Modern.az

Dünya alimləri Bakıda

Dünya alimləri Bakıda

Aktual

19 Fevral 2018, 13:26

Fevralın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji, ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” ERASMUS+LPEB layihəsinin beynəlxalq pilot qrupunun 3-cü seminarı təşkil olunub.

 

Seminar iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin AzTU-dakı büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

 

Beynəlxalq pilot qrupunun 3-cü seminarının plenar iclasında çıxış edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycan ali təhsil müəssisələrinin dünya, o cümlədən Avropa universitetləri ilə qarşılıqlı əlaqələrindən danışıb. Rektor əvəzi qeyd edib ki, Azərbaycanın uğurlu xarici siyasəti ali təhsil sahəsində dünya elminə inteqrasiyanı sürətləndirir. Rektor əvəzi, gənclərimizin dövlət hesabına ən nüfuzlu xarici universitetlərə göndərilməsinin, universitetlərimizlə xarici universitetlər arasında ikili diplom müqavilələrinin imzalanmasının bu siyasətin bariz nümunəsi olduğunu vurğulayıb.

 

ERASMUS+LPEB layihəsinin regional koordinatoru, AzTU-nun kafedra müdiri, professor Həsən Hüseynov isə çıxışında bu layihə çərçivəsində ölkəmizdə binaların enerji, ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrının ən müasir səviyyədə hazırlamağın mümkünləşdiyini bildirib. Həsən Hüseynov qeyd edib ki, bu layihə çərçivəsində ixtisasa yiyələnən kadrların işlə təminatı məsələsində problem yaranmayacaq. Bu kadrlara əmək bazarında böyük ehtiyac olduğunu vurğulayan regional koordinator, əlavə edib ki,onlara qoyulan tələbləri birbaşa olaraq əmək bazarında olan ixtisaslı mütəxəssislər, rəhbər şəxslər müəyyən edib.

 

Daha sonra çıxış edən xarici qonaqlar Azərbaycan ali təhsili ilə bağlı təəssüratlarını bölüşüblər.

 

Qeyd edək ki, plenar iclasda İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massarini, həmçinin, layihədə iştirak edən 8 ölkədən - Fransadan-3, İtaliyadan-3, Almaniyadan-1, İspaniyadan-1, Bolqarıstandan-1, Rusiya Federasiyasından-13, Çin Xalq Respublikasından-3, Azərbaycandan -5 , universitetvə təşkilat təmsil olunub. Öz işini bölmə iclasları ilə davam etdirəcək seminar fevralın 23-də yekunlaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır