Modern.az

“Roma” - “Qarabağ” oyununa azərbaycanlı azarkeşlər sürpriz HAZIRLAYIB

“Roma” - “Qarabağ” oyununa azərbaycanlı azarkeşlər sürpriz HAZIRLAYIB

5 Dekabr 2017, 09:45

UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” klubu İtaliyanın “Roma” klubu ilə qarşılaşacaq.

 

Oyundan öncə bir qrup azərbaycanlı gənc İtaliyaya gedən “Qarabağ” klubunun futbolçularını coşqu ilə qarşılayıb.

 

Bu barədə Azərbaycan-İtaliya Gənclər Assosasiyasının həmsədri Emin Rüstəmov Modern.az-a danışıb. O bildirib ki, Assosasiyanın təşəbbüsü ilə bir qrup gənc  milli musiqimizin sədaları altında komandamıza dəstək nümayiş etdirib:

 

““Qarabağ” klubunun futbolçuları ilə görüşdük və demək olar ki, hamısı ilə həmsöhbət olduq. Futbolçularımız  bizə çox mehriban və səmimi münasibət göstərdilər. 

 

Bəzən onları salam verməməklə qınayırlar. Amma nəzərə almaq lazımdır ki, oyunçularımız  uzun yol gəlir və yorğun olurlar. Bu baxımdan onlarla görüşməkdə heç bir problem olmadı. Hazırda əhval-ruhiyyə əladır  və hər kəs səbrsizliklə bu günkü oyunu gözləyir”.

 

E.Rüstəmov qeyd edib ki, “Qarabağ”-“Roma” oyunu  zamanı stadionda sürpriz olacaq:

 

“Azərbaycanlılar olan sektorda 162 nəfərin iştirakı ilə bayrağımızın  təsvirini özündə əks etdirən bir xareoqrafiya hazırlamışıq. Hər kəsə bir ədəd A3 formatında rəngli kağızlar düşür. Həmin kağızları yuxarı qaldıran zaman bayraq əmələ gələcək. 28 nəfərin iştirakı ilə isə böyük “Qarabağ” yazısı olacaq. Yuxarıda bayraq təsvirinin, aşağıda isə “Qarabağ” yazısının eyni anda açılması bir növ subliminal mesajdır. Biz  Qarabağın Azərbaycana məxsus olduğunu bir daha xatırladacağıq.

 

Əslində siyasi pankartların açılmasına  icazə vermədilər. Ona görə də bunu edə bildik.  Bunun üçün kluba müraciət etmişik ki, UEFA-dan icazə alsınlar. Bildiyim qədərilə artıq  heç bir problem qalmayıb. Ümid edirik, uğurlu alınar. Qeyd edim ki, ideya bizə məxsusdur”.

 

Müsahibimiz bildirib ki,  oyunda Azərbaycan sektorunda 200-dən çox azərbaycanlı olacaq:

 

“Amma romalıların arasında da azərbaycanlılar olacaq. Çünki bileti oradan alanlar da var”.

 

Xatırladaq ki, “Roma”-“Qarabağ” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:45-də İtaliya paytaxtındakı “Olimpiko” stadionunda başlayacaq. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır