Modern.az

Bəzi ekspertlər şirkətlərlə əlbir olub, “məzillər bahalaşacaq” xəbəri yayırlar

Bəzi ekspertlər şirkətlərlə əlbir olub, “məzillər bahalaşacaq” xəbəri yayırlar

Aktual

23 Oktyabr 2017, 14:09

2015-ci il devalvasiyalarından sonra əhalinin real gəlirləri fonunda daşınmaz əmlaka tələb azalıb.

Mövcud vəziyyət mənfi dinamikanın davam edəcəyini deməyə əsas verir.  

Belə ki, “Uyğun qiymətə mənzil təminatının inkişafı üzrə yol xəritəsi”ndə ildə 3 min yeni mənzilin tikiləcəyi göstərilib.

İlkin mənzil bazarının təxminən 20 faizinin Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikiləcəyi proqnozlaşdırılır. MİDA tərəfindən tikiləcək mənzillər istənilən halda başqa evlərdən ucuz təklif ediləcək. Bunun əsas səbəblərindən biri mənzillərin büdcəyə uyğun olması, ikincisi evin ölçülərinin nisbətən yığcamlığı və ən əsası mənzilin sahəsinin iç divarlardan hesablanmasıdır.

Qiyməti nisbətən aşağı salan başqa amil evlərin dövlət ərazisində tikilməsi, həmçinin, bir sıra qeyri-rəsmi xərclərin aradan qaldırılması olacaq.

Əlində pul bu evlərin satışa çıxarılacağını gözləyən çox sayda insanın olduğunu nəzərə alsaq, digər tikinti şirkətləri tərəfindən təklif edilən evlərə marağın azalacağı qaçılmazdır.

Amma bütün bunlara rəğmən, mətbuat səhifələrində “evlər bahalaşacaq” xəbərlərinə rast gəlirik.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, mənzil bazarında bahalaşma olacağı ilə bağlı proqnozlar həqiqəti əks etdirmir:

“İlkin və təkrar mənzil bazarında müəyyən dəyişikliklər gedir. Ümumiyyətlə, son vaxtlar gömrük mexanizmi tamamilə dəyişdiyi və şəffaflıq artırıldığı, bütün növ mallar gömrükdən keçirilərkən qeydiyyata alındığı üçün tikinti materiallarında müəyyən qədər bahalaşma var. Amma bu, mənzil bazarında bahalaşma olacağını deməyə əsas vermir. Mənim fikrimcə, mənzil bazarında ciddi bahalaşmadan söhbət gedə bilməz. Bu, alıcılıq qabiliyyəti ilə mütənasib olan məsələlərdir. Son vaxtlar ipoteka kreditlərinə görə mənzil bazarında təklif artıb. Həmçinin, əlavə mənzil tikintisilə bağlı agentlik yaradılıb. Bütün bunlar mənzil bazarında stabilləşməyə xidmət edir”.

V.Əhmədov bəzi ekspertlərin tikinti şirkətlərilə əlbir işləməsi və mətbuatda spekulyasiyaya yol verməsini də istisna etməyib:

“Bu, onlar üçün problem deyil. Bütün ekspertlərin tikinti şirkətlərilə əlaqələri var. Və istədikləri məlumatı mətbuata ötürməkdə sərbəstdilər. Bu səbəbdəndir ki, son vaxtlar “mənzil bazarında bahalaşma olacaq” xəbərlərini oxuyuruq. Mənzilə həddindən çox tələbat yaranarsa, bahalaşma ola bilər. Ona görə də hesab edirəm ki, bu cür bahalaşma “xəbər”ləri birmənalı olaraq süni şəkildə alıcı cəlb etməyə yönəlib. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2018-cilin dövlət büdcəsindən 250 milyon manat vəsait ayrılıb. Bütün bunların qarşılığında bahalaşma olacağını demək doğru yanaşma deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır