Modern.az

“Dövlət Departamenti Bako Saakyanı qəbul edərsə...” – Politoloq ŞƏRHİ

“Dövlət Departamenti Bako Saakyanı qəbul edərsə...” – Politoloq ŞƏRHİ

13 Mart 2018, 12:12

İşğal altındakı Dağlıq Qarabağda separatçı rejimə başçılıq edən Bako Saakyanın  ABŞ Konqresinə dəvət olunması dünəndən başlayaraq Bakı ilə Ağ Ev arasında gərginliyi pik həddə çatdırıb.

 

Qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında separatçıları təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Məsələyə XİN-nin mətbuat katibi Hikmət Hacıyev də münasibət bildirib.

“ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır”.


Maraqlıdır, rəsmi Bakının rəsmi Vaşinqtona nota verməsi martın 14-də Bako Saakyanın tribunaya çıxmasına əngəl ola biləcəkmi?

Separatçılara qucaq açan ABŞ-ın Azərbaycanla münasibətləri bundan sonra necə davam etdiriləcək?

 

Modern.az-ın bu və ya digər suallarını “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. Onun sözlərinə görə,  separatçıların rəhbərinin  Dövlət Departamenti tərəfindən qəbul edilməsi, artıq xoş olmayan haldır.

“Dövlət Departamenti Bako Saakyanı qəbul edərsə...”

“Bu, Azərbaycan -Amerika münasibətlərinə mənfi təsir edən hadisədir. Əgər belə bir hadisə baş versə, Azərbaycan-Amerika münasibətlərinə kölgə salacaq. Həmçinin, bu hadisə antiazərbaycan hadisəsi kimi dəyərləndirildi. Nə qədər Ermənistanı Rusiyanın forpostu adlandırsaq da, ədalətlə deyə bilərik ki, Rusiyanın Xarici İşlər Naziri Bako Saakyanı qəbul etməzdi. Çünki bu baş verərsə, ikitərəfli münasibətlərə xələl gələ bilər. Amma Amerika bunu edirsə, deməli, Azərbaycanın maraqlarını nəzərə almırlar. Baxmayaraq ki, sözdə “Azərbaycanla tərəfdaşıq” deyirlər, əməldə əks addım atırlar. Əgər Dövlət Departamenti Bako Saakyanı qəbul edib onunla müzakirələr aparsa, bu, sırf antiazərbaycan addımı olacaq”.

 

Separatçılara qarşı ikili standrtlar

 Siyasi ekspert bildirib ki, Amerikanın separatçılara münasibətində də ikili standartlar var.

“Rəsmi qurumun Saakyanı qəbul etməsi onu göstərir ki, sanki separatçıları tanıyırlar. Halbuki burada da ikili standartlar mövcuddur. Heç vaxt eşidə bilmərik ki,  Vaşinqtonda Dombas, Abxaziya, Cənubi Osetiya separatçılarını qəbul edələr. Üstəlik hamısı bir mərkəzdən idarə olunur. Sanki ermənilərə xüsusi simpatiya var və ona görə də erməniləri qəbul edib  separatçılarına dəstək verirlər”.

 

Erməni lobbisinin gücü nə dərəcədə aktualdır?!

Elxan Şahinoğlu separatçıların dəvət olunması faktorunda lobbi fəaliyyətinin qeyri-mümkünlüyünü vurğulayıb.

“Bu məsələnin erməni lobbisinə təsiri yoxdur. Erməni lobbisi nə qədər güclü olsa da,  Bako Saakyanı Konqresə gətirtmək üstəgəl, Dövlət Departamentində görüş təşkil etmək erməni lobbisinə bağlı deyil. Bu, daha çox Vaşinqtonun siyasəti ilə bağlıdır. Tutaq ki, erməni lobbisinin konqresə təsiri var. Bəs Dövlət Departamenti?! Dövlət Departamentinə lobbilərin təsiri olmamalıdır. Bu deməkdir ki, Amerikanın siyasəti budur. Erməni separatçılarını qəbul edib onlarla fikir mübadiləsi aparılmasını doğru sayırlar. Bayaq dediyim kimi digər separatçıları heç vaxt qəbul etməzlər. Amma erməni separatçılarına hörmətlə yanaşırlar”.

 

Amerikanın Minsk qrupundakı  yeri necə görünəcək?!

Politoloq deyir ki, artıq Minsk qrupuna inam yoxdur.

“Artıq Azərbaycan ictimaiyyətinin Minsk qrupunun fəaliyyətinə inamı qalmaıyb. Xüsusilə, Minsk qrupunun üzvü olan bir dövlət separatizmə dəstək verirsə, bundan sonra Amerikaya olan münasibət bir az da gərginləşəcək. Bundan sonra soruşmasınlar ki niyə Amerikaya belə münasibət var. Vaxtilə Türkiyəni də özlərindən bu cür uzaqlaşdırıblar. İndi eyni proses Azərbaycanla münasibətlərdə  baş verir. Hesab edirəm ki, bu məqamda Azərbaycan diplomatiyası bir az da fəal olmalıdır. Azərbaycanın Amerikadakı səfiri fəal olmalı və bunun qarşısının alınması istiqamətində işlər həyata keçirilməlidir. Amerika konqresində Azərbaycana önəm verən konqresmenlər var. Ara-sıra Bakıya da gəlirlər. Bəs niyə onlar səslərini çıxartmırlar?! Niyə biri çıxıb demir ki, Bako Saakyanın konqresə çıxarılması düzgün deyil. Əslində, öz qüsurlarımza da baxmalıyıq”.

 

Bəs bu məsələdə Rusiya necə davranacaq?!

Ekspert Amerika-Azərbaycan münasibətlərində Rusiyanın addımını da şərh edib.

“Rusiya bu hadisədən öz məqsədləri üçün gen-bol yararlanacaq. Nə qədər ki, Amerika-Azərbaycan münasibətləri soyuyub gərgin qalacaqsa, bu, avtomatik olaraq Rusiyanın xeyrinədir. Məsələn, Türkiyə-Amerika münasibətləri soyuyursa, Rusiyanın xeyrinədir. Maraqlıdır ki, bunu Rusiya etmir. Bunu Amerika bilərəkdən edir. O zaman siz niyə Azərbaycanı özünüzdən küskün salırsınız?! Əslində, bu məsələlərdə ən böyük səhvi Amerika edir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir