Modern.az

Ərdoğan ABŞ-ı ittiham etdi

Ərdoğan ABŞ-ı ittiham etdi

Dünya

10 Oktyabr 2017, 21:36

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ münasibətlərindəki problemin səbəbkarının rəsmi Vaşinqton olduğunu bildirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Belqradda Serbiya prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında R.T.Ərdoğan belə bir açıqlama ilə çıxış edib.

Türkiyə prezidenti deyib ki, ABŞ-ın Ankaradakı səfirinin Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaq barədə qərar verməsi və daha sonra ABŞ dövləti adına belə bir qərar verdiyini bəyan etməsi düşündürücüdür: “Əgər vəziyyət belədirsə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə müzakirə edəcəyimiz bir şey yoxdur. Əgər elə deyilsə, səfir belə bir qərarı özbaşına qəbul edibsə, ABŞ hökuməti o səfiri geri çağırmalıdır. Səfirə deyilməlidir ki, Türkiyə-ABŞ münasibətlərini necə pozursan?! Əgər bizim səfir belə bir hərəkət etsəydi, bir dəqiqə belə vəzifədə saxlamazdım. ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda çalışan şəxsin FETÖ terror təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılması və həbs edilməsi, daha sonra isə konsulluqda çalışan başqa bir şəxs barədə də həbs qərarı verilməsi ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda nələrinsə baş verdiyini göstərir. Bu casuslar ABŞ konsulluğuna necə sızıb? Sızmayıblarsa, bu şəxsləri Baş Konsulluğa kimlər işə götürüb? Heç bir dövlət onu daxildən təhdid edəcək casuslara imkan verməz. Dünən də bəyan etdim, Türkiyə bir qəbilə dövləti deyil, belə münasibətə yol verə bilməz. Həmin səfir hazırda vida ziyarətləri həyata keçirir. Biz o səfirin vida ziyarətlərini qəbul etmirik, o səfiri ABŞ-ın Türkiyədəki təmsilçisi də saymırıq”.

 

Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M.Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinən ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir türkiyəli əməkdaşı barədə də həbs qərarı verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır