Modern.az

Azərbaycanda QHT sədri Avropa Parlamentinə müraciət etdi  

Azərbaycanda QHT sədri Avropa Parlamentinə müraciət etdi   

Aktual

22 Fevral 2018, 14:37

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə Avropa parlamentinin üzvlərinə müraciət edib.

Modern.az-ın məlumtına görə, müraciətdə deyilir: 

 

“Hörmətli Avropa parlamentinin üzvləri,

 

Bildiyiniz kimi, 2018-ci ilin yanvar ayında Avropa Parlamenti (AP) üzvü Lars Adaktusson  Azərbaycan dövlətinin rəsmi icazəsi olmadan, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etmişdir.

 

Bu səfər və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin təmsilçiləri ilə görüş ölkəmizə və onun beynəlxalq aləmdə tanınan ərazi bütövlüyünə açıq hörmətsizlik və beynəlxalq hüquqa ziddir.

 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan ərazilərinin qeyd şərtsiz erməni hərbi birləşmələri tərəfindən azad olunması ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul olunub. Təəssüf ki, bu günə kimi bu 4  qətnamənin icrası təmin olunmayıb.

 

Biz Avropa Parlamentinin üzvlərini və Avropa ictimaiyyətini qeyd olunan işğal faktına, qaçqın və məcburi köçkün düşmüş 1 milyondan artıq azərbaycanlının hüquqlarının pozulmasına biganə qalmamağa çağırırıq.

 

Eyni zamanda bildirmək istədik ki, 27 fevral 2018-ci ildə AP üzvləri Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamentinin binasında erməni lobbi təşkilatlarının sponsorluğu ilə Dağlıq Qarabağla  bağlı tədbir keçirməyi planlaşdırılır.

 

Ertəsi gün, 28 fevral 2018-ci ildə AP-nin  binasında  AP-nin üzvü Frank Engelin təşkilatçılığı və erməni  lobbi qruplarının sponsorluğu  ilə “Dağlıq Qarabağ və Aİ: 1988-2018” mövzusunda tədbir keçirilməsi nəzərdə tutulur.

 

Çox təəssüf hissi ilə bildiririk ki, bu tədbirlər Xocalı Soyqırımının 26-cı ildönümü ərəfəsində keçirilir.  Avropa Parlamenti kimi mötəbər təşkilat bu faciədə qətlə yetirilmiş 613 nəfər Xocalı sakininə  biganə qalmaqla yanaşı, Ermənistanın işğalçı siyasətinin təqdimatı üçün şərait yaratmışdır.

 

Ermənistan tərəfindən törədilən Xocalı Soyqırımında qətlə yetirilən  613 azərbaycanlıdan 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qocadır. Həmçinin 1275 nəfər ermənilər tərəfindən əsir götürülmüş, 150 nəfər isə  itkin düşmüşdür.

 

  • Biz “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi olaraq,  Avropa Parlamentinin üzvlərini  icazəsiz olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfərlərdən çəkinməyə və bu səfərlərdə olan deputatların hərəkətlərinin pislənilməsinə çağırırıq.

 

  • Eyni zamanda  Avropa Parlamentinin binasında fevralın 27 və 28-də nəzərdə tutulan və birtərəfli qaydada ermənilərin mənafeyinə xidmət edən tədbirlərə Avropa parlamentinin üzvlərinin qatılmamasına çağırış edirik.

 

Bu tədbirlərdə iştirak etmək işğala və  separatizmə dəstək olmaq,  azərbaycanlılara qarşı etnik təmizləmə aparan Ermənistan rejiminə siyasi və mənəvi dəstək olmaq kimi qəbul edilir.

 

Hesab edirik ki, Avropa Parlamentinin üzvləri qeyd olunan məsələlərdə həssaslıq nümayiş etdirərək, beynəlxalq hüquqdan irəli gələn  öhdəliklərə hörmətlə yanaşacaqlar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır