Modern.az

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB

Aktual

19 Avqust 2017, 17:02

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub.

 

Dövlət başçısı Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasının rəmzi açılışını bildirən lenti kəsdi.

 

Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verdi.

 

Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binası 2014-2016-cı illərin dövlət investisiya proqramları çərçivəsində inşa edilib.

 

Üçmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdən çoxdur. Binanın foyesində Ulu Öndərin və dövlətimizin başçısının rayona səfərlərini əks etdirən fotostend quraşdırılıb. Burada Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsi, Bitki Mühafizə Mərkəzinin və Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayon bölmələri, Göygöl Baytarlıq İdarəsi, Regional Təlim Mərkəzi, Göygöl Regional Aqrokimya və Göygöl Regional Toxumçuluq laboratoriyaları yerləşir. Binada işçilərin fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb.

 

Göygöl Regional Aqrokimya Laboratoriyası tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması nəzərdə tutulur. Bundan başqa, laboratoriyanın fəaliyyəti nəticəsində torpağın xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatları ilə təmin edilməsinə, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normalarının müəyyənləşdirilməsinə, fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsinə və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunmasına şərait yaranacaq.

 

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.

 

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin layihələndirilməsinə və tikintisinə dövlətimizin başçısı İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla start verilib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Respublika Süni Mayalanma Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Ötən dövrdə Respublika Süni Mayalanma Mərkəzi ilə paralel olaraq ölkədə 12 regional süni mayalanma məntəqəsi də yaradılıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Respublika Süni Mayalanma Mərkəzi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, mərkəzin kompleksinə üçmərtəbəli inzibati-laboratoriya binası, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi daxildir.

 

Dövlətimizin başçısına kənd təsərrüfatı informasiya sistemi vasitəsilə interaktiv statistika barədə məlumat verildi. Bildirildi ki, indiyədək 115 min 488 fermer qeydiyyata alınıb. Həmçinin bu günədək 41 min 42 baş heyvan süni mayalandırılıb. Süni mayalandırmadan 19 min 385 buzov doğulub. İndiyədək 3 milyon 179 min 400 manat məbləğində subsidiya verilib.

Binanın birinci mərtəbəsində nümayiş zalı yaradılıb.

Prezident İlham Əliyevə nümayiş zalında tərəfdaşlarla əməkdaşlığı, istehsal olunan genetik materialların marketinqinin təşkili, mərkəzdə görülən işlər barədə məlumat verildi. Hazırda mərkəzdə 36 baş törədici heyvan var. Onlardan beşi qaramal, biri isə camış cinsidir. Mərkəzin iş prinsipinə uyğun olaraq, genetik materiallar istehsal olunan sahə ilə inzibati hissə bir-biri ilə təcrid edilib. Nümayiş zalı elə qurulub ki, pəncərədən laboratoriya və istehsal sahəsində gedən prosesləri izləmək mümkündür. Nümayiş zalında Mərkəzdə saxlanılan törədici heyvanlar barədə kataloq məlumatları da var.

Üçmərtəbəli inzibati-laboratoriya binasının ümumi sahəsi 2320 kvadratmetrdir. Laboratoriyada Fransanın bu sahədə aparıcı şirkətinin istehsal etdiyi ən müasir avadanlıq quraşdırılıb. Bundan başqa, bu avadanlıqla işləmək üçün laboratoriya heyətinə təlimlər də keçirilib. Burada temperatur və havada azotun miqdarının təyini avtomatik idarə olunur. Laboratoriya bölməsinin bir hissəsində genetik materialın satış mərkəzi yerləşir. Kompleksdə azot çəni və azot təchizatı şəbəkəsi qurulub. Regionlardakı süni mayalanma məntəqələrinə azot xüsusi avtomobillərlə daşınır. Binanın ikinci mərtəbəsində isə təlim mərkəzi və təlimdə iştirak edənlər üçün yataqxana, mətbəx, camaşırxana və 60 nəfərlik toplantı zalı yerləşir. Binada mərkəzləşdirilmiş kompüter və videobaxış sistemləri quraşdırılıb. Bu sistem istənilən zaman Bakıdan, eləcə də digər bölgələrdən Respublika Süni Mayalanma Mərkəzində aparılan işləri müşahidə etməyə imkan yaradır.

 

Dövlətimizin başçısı mobil laboratoriya və genetik materialların paylanması üçün istifadə edilən avtonəqliyyat vasitələrinə də baxdı. Burada, eyni zamanda, maye azotun daşınması üçün nəzərdə tutulan xüsusi təyinatlı avtomobillər də var.

 

Prezident İlham Əliyev müəssisəsinin istehsalat sahəsində də oldu. Kompleksin tövlə binası, o cümlədən tövlənin havalandırma və işıqlandırma sistemləri ən müasir standartlara uyğun olaraq qurulub. Tövlənin daxilindəki temperatur və nəmlik, heyvanların yemlənməsi, peyinin təmizlənməsi prosesləri tam surətdə avtomatik idarə olunur. Biotəhlükəsizlik tələblərinə uyğun olaraq tövlə daxilinə yemləmə və təmizləmə üçün traktorlar və digər mexanizmlər buraxılmır. Kompleksdə saxlanılan heyvanların hərəkəti üçün diametri 14 metr olan avtomatlaşdırılmış qurğu quraşdırılıb. Burada baytarlıq klinikası da inşa olunub.

Kompleksin yem anbarı və yemhazırlama sahəsində Almaniya istehsalı olan paylayıcı qurğu quraşdırılıb. Xüsusi proqramla təchiz edilən bu qurğu yem rasionuna görə hər bir heyvanın önünə müvafiq miqdarda yem tökmək imkanına malikdir. Burada müxtəlif növ yemlər hazırlanaraq qarışdırıcıya, oradan isə yempaylayıcı qurğuya verilir.

Mərkəzdə toxum götürülən heyvanların saxlanıldığı tövlədən normalara uyğun müvafiq məsafədə yeni alınmış heyvanlar üçün ümumi sahəsi 340,8 kvadratmetr olan karantin məntəqəsi inşa edilib.

Qeyd edək ki, Göygöldə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq və yerli heyvan cinslərdindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq.

 

Göygöl Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası isə müvafiq sahə standartlarının tələblərinə uyğun toxumun keyfiyyətinə nəzarətin və sertifikatlaşdırmanın həyata keçirilməsi məqsədilə toxumluq əkinlərin qeydiyyatının aparılması işini yerinə yetirəcək. Laboratoriya tərəfindən tarla nəzarəti həyata keçiriləcək, toxum partiyası və əkin materiallarından nümunə götürüləcək, səpin keyfiyyətinin və əkin materiallarının analizi aparılacaq. Bundan başqa, laboratoriyanın fəaliyyətinə müvafiq dövlət standartlarına uyğun keyfiyyətdə toxumların sertifikatlaşdırılması üçün rəy verilməsi, daxili və xarici əmtəəlik toxum bazarında toxum satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin səmərəli fəaliyyətinin təşkili də daxildir.

 

Dövlət başçısı Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə də tanış oldu. Laboratoriyanın yenidən qurulması layihəsi 2017-ci ildə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində laboratoriyada yeni bölmələr yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Bakteriologiya bölməsində yoluxucu xəstəliklərin diaqnostik müayinəsi və heyvan mənşəli qida məhsullarında bakterioloji çirklənmələrin analizi aparılır. Serologiya laboratoriyasında isə virusoloji, bakterioloji, epidemioloji və sair xəstəliklərin seroloji müayinəsini həyata keçirilir. Bütün növ heyvan və quşlar arasında virus mənşəli xəstəliklərin laborator diaqnostikası və müayinəsi isə laboratoriyanın virusologiya bölməsində aparılır. Toksikologiya bölməsində qida məhsulları və yem əlavələrində biokimyəvi, həmçinin toksiki zəhərlənmələrin müayinəsi həyata keçirilir.

 

Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

 

Sonra kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına Dövlət Baytarlıq Xidməti tərəfindən rayon baytarlıq idarələrinə epizootik tədbirlərin aparılması, baytarlıq xidmətlərinin göstərilməsi üçün lazım olan avadanlıq, ləvazimatlar barədə məlumat verdi. Burada, eyni zamanda, xüsusi geyim vasitələri, cərrahi əməliyyat dəstləri, heyvanlarda müxtəlif xəstəliklərə dair bukletlər və əyani vəsaitlər sərgilənir. Müəssisənin anbarlarında isə vaksinlər saxlanılır.

 

Onlar xüsusi rejimdə soyuducu konteynerlərə yığılır. Beləliklə, regionlara istənilən dərman maddələrinin və vaksinlərin təhlükəsiz daşınması mümkün olur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır