Modern.az

Bakıda 3 nəfəri öldürən partlayışa görə vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ  

Bakıda 3 nəfəri öldürən partlayışa görə vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ  

Aktual

22 May 2018, 17:22

Bakı şəhər prokurorluğu mayın 21-də Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin həyətində fəaliyyət göstərən çayxanadakı partlayışla bağlı məlumat yayıb.

Prokurorluqdan Modern.az-a bildirlib ki, həmin gün saat 15 radələrində iki nəfərin ölümü ilə nəticələnən propan qaz balonlarının partlaması ilə bağlı rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə rayon prokurorluğunun, polis idarəsinin, Regional Qaz İstismar Departamentinin Binəqədi istismar idarəsinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 


Hadisə nəticəsində çayxananın işçisi Saatov Söhrab Yusif oğlu, həmin vaxt orada olmuş müştəri İbrahimova Mömünə Rəhim qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş, çayxanada olmuş digər müştəri İbrahimov Natiq Zahid oğlu və çayxananın işçisi İbrahimova Şəkər Xosrov qızı isə 5 №-li Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdiriliblər.

 

N.İbrahimov mayın 22-də xəstəxanada dünyasını dəyişib, Ş.İbrahimovanın isə müalicəsi hazırda davam etdirilir.

 

Cinayət işi üzrə “Azərtransservis” ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu şübhəli şəxs qismində tutulub.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır