"Şərq" qəzeti "Qaçqın və məcburi köçkünlərin problemlərinin öyrənilməsi və işıqlandırılması" layihəsinin icrasını davam etdirir. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti hesabına həyata keçirilən layihənin icrasına sentyabr ayındanbaşlanılıb.
Layihənin məqsədi qaçqın və məcburi köçkünlərin sosial durumunun öyrənilməsi, onların üzləşdikləri problemlər və neqativ halların araşdırılması, müəyyənləşdirilmiş faktların dövlət strukturlarının nəzərinə çatdırılması, həmçinin 1 milyon insanın Ermənistanın işğalçı siyasətinin qurbanına çevrilməsini beynəlxalq aləmə, təşkilatlara, diplomatik korpuslara çatdırmaqdan ibarətdir.
Layihənin icrasının üçüncü ayında "Şərq" qəzetinin əməkdaşları məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdıqları rayonlarda olublar. Bu günlərdə qəzet əməkdaşları Ağdam, Beyləqan və Füzuli rayonlarına səfər edərək adıçəkilən rayonlarda məskunlaşmış məcburi köçkünlərin həyat şəraiti ilə maraqlanıblar. Səfərin nəticəsi olaraq bu günlərdə qaçqın şəhərciklərindən reportajların hazırlanaraq "Şərq" qəzetində işıqlandırılması nəzərdə tutulub. Həmçinin layihənin icrasının ikinci dövründə Biləsuvar və Dəvəçi rayonlarında məcburi köçkünlər üçün salınmış şəhərciklərə jurnalist səfərlərinin təşkil olunması nəzərdə tutulub.
Bundan başqa layihədə "Qaçqın və məcburi köçkün problemi" mövzusunda dəyirmi masanın keçirilməsi, qaçqın və məcburi köçkünlərin sosial şəraiti, problemləri ilə bağlı məlumatların ingilis dilinə tərcümə edilərək səfirliklərə, diaspora təşkilatlarına göndərilməsi, CD-nin hazırlanması nəzərdə tutulub. Həmçinin layihənin yekununda mətbuat konfransı keçirərək 4 ay müddətində görülmüş işlərlə bağlı məlumatın ictimaiyyətə açıqlanması planlaşdırılır.