Modern.az

Kürdüstanın müstəqilliyi Yaxın Şərqə nə verəcək?

Kürdüstanın müstəqilliyi Yaxın Şərqə nə verəcək?

Dünya

25 Sentyabr 2017, 12:52

Yaxın Şərq hal-hazırda dünyanın diqqət mərkəzində olan üç nöqtədən biridir(digərləri Şimali Koreya və Şərqi Ukraynadır). 1916-cı ildə Sykes-Picot müqaviləsindən sonra Osmanlı imperiyasının Yaxın Şərqdə olan torpaqları onun əlindən alınıb Böyük Britaniya və Fransa arasında bölünmüşdü.

 

Osmanlı imperiyası dağıldıqdan sonra Mustafa Kamal Atatürkün başçılığı altındakı müharibələrdə Türkiyə indiki ərazi bütövlüyünü əldə etmiş, Lozanna müqaviləsi ilə də özünün dünya birliyi tərəfindən tanınmasına nail olmuşdur. Fransa ilə indiki Suriya sərhədləri, Böyük Britaniya ilə isə indiki İraqla olan sərhədləri çəkildi. Burada ən önəmli nüans Mosul və Kərkük problemi idi. 1918-ci ildə Birinci Dünya Müharibəsindən qalib çıxan dövlətlərlə məğlub olmuş Osmanlılar arasın-da Mudros atəşkəsi imzalandı. Mudros atəşkəsi imzalanarkən Mosul və Kərkük hələ də Osmanlı dövlətinin sərhədləri daxilində idi(Misaki-Milli).        

 

Bu problem 1926-cı il Ankara müqaviləsinə qədər həll edilə bilmədi. Ankara müqaviləsində əldə edilən razılığa görə İraq ilə indiki sərhədlər dəqiqləşdi və bu sərhədlərin pozulmaması barədə tərəflər bir-birlərinə təminat verdilər. Əgər bu sərhədlər pozularsa, sərhədi pozulan dövlət başda olmaqla tərəflər buna qarşı çıxacaqlar. Mosul və Kərkük məhz bu şərtlər altında İraqın ərazisinə daxil edildi.

 

Yaxın Şərq ölkələrinin tarixi sonrakı yüz il boyunca heç də sabit keçmədi. 1948-ci ildə İsrailin yaradılması, İsrail ilə ərəb dövlətləri arasında 6 müharibə, 50-ci illərdə İraqda baş verən dövlət çevrilişi, 70-ci illərdə İranda inqilab, İraqda Səddamın hakimiyyətə gəlməsi, İran-İraq müharibəsi, Birinci Körfəz müharibəsi, İkinci körfəz müharibəsi və Səddamın hakimiyyətdən salınmasını izləyən hadisələr fonunda 2010-cu ildən etibarən Tunisdə başlayan və hələ də Yaxın Şərq və Şimali Afrika dövlətlərində bu və ya digər şəkildə davam etməkdə olan “Ərəb Baharı”...

 

Son dövrlərdə dünya ictimaiyyətini və siyasi dairələrini ən çox narahat edən Suriyadakı vətəndaş müharibəsi ilə birlikdə İraqdakı Kürd problemidir. Kürdlər Türkiyə, İran, İraq və Suriya ərazisində yayılmış və təxminən 20-30 milyon sayı olan xalqdır. Tarixin gedişi kürdlərə heç bir zaman müstəqil dövlət yaratmaq şansı verməyib. Ancaq, 1970-ci ildə Səddam Hüseyin və Mustafa Bərzani arasında əldə edilmiş razılığa görə İraqın şimalında Kürd Muxtar Bölgəsi yaradılıb.

 

Son dövrlərdə Mustafa Bərzaninin oğlu Məsud Bərzani başçılığı altında Kürd Muxtar Bölgəsinin  müstəqilliyi barəsində bəzi addımlar atılmağa başlayıb. Xüsusilə, İŞİD-in Suriya və İraq ərazisində özünə dini dövlət qurmaq adıyla apardığı vəhşi və qeyri-insani müharibə, ən əhəmiyyətlisi də, İraq silahlı qüvvələrinin Kərkükdə İŞİD-lə döyüşə bilməməsi və öz mövqelərini tərk etməsi nəticəsində bu ərazilərin də Kürd peşmərgəsi tərəfindən qorunması Kürdlərin müstəqil dövlət yaratmaq üçün bəhanələrini artırır. Qısası, Hazırda Kürd Mustar Bölgəsinin təsiri altında olan bölgə bölgənin də sərhədlərini aşmaqdadır. Məsələn, Kərkük kimi. Kərkük rəsmi olaraq mərkəzi hökumətə bağlı olsa da referendum burada da keçiriləcək.

 

2016-cı ildən etibarən Bərzani müstəqillik barədə bəzi ifadələr səsləndirməyə başladı. İlk əvvəl Mosulun azad edilməsini gözləyərək 2017-ci ilin Aprel ayında bu ilin Sentyabrın 25-də müstəqillik barədə referendum keçiriləcəyini bəyan etdi.

 

Referendumun bögəyə təsiri və dünya dövlətlərinin referendumda maraqları. Referendumun keçiriləcəyinin elanından sonra dövlətlərin buna münasibəti iki qiymətli olub. Referendumu rəsmi şəkildə dəstəkləyən əsas qüvvə İsraildir. İsrail bölgədəki dövlətlər daxilində destabilizasiya, separatizm kimi meylləri dəstəkləyir. İsrailin bunda marağı, ətrafını əhatələyən Ərəb dövlətlərinin zəiflətməsi strategiyasıdır. “Ərəb Baharı” adlanan və Şimali Afrikanın və Yaxın Şərqin müsəlman dövlətlərinin zəifləməsinə və hətta bəzilərinin öz milli və siyasi birliklərini itirməsinə səbəb olan etiraz dalğalarını da var qüvvəsi ilə dəstəkləməsi məhz bu səbəbdəndir(xüsusi olaraq Kürd Muxtar Bölgəsi ilə İsrail arasındakı münasibətlər Ian Black və Benny Morris tərəfindən yazılan “Israel's Secret Wars-A History of Israel's Intelligence Services” adlı kitabda geniş olaraq açıqlanıb). İsrailin İraqın desentralizasiyasının bir digər səbəbi isə İraqda İrana yaxın şiələrin hakimiyyətdə olması və İraqın son dövrlərdə İranın təsiri altına düşməsi ilə bağlıdır.

 

İsrailin referenduma mövqeyinə yaxın bir mövqe demək olar ki, heç bir dövlət tərəfindən göstərilmir. ABŞ nadir hallarda görünsə də bu dəfə referendumla bağlı mövqeyi İsrailinkindən fərqlidir. ABŞ referendumun ləğv edilməsinin tərəfdarı deyil. ABŞ da “Böyük Yaxın Şərq” layihəsi çərçivəsində Yaxın Şərq ölkələrinin demokratikləşməsinin əsas tərəfdarı və belə demək mümkündürsə dəstəkləyən dövlətdir. Bu baxımdan İranın təsir dairəsində olan İraqın daxilində xaosun yaranması ABŞ-ın mənafeyinə uyğun olan prosesdir. Ancaq, mövcud situasiya çox da əlverişli deyil. ABŞ-ın əsas diqqəti hal-hazırda Şərqi Ukrayna, Şimali Koreya və İran üzərində cəmlənib. İraqda yaranacaq bu xaos hələ ki, ABŞ üçün prioritet məsələ deyil. Trump administrasiyası məhz bu səbəbdən referendumu ən azından 2018-ci il İraq seçkilərindən sonraya saxlamağın tərəfdarıdır.

 

Çünki, Kürd bölgəsinin müstəqilliyi İranın İraqdakı təsirini daha da artıracaq. Hətta 24 sentyabr tarixindən etibarən, yəni referendumdan bir gün əvvəldən artıq Ərbil yaxınlığındakı əraziləri top atəşiylə bombaladığı xəbərləri artıq yayılmaqdadır. Yəni, İran da Türkiyə və İraq kimi bölgədə hər hansı bir dövlətin yaranmasının tərəfdarı deyil. Türkiyə və İranın əsas qorxusu İraqın şimalında yaranacaq hər hansı dövlətin bölgədə yaşayan Kürdlər arasında separatist meylləri artıracağıdır. Çünki, artıq Suriyanın şimalında yaşayan kürdlər federal sistem üçün seçkilərə gediblər. Nəzərə alsaq ki, Türkiyədə və İranda çox böyük sayda kürdlər yaşayır, bu müstəqillik gələcəkdə heç şübhəsiz bu iki dövlət üçün problem yaradacaq. Digər tərəfdən bölgədə qüvvələr balansı yenidən dəyişəcək, bu da dövlətlərin xarici siyasətini kökdən dəyişməsini tələb edəcək. Bütün bunları nəzərə alaraq qonşu dövlətlər, çox düzgün olaraq bu referanduma qarşıdırlar. Baxmayaraq ki, Türkiyə ilə Kürd Muxtar Bölgəsi arasında çox yüksək iqtisadi əlaqələr var, Türkiyə bu əlaqələri həmişə ilk növbədə rəsmi Bağdadın çərçivələri arasında aparıb. Kürd Muxtar Bölgəsi ilə olan münasibətlər Türkiyə üçün həyati əhəmiyyət daşımır.

 

Kürdlərlə Türkiyənin yaxınlığının əsas səbəbi İŞİD-ə qarşı mübarizə təməlində durur. Doğrusu, Türkiyə Kürd Muxtar Bölgəsini İŞİD-ə və PKK-ya qarşı mübarizədə yaxın ortaq kimi görmür. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz məsələ, Ankara müqaviləsi də problemin əsas nüanslarından biridir. Qeyd etdiyimiz kimi, müqavilə o şərtlə Mosul və Kərkükü İraq sərhədləri içində saxlayır ki, bu iki dövlətin-Türkiyə və İraqın-sərhədləri dəyişdirilməsin. Yəni, əgər kürdlər müstəqillik qazanarlarsa Ankara müqaviləsinin şərtləri pozulmuş olur və müqavilədən əvvəlki vəziyyətə dönülmüş olur. Bu da Türkiyənin İraqa müdaxilə etməsinə hüquqi təminat vermiş olur. Mosul və Kərkük ərazilərində olan neft quyuları da Türkiyənin iştahını artıran əsas səbəblərdən biridir.

 

İran Kürdlərin müstəqilliyinə qarşı həm iqtisadi blokada, həm də İraqdakı Həşdi-Şəbih qüvvələri vasitəsilə mane olmağa çalışır. İran da mövcud situasiyada İraqın ərazi bütövlüyünü dəstəkləməyi üstün tutur. Artıq başlamış hərbi müdaxilə bu məsələnin İran üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

 

Kürdlərin özlərinə gəldikdə, xalqın ümumi əhval-ruhiyyəsi müstəqillik yönündədir. Bərzaninin şovinist şüarları ilə xalq gələcəyini fikirləşmədən referendumdan hə cavabını alıb müstəqillik istəyir. Çünki, artıq yüz ilə yaxındır ki, kürdlər hər dəfə imkan tapdıqda və müəyyən boşluq yarandıqda bundan istifadə edib müstəqillik ideyalarını irəli sürürlər. Bərzaniyə ABŞ tərəfindən açıq qapı buraxılması Səddamın Küveytə müdaxiləsini xatırlada bilər. Həmin vaxt da eynilə indi Bərzani misalında olduğu kimi Səddam Hüseyinə açıq qapı buraxılıb və sonra məsələyə müdaxilə edilmişdi. Ancaq, bu nümunənin o sonla bitmə ehtimalı çox azdır. Çünki, referendumdan “HƏ” cavabının çıxması hələ bölgənin müstəqil olması deyil. Bunu kürd rəsmiləri də bildirirlər. Burdan o nəticəni çıxarmaq olar ki, Bərzani referandumdan çıxacaq müsbət cavabı müstəqil olmaqdan çox siyasi rəsmi Bağdad ilə mübarizədə çox güclü bir kart kimi əlində saxlamaq istəyir.

 

Türkiyənin daha çox Kərkük məsələsini vurğulaması Bərzaninin Kərkükü yeni yaranacaq dövlətin tərkibində saxlamasına səbəbdir böyük ehtimalla. Çünki, əgər Bərzani doğurdan da bu referendumdan sonra müstəqilliyini elan etmək istəyəcəksə mütləq şəkildə Türkiyənin etirazı ilə qarşılaşacaq. Bu həm diplomatik, həm də hərbi müdaxilə formasında ola bilər. O zaman Bərzani Kərkükü bir kart kimi oynaya bilər.

 

Kərkükdəki Türkmənlər də hadisələrdən çox da razı deyillər. Yeni yaranacaq dövlətin tərkibində etnik ayrı-seçkiliyə məruz qalma ehtimalı çox yüksəkdir. Buna görə də Türkmənlər başda olmaqla digər etnik azlıqlar kürdlərin müstəqilliyinin əleyhinədirlər.

 

Kürd probleminin kökündə yatan ən əhəmiyyətli səbəblərdən biri də beynəlxalq hüquqdur. Helsinki aktı dövlətlərin ərazi bütövlüyünün toxunulmaz olduğunu iddia etməklə bərabər, xalqların öz müqəddaratını təyin etmək hüququnun da olduğunu iddia edir. Məhz bu səbəbdən, bir dövlət daxilində yaşayan və sayca çox olan millətlər bəzən bu tip iddialar irəli sürməyə başlayırlar.

 

Məsələyə qayıtsaq, bəli, referendumdan böyük ehtimalla “Hə” cavabı çıxacaq. Ancaq, Bərzani bu hə cavabını əsas alıb birbaşa müstəqillik iddia etməyəcəyi də açıqdır. Çünki, ən azından bu iddia hələlik İraq konstitusiyasına ziddir. İlk olaraq rəsmi Bağdad ilə danışıqlara gedilməlidir. Digər tərəfdən Türkiyə və İranın təzyiqləri qarşısında nə qədər tab gətirə biləcəkləri də qəti deyil ki, bu təzyiqlər hərbi formada da ola bilər. Nəticənin nə olacağından asılı olmayaraq referendumun regiona mənfi təsir göstərəcəyi açıqdır. 

 

 Əhəd Əhədli

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır