Modern.az

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək

Aktual

21 Avqust 2018, 13:13

5-7 oktyabr 2018-ci il tarixdə Bakı şəhərində Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək.

Bu barədə Gənclər və İdman Nazirliyindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilən bu Olimpiadada 12 ölkə iştirak etsə də artıq bu say 70-i keçib.

Qeyd edək ki, ölkəmizdə də gənclərin elmi-texniki biliklərinin inkişaf etdirilməsinə göstərilən xüsusi diqqət nəticəsində 7 oktyabr 2017-ci il tarixdə ilk dəfə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim yarışı keçirilib. Yarışda müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar 10-12 noyabr 2017-ci il tarixlərdə Kosta Rikada keçirilən Dünya Robot Olimpiadasının final mərhələsində iştirak etmək hüququ əldə etdi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Robot Olimpiadasının finalına qatıldı. İlk dəfə iştirak etmələrinə baxmayaraq gənclərimiz ölkəmizi layiqincə təmsil etmiş, komandalarımız 71 ölkə arasında 17-ci pillədə qərarlaşıb.

16-18 noyabr 2018-ci il tarixlərdə Tayland Krallığında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək komandaları müəyyənləşdirmək məqsədilə 5-7 oktyabr 2018-ci il tarixlərdə Bakı şəhərində Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək. Xatırladaq ki, Azərbaycanda ilk dəfə 7 oktyabr 2017-ci il tarixdə keçirilən seçim yarışında 8 təhsil müəssisəsindən 22 komanda iştirak etmişdir. 2018-ci il üçün nəzərdə tutulan növbəti seçim yarışında isə 30-dan artıq təhsil müəssisəsindən 70-ə yaxın komandanın mübarizə aparacağı gözlənilir.

Yarışlarda iştirak etmək istəyən gənclər wro-azerbaijan.az saytına daxil olaraq “Qeydiyyat” bölməsində müvafiq anketi dolduraraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 22 sentyabr 2018-ci ildir.

Xatırladaq ki, 2017-ci ilin sonunda Azərbaycan Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır