Modern.az

“Azərbaycan Universal Ekspoya ev sahibliyi etməyə iddialı olan ilk Qafqaz ölkəsidir”

“Azərbaycan “Universal Ekspo”ya ev sahibliyi etməyə iddialı olan ilk Qafqaz ölkəsidir”

7 Dekabr 2017, 13:32

Bu barədə Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar  üzrə prorektoru​ Ceyhun Osmanlının London Post-da dərc olunan məqaləsində bildirilir.

 

Müəllif yazır ki, “Bu ayın əvvəli EKSPO-2025 üçün yarışan bir neçə ölkə mərkəzi Parisdə yerləşən Beynəlxalq Sərgilər Bürosunda (International des Expositions – BIE) bir araya gəldi. Mövzuların əsasən gələcək texnologiyalarla bağlı olduğu təqdimatlarda (“İnnovasiyalar” – Ekaterinburq, Rusiya, “5.0 cəmiyyəti” – Osaka, Yaponiya və “Bilik cəmiyyəti” – Paris, Fransa). Bakı diqqəti İnsan Kapitalına yönəltdi”

Azərbaycanın 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyeva qeyd etdi ki, ölkəsinin məqsədi bu sərgi ilə dünyanın “ən güclü resursunu ” - insan kapitalını dünya gündəminə çıxarmaqdır. O, daha sonra qeyd etdi ki, Azərbaycanın 2025-ci il Eksposu üçün öz şüarı olaraq təqdim etdiyi əsas mövzu olan “İnsan kapitalı” ilə yanaşı, “İstedad”, “Sağlamlıq” və “Nailiyyət” Azərbaycanın təklif etdiyi alt mövzulardır və bu da BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uyğunluq təşkil edir.

Ölkəsinin Avropa və Asiya sivilizasiyalarının qovşağında çox önəmli enerji və nəqliyyat körpüsü olduğunu qeyd edən Mehriban xanım Əliyeva bildirdi ki, Azərbaycan özünün qədim tarixi, əlverişli coğrafi mövqeyi, durmadan inkişaf edən infrastrukturu, rahatlığı, zəngin mətbəxi və qonaqpərvərliyi ilə Ekspo-2025 üçün çox uyğundur.

2016-cı ildən Formula 1 yarışlarının Avropa  Qran Prisinə ev sahibliyi edən Bakı şəhərinin beynəlxalq tədbirlərin təşkilində müstəsna təcrübəsi vardır. Hələ 2025-ci ilə qədər Bakı bu yarışlara hər il ev sahibliyi edəcək, o cümlədən 2020-ci ildə UEFA xətti ilə Avropa Futbol Yarışlarının keçirildiyi şəhərlərdən biri olacaq.

Beynəlxalq Sərgilər Bürosunun 170 üzv ölkəsindən sadəcə 18-nin  Ümumdünya Ekspolarına ev sahibliyi etmək təcrübəsi var. Bunlardan birincisi 1851-ci ildə Londonda keçirilmişdir. Daha sonra isə bu ənənə əsasən qərb ölkələri olmaqla, digər ölkələrə də yayılmışdır. Çin və Yaponiyanı çıxmaq şərti ilə hələ ki, heç bir Asiya ölkəsi Universal Ekspoya ev sahibliyi edə bilməmişdir. Müvəffəq olacağı təqdirdə Azərbaycan bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsində Universal Ekspoya nail olmuş ilk ölkə olacaqdır.

Ekspo-2025 üçün rəqiblərimiz arasında olan Fransa və Yaponiya əvvəllər Ümumdünya Eksposu keçirmişdir. 1855 və 1900-cu illər arasında 5 Ekspo keçirən Paris 1937-ci ildə Ümumdünya Eksposuna ev sahibliyi etmişdir. 1947-1969-cu illər arasında isə Fransanın Paris, Lyon və Lil şəhərlərində 3 ixtisaslaşmış Ekspo keçirilmişdir. Eyni zamanda Paris 2024-cü il Yay Olimpiya Oyunlarının və 2023-cü il Dünya Reqbi Çempionatının keçirilməsi üçün seçilmişdir.

Osaka isə 1970-ci ildə Ümumdünya Eksposunu keçirmiş, bununla yanaşı 1975, 1985, 2005-ci illərdə müxtəlif ixtisaslaşmış sərgilər təşkil etmişdir. Yaponiyanın Tokio şəhəri isə öz növbəsində 2019-cu il Dünya Reqbi Çempionatına, 2020-ci il Olimpiya və Parolimpiya oyunlarına ev sahibliyi edəcəkdir.

3-cü rəqibimiz olan Yekaterinburqun da bizim kimi Universal Ekspo keçirmək təcrübəsi yoxdur. Rusiyanın 4-cü ən böyük şəhəri olan Yekaterinburq 2020-ci il Ümumdünya Eksposu üçün Dubayla rəqabətdə müxtəlif səbəblərdən müvəffəq ola bilmədi: bu səbəblər arasında təcrübənin yetərsizliyi ilə yanaşı nəqliyyatın oraya rahat və  əlçatan olmaması göstərilirdi.             Rusiyadan fərqli olaraq digər 2 rəqibimiz olan Fransa və Yaponiyanın Universal Ekspo keçirmək təcrübəsi vardır, lakin onların 2020 və 2024 Yay Olimpiya Oyunları üçün öhdəlikləri olduğunu nəzərə alaraq Ekspoya yolları bağlana bilər.

Xüsusi ilə qeyd etmək lazımdır ki, Bakı namizədlər arasında yeganə paytaxt şəhəridir ki, gələcək sərgi iştirakçılarının xidmətinə paytaxtda ərazi ayırır. Plana əsasən  Bakının şərqinə bitişik 200 hektar ərazidə Ekspo mərkəzi inşa olunacaqdır. Parisdə isə Ekspo ərazisi üçün Saclay göstərilir, bu ərazi isə Versaldan 18 km uzaqdadır.

Uğurlu namizədin seçimi üçün əsas göstəricilərdən biri layihənin maliyyələşmə imkanlarıdır. Fransa höküməti 2024-cü il Olimpiya Oyunlarının xərcləri ilə yüklənmiş kimi görünür və indidən bəzi dairələr yetərli maliyyə vəsaiti olmayacağı təqdirdə Fransanın Ekspodan namizədliyini geri götürəcəyini dilə gətirir. Yaponiyada isə hesab edirlər ki, Olimpiya Oyunları ilə müqayisədə Ekspo daha az gəlirli və daha az populyardır. Xüsusi ilə də qeyd olunur ki, Olimpiya Oyunlarını cəlbedici edən onun televiziyalar vasitəsi ilə yayınlanmasıdır.  Lakin bunlardan fərqli olaraq, Azərbaycanın 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyeva öz təqdimatında bildirmişdir ki, Azərbaycan höküməti Bakının Ekspo-2025 ilə bağlı iddiasını hərtərəfli olaraq dəstəkləyəcək.

2018-ci ilin noyabrında 2025-ci il Eksposuna ev sahibliyi edəcək şəhərlə bağlı qərar qəbul ediləcəkdir və vaxta çox az qalır. Bu tarixdə ərizəçi ölkələr yekun təqdimatlarını hazırlayacaq və qərar gizli səsvermə yolu ilə qəbul ediləcək.

Eksponun həqiqətən də universal maraqlara cavab verməsi və üzv ölkələrlə bağlı müxtəlifliyin qorunması, daha çox ölkənin bura qoşula bilməsi üçün 170 ölkənin səsvermədə təmsil edən nümayəndələri gələcəkdə daha çox və fərqli ölkələrin bu prosesdə iştirak etməsinə şərait yaratmalıdır.

Bununla bağlı olaraq inanıram ki, Azərbaycan öz güclü göstəriciləri ilə fərqlənir və  bu günə qədər Milan, Antalya və Astanada keçirilən Ekspolarda mükafata layiq pavilyonları ilə Ekspo-2025 üçün ev sahibliyi etmək şansı olan ilk Qafqaz ölkəsidir.

//thelondonpost.net/expo-2025-baku-azerbaijans-bid-become-first-caucasus-country-host-universal-expo/

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi