağ” və “Kopenhagen” arasındakı görüş saat 20:00-da Tofiq Bəhrəmaov adına Respublika Stadionunda baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır