16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - 100 ilin Parlamenti, Parlamentin 100 ili
100 ilin Parlamenti, Parlamentin 100 ili
20.09.2018, 08:24
Bahar MURADOVA,
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri,
YAP İdarə heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru


100 il bəşər tarixi üçün o qədər də böyük rəqəm olmasa da, ilk demokratik cümhuriyyət elan etmiş Azərbaycan xalqının həyatında taleyüklü qərarların verilməsi və onların yerinə yetirilməsi üçün kifayət qədər əhəmiyyətli və mühüm hadisələrin yaşanması baxımından vacib bir dönəmi əhatə edir.

Qədim dövlətçilik təcrübəsinə malik, zəngin tarixi keçmişi, özünəməxsus mədəniyyəti və dünyagörüşü ilə seçilən xalqımız tariximizin ayrı-ayrı mərhələlərində öz dövlətlərini yaratmış, eləcə də müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmuşdur. Hər zaman malik olduğu bütün sərvətləri imkana, müstəqillik əldə etmək, öz dövlətinə sahib olmaq istək və arzularını isə reallığa çevirmək istiqamətindəki səylərini nəticəyə yönəlmiş fəaliyyət və siyasətlə möhkəmləndirməsi səbəbindən müsəlman Şərqinin ilk respublikasını qurmağı bacarmışdır. Bu, bizim son 100 ildə ən böyük nailiyyətimiz, ən başlıca sərvətimizdir.
 
Çox mürəkkəb bir tarixi şəraitdə, XX yüzilliyin əvvəllərində yeni dünya nizamının formalaşdığı bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün dünyada təşəkkül tapmış mütərəqqi ideyaların regionda, o cümlədən Azərbaycanda da mədəni, elmi və iqtisadi yüksəlişə gətirib çıxarması ilə yanaşı, milli özünüdərkin güclənməsinə şərait yaratmasının məntiqi nəticəsi idi.
Cümhuriyyətin 85 illiyi münasibətilə xalqa müraciət edən ulu öndər Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi. "...İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”, - deyən Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolunu yüksək qiymətləndirmişdir.

Rusiya imperiyası ərazisində yaranmış mürəkkəb geosiyasi, iqtisadi və hərbi kataklizmlərin doğurduğu vəziyyətdən istifadə edərək Azərbaycanın siyasi elitası müstəqil milli dövlətçilik naminə birləşə bildi. Rusiya seçkili orqanlarında təmsilçiliyin müxtəlif səviyyə və mərhələlərində əldə edilmiş çox vacib təcrübədən müstəqil dövləti bəyan etmək, onun atributlarını yaratmaq, "İstiqlal Bəyannaməsi”ni qəbul etməklə üzərinə götürdüyü şərəfli vəzifələri yerinə yetirmək istiqamətində atılan addımlar müxtəlif siyasi cərəyan, partiya və ictimai birliklərin təmsilçilərinin vahid amal uğrunda birliyinin və bu birliyə xalq kütlələrinin dəstəyi nəticəsində mümkün oldu.
Azərbaycan parlamentarizmi tarixində başlanğıc sənəd olan "İstiqlal Bəyannaməsi”ndə nəzərdə tutulan bütün millətlərlə, xüsusilə qonşu dövlətlər və onların xalqları ilə mehriban münasibətlər zəminində qurulacaq əlaqələr, öz ərazisində yaşayan bütün millətlərə sərbəst inkişaf üçün yaradılacaq şərait, tam hüquqlu müstəqil dövlət quruculuğuna milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi və vətəndaşlıq hüququnu tanımaqla hər kəsin iştirakının təmin olunacağına dair dövlətin öhdəlikləri müəyyənləşdirilirdi.

Xalq hakimiyyəti və vətəndaşların bərabərliyi prinsiplərinə əsaslanaraq Azərbaycan Xalq Cümhuriyyəti min illərlə insanlar arasında mövcud olmuş bərabərsizliyi aradan qaldırdı. Hər kəsin şüuruna və qəlbinə azadlıq, müstəqillik, öz taleyinə sahiblik hissini aşılamaqla milli mücadiləyə böyük təkan verdi.

Yüz illərlə tərkibində yaşadığı Çar Rusiyası dağıldıqdan, imperiya çökdükdən sonra Zaqafqaziya seymindən başlanan ictimai-siyasi, tarixi dəyişikliklər demokratiya və müstəqillik uğrunda gedən mübarizə və mücadilələrin məntiqi sonluğu olaraq müstəqil Azərbaycan dövlətini tarixin təkzibolunmaz faktı kimi təsdiq etdi. Özü özlüyündə Azərbaycan xalqının əldə etdiyi nailiyyət olmaqla AXC-nin qurulması bütövlükdə Müsəlman Şərqinin həyatında respublika ideyasına əsaslanan düşüncə və idarə üsulunu gətirmək, milli azadlıq və müstəmləkədən xilas olmaq üçün bir örnək rolunda çıxış etdi.

Yaxın-uzaq dövlətlərlə aparılan sülhsevər siyasət, qarşılıqlı əməkdaşlığa və bir-birlərinin hüquqlarına hörmətə əsaslanan əlaqələr nəticəsində dünya birliyi tərəfindən tanınması və qəbul olunması Azərbaycan Xalq Cümhuriyyətini qısa müddətdə beynəlxalq hüququn subyektinə çevirdi.

Parlamentli respublika üsuli-idarəsinin seçilməsi isə Azərbaycan-Türk şüurunda və həyat tərzində min illərlə mövcud olmuş məşvərət mədəniyyətinin qədim dövlətçilik ənənəsindən müasir demokratik dövlət quruculuğu prosesinin əsas prinsipi kimi təsdiq etməklə müstəqil Azərbaycan dövləti ilə sivil dünya arasında etibarlı əlaqələrin əsas istinadgahı kimi böyük rol oynadı.
1918-ci il mayın 27-də özünü Azərbaycan Milli Şurası elan etmiş AXC qurucuları istər Milli Şura, istərsə də Xalq Müvəqqəti hökuməti çərçivəsində fəaliyyətləri zamanı ölkə həyatı üçün çox vacib addımlar atdılar. Azərbaycanın ilk parlamenti və hökuməti təşkil edildi. Qısa müddətdə ölkənin ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etməli olacaq o zamankı dövr üçün yüksək döyüş qabiliyyətli ordu hissələri yaradıldı. Azərbaycanın dövlət dili, təhsili, mədəni yüksəlişi, iqtisadiyyatı və kənd təsərrüfatı sahəsinin inkişafı üçün əhəmiyyətli qanunlar qəbul edildi.

Bakı şəhərinin yadelli qüvvələrdən azad edilməsi uğrundakı səylər öz səmərəsini verdi. Daşnak, eser, menşevik və s. qüvvələrdən ibarət Sentro Kaspi diktaturası da Bakı Soveti kimi Qafqaz İslam Ordusunun hücumlarına tab gətirməyərək süquta uğradı. Bakı şəhəri 1918-ci il sentyabrın 15-də azad edildikdən sonra Azərbaycan hökuməti əvvəl Tiflis, daha sonra isə Gəncə dövrü fəaliyyətini daha geniş şəkildə davam etdirmək üçün paytaxt Bakıya köçdü.


Milli Şuranın paytaxtda fəaliyyətini bərpa etməsindən sonra isə əsas diqqət Cümhuriyyət Parlamentinin yaradılması prosesinə yönəldildi. Bir sıra vacib tədbirlər həyata keçirildi, hüquqi çərçivələri müəyyən edən əhəmiyyətli sənədlər, xüsusilə Azərbaycan Parlamentinin təşkili haqqında qanun layihəsi üzərində iş başa çatmaqla Parlamentin formalaşmasına başlanıldı. İlk iclas 1918-ci il dekabrın 7-də keçirildi.

Çoxpartiyalı əsasda çağırılan Parlamentin işi xüsusi olaraq hazırlanmış nizamnaməyə əsasən demokratik prinsiplərə uyğun şəkildə qurulurdu. Qanunlar bir qayda olaraq geniş müzakirə və işgüzar fikir mübadiləsi əsasında aparılmaqla 3 oxunuşda qəbul olunurdu. 1920-ci ilin aprel ayının 27-dək 145 iclas keçirilmiş, 270-dən çox qanun layihəsi müzakirə olunmuş, 230-u qəbul olunmuşdu.
Çox çətin və mürəkkəb bir bölgədə, eləcə də bu region və onun sərvətləri uğrunda gedən ziddiyyətli mübarizələr fonunda AXC hökuməti və xüsusilə Parlamenti qarşısına qoyduğu hədəflərə çatmaq üçün ölüm-dirim savaşına girmişdi.
Bu savaş ilk növbədə müasir, dünyəvi, demokratik düşüncə ilə yoxdan bir dövlət qurmaq istəyən öncüllərlə öz həyatını bu ideyaların reallaşması naminə dəyişmək iqtidarında olmayan kəsimin, yəni əhalinin vətəndaşa çevrilməsi prosesinə hazır olmayanların arasında gedirdi.

Cənubi Qafqaz regionunda kəskinləşən daxili ziddiyyətlər, erməni silahlı dəstələrinin mülki azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, bunun ardınca Erməni Milli Şurasının müraciətinə əsasən İrəvanın güzəştə gedilməsindən sonra sülh əldə ediləcəyinə olan ümidlərin puça çıxması, daxili ziddiyyətlərlə bərabər xarici təcavüzkar həmlələrə də davam gətirmək getdikcə çətinləşirdi.
Bolşevik Rusiyasının yeritdiyi siyasətin əsas məqsədi isə, əlbəttə ki, əvvəlki sərhədlərini bərpa etmək, Milli hökumətləri süquta uğratmaq idi. Ağır, üzücü müharibə Qarabağ ətrafında davam edən əsassız ərazi iddialarının körüklənməsi hesabına gənc müstəqil respublikanı taqətdən salmış, müdafiə və təhlükəsizlik sahəsindəki imkanlarını heçə endirmişdi.

Cəmi 23 aylıq ömrü olsa da, bolşevik Rusiyasının təcavüzünə məruz qalaraq 1920-ci il aprelin 28-də işğal edilən Azərbaycan milli dövlətinin milyonların şüurunda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

Sovet Rusiyasının XI Qızıl Ordu dəstələrinin müdaxiləsi və qanlı əməliyyatları nəticəsində çökdürülən AXC Parlamenti də fəaliyyətini dayandırdı. Birinci Respublika və onun Parlamenti tarixin qapalı səhifələrinə, istiqlal məfkurəsi isə müstəqil dövlət arzusunu reallaşdırmağı özünə amal seçmiş insanların qəlblərinə və düşüncələrinə köçdü. Azərbaycanda bütün hakimiyyət inqilab komitəsinə keçdi. Əlbəttə ki, bütün qərarlar və göstərişlər real hakimiyyət orqanı olan K(B)P-ın yerli orqanı Azərbaycan K(B)P Mərkəzi Komitəsi tərəfindən verilirdi və onun iradəsindən kənarda heç nə baş verə bilməzdi.

Respublikanın atdığı ilk addımlardan göründüyü kimi, məqsəd müstəqil dövlətin atributlarını məhv etmək, hərbi və iqtisadi cəhətdən ölkəni Rusiyadan asılı vəziyyətə salmaq, qanunverici orqanın səlahiyyətlərini İnqilab Komitəsinin dekret və qərarları ilə əvəzləməklə proletariatın diktaturasını həyata keçirmək idi. Respublikanın siyasi müstəqilliyi isə əməldə olmayıb yalnız formal xarakter daşıyırdı. Rusiya bolşeviklərinin imperiyanı yeni forma və məzmunda bərpa etməsinə yönəlmiş məqsədlərini ört-basdır etməyə və xarici dəstəyi qazanmaq məqsədlərinə xidmət edirdi. Məhz elə buna görə də qısa müddətdə hakimiyyətin guya xalqa məxsus olduğunu göstərmək üçün nümayəndəli hakimiyyət orqanlarının yaradılmasına start verildi. Bu proses zamanı isə əhalinin əsasən müsəlman olmayan təbəqələrinə üstünlük verilirdi.

Əhalidə milli dövlətin bərpa olunacağına inamı heçə endirmək üçün cümhuriyyət qurucularına qarşı təqib, terror və digər təzyiqlərdən istifadə edilməyə başlandı. Həmin illərdə salamat qalanlar isə 30-cu illərin repressiyalarına məruz qaldılar. Moskvadan asılı olan və bütün təlimatları bu mərkəzdən alan qanunverici orqan və onun təmsilçiləri milli mədəniyyətin, xalqın ana dilinin, inancının təhqir olunmasına, milli-mənəvi dəyərlərinin aşınmasına, tarix və coğrafi sərvətlərinin talan olunmasına nəinki mane ola bilmir, bir çox hallarda bu hərəkət və siyasətləri hüquqi çərçivəyə salan aktlar qəbul etməyə məcbur olurdu.
Azərbaycan yenə də Rusiya üçün ucqar müstəmləkə xarakteri daşıyırdı. İstənilən müqavimət və etirazlar isə dərhal qan içində boğulur, əhaliyə qarşı amansız qəddarlıq nümayiş etdirilir, ərazilər qonşu respublikaların, xüsusilə Ermənistanın istəklərinə uyğun özgəninkiləşdirilirdi. Ümumiyyətlə, bolşevik Rusiyasının ucqarlarla (milli respublikalarla) bağlı siyasəti birinci Konstitusiyanın qəbulundan sonra yeni bir əsasda İttifaq dövlətinin formalaşdırılması istiqamətində addımları ilə müşayiət olunurdu. ZSFSR-in yaradılması yolu ilə Cənubi Qafqaz respublikalarını daha möhkəm vasitələrlə özünə bağlamasını təmin edərək, ayrılmaq imkanlarını mümkünsüz etdi. Maksimum mərkəzləşdirmə siyasəti öz bəhrəsini verdi və 1922-ci ilin dekabrında SSRİ-nin yaradılması ilə kommunist diktaturasının hakimiyyəti daha da möhkəmləndi.

Azərbaycanın türk dünyası ilə əlaqələrini kəsmək istiqamətində addımlar atıldı və lazım gəldiyi zaman daxili sabitliyi pozmaq üçün potensial münaqişə ocağı olaraq Dağlıq Qarabağ Vilayəti adlanan qurum yaradıldı. Müxtəlif adlar altında xaricdən gətirilən ermənilərin bu ərazidə yerləşdirilməsilə xristian ermənilərin sayının süni şəkildə artırılmasına nail olundu.

SSRİ-nin yaradılması və ikinci Konstitusiyanın qəbulu isə respublika parlamenti funksiyasını yerinə yetirən Azərbaycan MİK-in mövcud zahiri formal müstəqilliyində əldən getməsinə səbəb oldu. ZSFSRİ-dən vahid dövlət kimi ZSFSR-a və onun tərkibində SSRİ-yə qatılması Azərbaycanın həyatında ittifaq tərkibində yeni bir dönəmin başlanğıcı oldu. 1920-ci illərin ikinci yarısından başlayaraq Sovetlər hökumətinin kollektivləşmə, sənayeləşmə və mədəni inqilabi siyasəti ittifaqın bütün ucqarlarını da əhatə edərək reallaşdırılmağa başladı.

Bu xəttin yeridilməsinə qarşı çıxan hər hansı bir cəhdin qarşısı qətiyyətlə alınır və hakimiyyət getdikcə daha sərt siyasətə üstünlük verirdi. Həyata keçirilən repressiyalara, qırğın və qətllərə baxmayaraq sosialist təsərrüfatı qurulmasının zorakı üsullarına qarşı etirazlar Azərbaycanın bir çox regionlarını bürüdü. Üstəlik yaranmış ərzaq qıtlığı geniş xalq kütlələrinin həyatını daha da çətinləşdirirdi. Mədəni inqilabın savadsızlığın ləğvi istiqamətində müsbət nəticələrinin olmasına rəğmən bir sıra ağır fəsadları da oldu. Min illərlə mövcud olmuş ənənələrin aradan qaldırılması, milli-mənəvi dəyərlərin aşınması və yerini məcburən yeni sovet mədəniyyətinə verməsi nəticəsində bir sıra mədəni-tarixi və dini abidələr dağıdıldı, əlifbanın bir neçə dəfə dəyişdirilməsi ilə xalqın milli-mədəni səviyyəsinin inkişafının müxtəlif dövrləri arasındakı tarixi əlaqəyə ciddi ziyan vuruldu. Bütün bu tədbirlərin həyata keçirilməsində isə əlbəttə ki, Azərbaycanın qanunverici orqanı mərkəzdən yönəldilən sərt siyasətin yerinə yetirilməsi vasitəsilə hüquqi əsaslar yaradılması ilə iştirak edirdi.

Sovetlərin dünya ölkələri üçün heç də yaxşı nümunə olmaması, dünya inqilabının liderliyinə iddiası, xüsusilə faşizmin artan gücünün daha mürəkkəb bir beynəlxalq şəraitin formalaşdırması ölkədaxili siyasətin daha da sərtləşməsinə, xarici təzyiqlərə daxildən ola biləcək hər hansı dəstəyin qarşısının daha ciddi repressiyalarla alınmasına gətirib çıxardı. Hətta iş o yerə çatdı ki, artıq Böyük Vətən müharibəsinin astanasında ölkənin müdafiəsini və vətəndaşların təhlükəsizliyini təmin etməli olan hərbçilərin kütləvi şəkildə sovet cəza maşınının qurbanına çevrilməsinin acı nəticələrini aradan qaldırmaq mümkün olmadı. Bu illərdə AXC parlamentinin, eləcə də Azərbaycan SSR qanunverici orqanının çoxsaylı nümayəndələri, o cümlədən milli ideya daşıyıcısı olan minlərlə görkəmli ziyalılar, sadə vətəndaşlar, din xadimləri məhv edildilər. Şairlərə, yazıçılara, sənət adamlarına və s. rəhm edilmədi.

Azərbaycanı birbaşa ittifaq dövlətinin üzvü kimi təsbit edən 1936-cı il SSRİ Konstitusiyası və 1937-ci il Azərbaycan SSR Konstitusiyası əsasında qanunverici orqan olaraq Ali Sovet formalaşdı. İldə iki dəfə SSRİ qanunları əsasında hazırlanmış layihələrə səs verməklə və kommunist partiyasının şəriksiz hakimiyyətinin qəbul etdiyi qərarlara qanunverici sənəd statusunu təsdiq etməklə öz vəzifələrini yerinə yetirmiş sayılan deputatlar bunun üçün əməkhaqqı almır, bir növ ictimai əsaslarla parlamentdə işləyirdilər. Sözün əsl mənasında parlamentarizmdən, təşəbbüskarlıqdan, müzakirə, dinləmə mədəniyyətinin formalaşmasından, prinsipial və ortaq mövqe axtarışından söhbət gedə bilməzdi. Azlığın mövqeyinin çoxluq tərəfindən demokratik nəzərə alınması deyil, çoxluğun üstün mövqeyinin diktaturası hakim olan bir təmsilçilik mövcud idi.

Məhz belə bir şəraitdə fəaliyyət göstərən insanlar bütün çətinliklərə, ideoloji basqılara, Stalin repressiyalarına rəğmən həm respublikanın, həm də ittifaq dövlətinin müharibədən çıxması, dağıdılmış iqtisadiyyatın bərpa edilməsi, aclığın, səfalətin aradan qaldırılması, elmin, təhsilin, kənd təsərrüfatının, sənaye və hərbi sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdə yaxından iştirak edir, Azərbaycanın bütün potensialının ümumi dövlət maraqları naminə istifadəsi işini təşkil edir və onun reallaşması üçün hüquqi əsasların yaradılmasına səy göstərirdilər.
Tarixdən məlum olduğu kimi, Azərbaycan xalqı həm müharibə, həm də ondan sonrakı bərpa illəri adlanan dönəmlərdə özünün insani, təbii və digər çoxsaylı resursları ilə böyük fədakarlıqlar göstərmiş, xüsusilə faşizm üzərində qələbənin qazanılmasında müstəsna rol oynamışdır.
Faşizm üzərində koalisiyanın əldə etdiyi nailiyyətlər beynəlxalq münasibətlərdə də bir sıra dəyişikliklərə səbəb oldu. Bir sıra yeni təşkilatlar yarandı. Beynəlxalq birlik insan hüquqları, demokratik azadlıqlar və s. haqda yeni sənədlər qəbul etdi. Dövlətlər öz üzərlərinə bir sıra yeni öhdəliklər götürdülər. Ölkələrin daxili siyasətlərində baş verən bu keyfiyyət dəyişiklikləri Sovetlər İttifaqına da təsirsiz ötüşmədi. Ölkədə milli təşəbbüslərə, sərt münasibətdən ictimai-siyasi və mədəni sahədə ideoloji çərçivələrdən kənar fəaliyyətlərə qarşı repressiyalardan imtinaya gətirib çıxara biləcək bir mülayimləşmə meyilləri hiss olunmağa başlayırdı. Bu isə özünü ilk növbədə parlamentin fəaliyyətində göstərirdi.

1960-cı illərin ortalarından başlayaraq isə Azərbaycanda yeni bir intibah dönəminin başlanğıcı qoyulmağa başladı. Milli özünüdərk, öz köklərinə və tarixinə fərqli baxış, yaradıcı sahələrdə yeni bir ab-hava yarandı. Bütün çatışmazlıqlarına, repressiv və sərt idarəetmə üsullarına rəğmən sovetlərin bütün ölkə miqyasında başlatdığı geniş quruculuq işləri, sosial, iqtisadi və hərbi qüdrətinin artırılması, elmin, intellektual potensialın və mədəni səviyyənin yüksəldilməsi sahəsinə diqqət milli respublikalarda, o cümlədən Azərbaycanda öz müsbət nəticələrini verməkdə idi.

Amma, eyni zamanda, respublikada güclü idarəetməyə, mərkəzin qarşısında bütün imkanlarını ölkə maraqları üçün səfərbər edən Azərbaycanın ehtiyac və çətinliklərini aradan qaldırmağı, ümumi dövlət maraqları çərçivəsində Azərbaycanın da taleyüklü problemlərini nəzərə alan qərarların alınması işini təşkil etməyi, Azərbaycana layiq olduğu dəyərin verilməsinə nail olmağı bacaran bir rəhbərliyə ehtiyac var idi. Eləcə də mövcud hakimiyyət orqanları ilə münasibətlərin daha sağlam əsasda qurulması, insanların üzləşdiyi problemlərin dəf olunması üçün səlahiyyətlərdən düzgün istifadə edilməsi, yeni forma və mexanizmlərin tapılmasına diqqətin artırılması, milli, mədəni dirçəlişin, intibahın davamlı olması üçün lazımi addımlar atılmalı idi. Yalnız bu halda günbəgün dəyişən, dünya nizamının, yeni siyasi məzmun və sosial çalar kəsb edən beynəlxalq aləmin, o cümlədən məcburi ittifaqa cəlb edilmiş respublika və onun xalqlarının gələcək taleyi üçün meydana çıxacaq əhəmiyyətli və tarixi dəyişikliklərin doğuracağı əlverişli şəraitdən yararlanmaq mümkün ola bilərdi.

Hələliksə bu prosesləri dərindən analiz edərək bu hədəflər naminə məhz həmin illərdə lazımi qərarlar verə biləcək insanları dövrün çətinliklərindən çıxararaq irəliyə aparmaq lazım idi. Stalin repressiyalarının Azərbaycana vurduğu yaralar hələ sağalmamışdı. Xalqın özünəinamını və öz gücünə güvənini qaytarmaq üçün xeyli işlər görülməli idi. İlk növbədə Azərbaycanı uzun illərin geriliyindən və ətalətindən çıxarmaq üçün vacib olan maddi və digər resursları səfərbər etmək, milli kadrları formalaşdırmaq, dövlət orqanlarında kök salmış bu qeyri-bərabərsizliyi aradan qaldırmaq, Azərbaycanın respublikalararası və beynəlxalq humanitar əlaqələrini genişləndirmək vasitəsilə onu tanıtmaq və təbliğ etmək lazım idi.

Ayrı-ayrı istiqamətlər üzrə genişmiqyaslı planlar və uzunmüddətli inkişaf proqramlarını müəyyənləşdirmək, həyata keçirmək gərək idi. Kənd təsərrüfatını dirçəltmək, əlverişli coğrafi üstünlüklərini insanların həyat şəraitini və torpağa münasibətini dəyişən imkana çevirmək lazım idi. Bütün bu vəzifələrin, zamanın və insanların, o cümlədən əleyhdarların qarşısına çıxaracağı çoxsaylı maneə və çətinliklərin öhdəsindən isə Azərbaycanda ilk dəfə Dövlət Təhlükəsizliyi orqanlarında yetişib möhkəmlənmiş, Azərbaycanın keçdiyi bütün tarixi inkişaf mərhələlərini yaxından mənimsəmiş, respublikanın sosial-iqtisadi, təbii, coğrafi və insani resurslarına yaxşı bələd olan Heydər Əliyev kimi şəxsiyyət gələ bilərdi. O, istər 1969-1982-ci illər Azərbaycana rəhbərliyi dövründə, istərsə də ittifaq hökumətində təmsil olunduğu zaman göstərdiyi fəaliyyət nəticəsində Azərbaycanın SSRİ-də sayılıb-seçilən bir respublika olması üçün mümkün hər şeyi etdi.

Ən əsası ölkədaxili birliyə nail olmaq, hakimiyyət orqanlarının məsuliyyətini artıran qərarlar qəbul etmək, onların icrasını təmin etməklə hətta ağır ideoloji şərtlər daxilində belə mənsub olduğu xalqa, onun mənafeyinə xidmət etməyin, onu təhlükə və bəlalardan qorumağın mümkünlüyünü sübut etdi. Nöqsanlara və çatışmazlıqlara, intriqa və qarayaxmalara qarşı birgə məsuliyyət formalaşdırmağın yolunu müəyyən etdi. Onlara qarşı mübarizənin demokratik üsul və mexanizmlərindən istifadənin o zamankı SSRİ-də heç zaman istifadə olunmamış metodlarını müəyyənləşdirdi. Bunun üçünsə Ali Sovetin və yerli seçkili orqanların fəaliyyətində nəzərəçarpan yeniliklər etməklə onun dövlət və ictimai həyatda rolunun möhkəmlənməsi istiqamətində qanunverici təşəbbüslərin artırılmasına nail oldu. Ölkə həyatının bütün istiqamətlərini tənzimləyəcək, islahatlara geniş yol açacaq qanun layihələrinin açıq, qərəzsiz və şəffaf müzakirələrinin təşkil olunması və bu işə seçicilərin, geniş xalq kütlələrinin qoşulmasını təmin etdi. Parlament həyatı bu dövrlərdə öz qaynarlığı, problemlərin geniş və açıq müzakirə olunması ilə seçilirdi.

Xüsusilə mədəni və mənəvi sahədə bir dirçəliş duyulurdu. Xalqın milli kimliyi və dil məsələlərindən daha çox danışılır, bu sahənin mütəxəssislərinə, alim və ziyalılara xüsusi diqqət göstərilirdi. Tarix və mədəniyyət abidələrinin qorunması, ətraf mühit, yaşıllıqların genişləndirilməsi, torpaqlardan səmərəli istifadə və s. problemlər ciddi müzakirə predmetinə çevrilirdi. Dövlət quruculuğu və hüquqi məsələlər sahəsində yeni-yeni dəyişiklikləri əks etdirən qanun layihələri işlənirdi. Bütün bunların nəticəsində yeni dövrün tələblərini və reallıqlarını özündə əks etdirən yeni Konstitusiya layihəsinin işlənməsinə start verildi. Milli respublikaların bu vacib sənədinin SSRİ Konstitusiyası əsasında hazırlanmasına baxmayaraq məhz Heydər Əliyevin səyləri əsasında geniş müzakirələri keçirilən Azərbaycanın dördüncü konstitusiyası bir sıra özəlliklərinə görə fərqlənirdi. Artıq Azərbaycan mövcud milli-mənəvi sərvətlərin daha yaxşı qorunması və inkişaf etdirilməsi üçün lazım olan hüquqi bazaya malik olmuşdu. Ən əsas nəticə isə Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyada açıq mətnlə təsbit olunması idi.

Heydər Əliyevin İttifaq hökumətində yüksək vəzifə tutduğu dövrlərdə də Azərbaycanın mənafeyi və ona zidd olan fəaliyyətlərin qarşısını almaq üçün çalışması onsuz da ittifaq büdcəsindən asılı olmayan, yalnız öz imkanlarına güvənərək yaşayan Azərbaycan Respublikasının imkanlarını daha da genişləndirdi. Amma Azərbaycana və onun liderinə düşmən mövqedə olan dairələr SSRİ-nin dağılması ərəfəsində yaranmış şəraitdən istifadə edərək planlarını genişləndirdilər. Ermənistanın Heydər Əliyevin Siyasi Büro üzvlüyündən istefa verməsinə nail olan dairələrlə sinxron qaydada fəaliyyəti nəticəsində xalqımız yeni bir təcavüz və təhdid dalğası ilə üzləşdi. Qarabağ ətrafında yaradılan süni problem növbəti ərazi itkiləri ilə, qaçqın və köçkün problemləri, çoxsaylı qurbanlar verilməsi ilə nəticələndi.

M.Qorbaçov başda olmaqla Sov.İKP rəhbərliyi və SSRİ Ali Soveti Ermənistanın ərazi iddialarının genişlənməsinə rəvac verən mövqe tutdu. Üstəlik, buna qarşı dinc etiraz səsini ucaldan Azərbaycan vətəndaşları paytaxt Bakıda və respublikanın bir sıra regionlarında 1990-cı ilin 20 yanvarında Sovet ordu hissələrinin respublikaya yeridilməsi nəticəsində gülləbaran edildilər. Azərbaycan parlamenti həm bu qanlı hadisələr, həm də ona gətirib çıxaran proseslərin qarşısının alınması üçün təsirli tədbirlər görə bilmədi, bir çox hallarda isə qətiyyətsiz susqunluq nümayiş etdirdi. Qısa müddətdə bir-birini əvəz edən çoxsaylı respublika rəhbərləri vəziyyətdən çıxış yolu tapa bilmədikləri, bunun üçün kifayət qədər səriştəsi və qətiyyətləri olmadığı üçün öz hakimiyyət maraqlarını hər şeydən üstün tutan bir qrup siyasətbazın ambisiyaları qarşısında duruş gətirə bilmədilər, Azərbaycan xalqına qarşı baş verən qanlı cinayətlərin qarşısında acizlik göstərdilər.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası aktının qəbul edilməsindən sonra keçən müddət ərzində əsl müstəqillik üçün lazım olan addımlar zamanında atılmadı. O dövrdə parlament bütün bu işləri həyata keçirməyə çalışmalı olduğu halda, ayrı-ayrı qrupların maraqlarının mübarizəsi meydanına, siyasi eksperimentlər üçün münbit məkana çevrilmişdi. Ali Sovetin səlahiyyətlərinin 50 nəfərdən ibarət deputata həvalə edilərək Milli Şuranın yaradılması ilə Ali Sovetin fəaliyyətinə son qoyuldu. 1991-ci il oktyabrın 30-dan 1992-ci il mayın 19-dək fəaliyyət göstərən Milli Şura hakimiyyət dəyişikliyi səbəbindən yerini Azərbaycan Respublikası Milli Məclisinə verdi.
Tarix isə sanki yenidən təkrarlanır, birinci respublikanın taleyini müəyyənləşdirən hadisələr yenidən cərəyan edirdi. Ölkə demək olar ki, idarəolunmaz səviyyəyə çatdırılmış, ictimai-siyasi sabitlik pozulmuşdu. Cəmiyyəti və dövlət orqanlarının işini iflic edən proseslər cərəyan edir, Ermənistanın təcavüzkar planlarının genişlənməsi və reallaşdırılması üçün münbit şərait formalaşır, separatçılıq meyilləri güclənirdi.

Məhz belə bir şəraitdə Azərbaycan Respublikasının və xalqının qarşısında taleyüklü vəzifələr dayanırdı. İlk növbədə dövlət müstəqilliyini formal bəyanatdan real işə çevirmək, müstəqil dövlət quruculuğu prosesini dinamik bir şəkildə irəliyə aparmaq lazım idi. Bu məqsədi reallaşdırmağa maneə törədən bütün cəhdlərin qarşısını qətiyyətlə almaq, ölkə xaricindən körüklənən müxtəlif yönümlü təhdid və təzyiqlərin qarşısını almaq, ictimai-siyasi sabitliyi bərpa etmək, iqtisadi tənəzzülün qarşısını almaq, ölkənin hərbi qüdrətini artırmaq, Ermənistan tərəfindən torpaqlarımızın işğalını dayandırmaq, yeni və müstəqil Azərbaycanın quruculuğuna fəal şəkildə başlamaq, bütün vətəndaşların, siyasi qüvvələrin bu məqsəd ətrafında birliyinə nail olmaq, Azərbaycanın yeni müstəqillik tarixini yaratmaq və yazmaq lazım idi.

Lakin qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin mayınadək keçən dövr ərzində bir-birini əvəz edən liderlər və onların fəaliyyətləri ilə bağlı proseslər lazımi məcrada getməmiş, mənəvi, maddi, insani və ərazi itkiləri vermiş ölkəmiz vətəndaş qarşıdurmasına sürüklənmiş, istiqlalımız yenidən təhlükələrlə üzləşmişdi.

Qanunverici orqan olan Milli Məclis isə gərgin qarşıdurmalar səbəbindən bəzi hallarda hadisələrin yaratdığı şəraitin girovu olmaq kimi bir aqibətlə barışmalı olmuşdu. Amma bununla belə bütün bu vəzifələrin yerinə yetirilməsi üçün çətinliklər bahasına vacib qanun layihələrini müzakirə edərək, müstəqilliyin bərpa prosesini irəli aparmağa şərait yaradan hüquqi sənədləri qəbul etməyə müvəffəq olmuşdur.

1993-cü ilin iyununda baş verən hadisələrin nəticəsində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan, Azərbaycan Respublikası Milli Məclisinin Sədri kimi öz tarixi missiyasının icrasına yenidən başlayan ümummilli liderimiz Heydər Əliyevin qayıdışı ilə ölkəmizin, xalqımızın və Azərbaycan Parlamentinin həyatında yeni bir mərhələ başladı. Sələflərindən (AXC-Müsavat hakimiyyəti) çox çətin bir durumda təhvil aldığı respublikanı və xalqı əsil müstəqillik yolları ilə irəliyə aparmaq işinə bütün potensialı ilə cəlb edərək, ölkəmizi qarşıdurmalardan, dövlətimizi dağılmaqdan xilas etdi.

Ulu öndər yaxın-uzaq ölkələrlə qarşılıqlı maraqlara söykənən çoxvektorlu siyasət yeritməklə iqtisadi, siyasi, humanitar-mədəni əlaqələrin genişlənməsinə şərait yaratdı. Geniş və dərin islahatlar nəticəsində vətəndaş cəmiyyətinin qurulmasına nail oldu. Azərbaycanı beynəlxalq münasibətlərin çox fəal aktoruna, beynəlxalq təşkilatların bərabərhüquqlu üzvünə, ayrı-ayrı ölkələrin və xüsusilə fövqəldövlətlərin etibarlı dostuna və tərəfdaşına çevirdi.

Bütün bu fəaliyyətlərin qanunverici və hüquqi əsaslarının yaradılması işinə Heydər Əliyev Parlament Sədri olmaqla, daha sonra Prezident səlahiyyətlərini öz üzərinə götürməklə, 1993-cü il oktyabrın 3-dən sonra isə seçilmiş Prezident kimi rəhbərlik etməklə yanaşı Azərbaycan parlamentarizm tarixinin çox şərəfli səhifələrinin yazılmasına nail oldu. Məhz onun dövründə milyonlarla insanın taleyinə cavabdehliyin, məsuliyyətin, xalq və dövlət naminə səmərəli parlament fəaliyyətinin təşkil olunmasının nümunələri yaradıldı.
Azərbaycan Milli Məclisi onun sədrliyi dönəmində tarixin və proseslərin qarşımıza çıxardığı sınaqlardan uğurla çıxmaq, müstəqil dövlətin həqiqi, real əsaslarını yaratmaq, parlament diplomatiyası vasitəsilə ölkəmiz üçün taleyüklü qərarlara imza atmaqla yanaşı xalqın nəbzinin döyündüyü, ümid və inam dolu baxışlarının yönəldiyi bir məkana çevrildi.

Təsadüfi deyildi ki, bu məclisin tribunasından Heydər Əliyevin sədr kimi etdiyi ilk proqram xarakterli nitqində vurğulanan bütün məqamlar sonralar vacib siyasi konsepsiya, müxtəlif sahələri əhatə edən dövlət proqramları, fəal xarici siyasət, hərbi və təhlükəsizlik məsələləri, demokratik cəmiyyət quruculuğu, hüquqi islahatlar, bazar iqtisadiyyatına keçidin təmin olunması, yeni konstitusiyanın qəbulu və çoxpartiyalı əsasda seçkilərin keçirilməsi və s. istiqamətlərdə fəaliyyət göstərməklə "Yeni Azərbaycan” quruculuğuna yönəlmiş böyük siyasətin əsasını təşkil edirdi.

"Yeni Müstəqil Azərbaycan uğrunda” məqsədini qarşıya qoyan eyniadlı Partiyanın (yaradıcısı da məhz Heydər Əliyev olmaqla) çoxminli üzvləri də bu vəzifələrin yerinə yetirilməsinə fəal şəkildə cəlb olunaraq yeni dövrün tələblərinə uyğun fəaliyyət sərgilədilər. Parlamentdə təmsil olunan partiyalar arasında həmin dövr və sonrakı proseslər üçün çox vacib əhəmiyyət daşıyan siyasi davranış nümunəsi yaratmaq, geniş xalq kütlələrinin Heydər Əliyev şəxsiyyəti və sədr olduğu partiyaya marağını artırmaq, onun vasitəsilə Yeni Azərbaycan quruculuğu işinə cəlb etmək və hakimiyyətə gəlməyin yolunun yalnız seçkilərdən keçməsinin vacibliyini önə çıxarmaqla silahlı çevrilişlərə, separatçı hərəkətlərə, terror və qəsdlərə birdəfəlik son qoyulmasına böyük töhfə verdilər.

Qısa müddətdə məhz xalqın dəstəyi ilə əldə edilmiş nəticələr bütün imkanların hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun əsaslarının möhkəmləndirilməsinə, yeni siyasi və hüquqi sistemin yaradılmasına yönəldildi. 1995-ci noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olunmaqla real hakimiyyət bölgüsü təmin olundu, dövlət hakimiyyəti sistemində Milli Məclisin yeri təsbit olundu. Eyni zamanda, müasir parlamentin çoxpartiyalı əsasda formalaşdırılması üçün bütün mexanizmlər dəqiq müəyyənləşdirildi.

Azərbaycan Respublikası Heydər Əliyevin liderliyi ilə zəngin və qüdrətli Azərbaycan şüarı altında quruculuq dövrünə qədəm qoydu. Öz taleyinə tam sahiblik hissilə xalqımız və dövlətimiz regionun inkişaf etmiş ölkəsinə çevrilmək istiqamətində inamla irəliləməyə başladı. Bu dövr Azərbaycan Parlamentinin həyatında tariximiz və gələcəyimiz üçün əhəmiyyətli və vacib bir dönəm kimi dəyərləndirilməkdədir. Çünki müasir, demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün vacib qanunların qəbulu prosesinin və onların məzmununun beynəlxalq standartlara uyğunlaşdırılması, parlamentin Konstitusiyada müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində öz funksiyalarını yerinə yetirməsi, cəmiyyəti, seçiciləri narahat edən problemlərin, o cümlədən regionda və dünyada baş verən proseslərə adekvat münasibətin formalaşdırılması, parlament diplomatiyası vasitəsilə əlaqələrin genişləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması və s. istiqamətlərdə genişmiqyaslı fəaliyyət özünün müsbət nəticələrini verməkdə idi.
Parlamentin iclasları kifayət qədər maraqlı, gərgin müzakirələr və diskussiyalar şəraitində keçir, müxtəlif siyasi baxış və mövqelərin mübarizəsi meydanı kimi diqqətləri özündə saxlamaqla dialoq üçün əvəzsiz məkan rolunu oynayırdı. Bu zaman edilən çıxışlar, səsləndirilən təkliflər, lazım gəldiyi halda bilavasitə edilən canlı yayımlar istər mətbuatda, istər cəmiyyətdə, istərsə də ailələrdə geniş müzakirə və mübahisə predmetinə çevrilirdi.

Odur ki, 1993-2003-cü illərdə Azərbaycan dövləti və dövlətçiliyi üçün Heydər Əliyevin rəhbərliyi ilə görülən bütün işlərin qanunverici və hüquqi əsaslarının yaradılması baxımından öz funksiyasını uğurla yerinə yetirən Milli Məclis Azərbaycan parlamentarizmi tarixinin müasir və qabaqcıl ənənələrini yaratmaq işinə də böyük töhfələr verdi.

2003-cü ilin payızında İlham Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmiz müasir dövlət quruculuğu prosesinə daxil oldu. Əvvəlki illərdə yaradılmış möhkəm əsaslar üzərində Azərbaycan heç zaman olmadığı qədər yüksək templərlə, dinamik bir şəkildə inkişaf etməklə iqtisadi, sosial hüquqi islahatlara geniş rəvac verdi. Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə keçirilən konstitusiya islahatları davam etdirilərək bundan irəli gələn bir sıra vacib addımlar atıldı.

Konstitusiyaya edilən dəyişikliklərin bir qismi parlamentin fəaliyyətinə aid olub, əsasən onun səlahiyyətlərinin formalaşmasına, eləcə də hökumətin və digər icra orqanlarının parlament qarşısında hesabatlılığının təmin olunmasına aid idi. Hakimiyyət balansının daha da dəqiqləşdirilməsi, həmçinin yeni Ombudsman institutunun yaradılması və fəaliyyətinin nəticələrinin dəyərləndirilməsi baxımından parlamentin yeni səlahiyyətləri də edilən dəyişikliklərin əsas məzmununu təşkil edirdi.

Bütün bu dəyişikliklər yeni dövr Azərbaycanın reallıqlarını əhatə etməklə yanaşı, onun qanunverici əsaslarının yaradılmasını, Milli Məclis və onun üzvlərindən parlamentarizm ənənələrinin müasir dövr çağırışlarına uyğun inkişaf etdirilməsini, Azərbaycan dövlətinin daxili və xarici siyasətinə özünün malik olduğu, eləcə də digər mövcud mexanizmlər vasitəsilə dəstək verilməsini, hakimiyyətin digər qanadları, eləcə də vətəndaş cəmiyyəti ilə əlaqələndirilmiş fəaliyyət göstərməsini tələb edirdi.

Məmnuniyyət hissi ilə qeyd etmək lazımdır ki, Müstəqil Azərbaycanın Milli Məclisi beynəlxalq fəaliyyətini bütün tərəfdaşları ilə bərabərhüquqlu əsaslarda quraraq Azərbaycanın maraqlarına və üzləşdiyi problemlərin həllinə yönəlmiş qarşılıqlı faydalı əməkdaşlığa üstünlük vermişdir. Təsadüfi deyildir ki, istisnasız olaraq bütün üzvü və qurucularından olduğu təşkilatların işinə verdiyi töhfələr baxımından Azərbaycan Milli Məclisinin beynəlxalq nümayəndə heyətlərinin fəaliyyətləri hər zaman diqqət mərkəzində olmuşdur.
Eləcə də 80-dən artıq ölkənin parlamentləri ilə yaradılmış dostluq, ikitərəfli əməkdaşlığa dair parlament qruplarının apardığı işlər ölkələrimiz arasındakı müxtəlif səpkili münasibət və əlaqələrin möhkəmlənməsinə əvəzsiz töhfə verməklə yanaşı, bütün dövr və istiqamətlərdə hakimiyyətin vahidliyi prinsipinə əməl etməyə çalışmış, üzvlərinin müxtəlif siyasi partiyaları və cəmiyyətin ayrı-ayrı təbəqələrini təmsil etməsinə rəğmən ümummilli və dövlət maraqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında mövqelərin uzlaşdırılmasına nail ola bilmişdir.

Azərbaycan Respublikası Milli Məclisi müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yerini və rolunu artırmağa yönəlmiş siyasətinin uğurla həyata keçirilməsi işinə töhfələr verməklə beynəlxalq əlaqələrini genişləndirməkdədir.
Milli parlamentimizin xarici siyasi əlaqələri ikitərəfli və çoxtərəfli əsasda inkişaf etməklə parlament diplomatiyası kimi əməkdaşlığın yeni bir sahəsindəki mövcud alət və mexanizmlərin səmərəli istifadəsinə əsaslanır. Parlamentlərarası əməkdaşlığın bu effektiv keyfiyyət dəyişikliyinin yaratdığı geniş imkanlar çərçivəsində Milli Məclis həm ayrı-ayrı ölkələrlə, həm də beynəlxalq təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin qurulması və inkişafı üçün lazım olan bütün addımların zamanında atılması sayəsində nəzərə çarpan uğurlara nail olmaqdadır.

Üzvü olduğu beynəlxalq parlament assambleyalarında təşkilatların daxili qaydalarına uyğun olaraq ən ağrılı problemimiz olan Dağlıq Qarabağ məsələsinin həllinə yönəlmiş fəaliyyətimizə beynəlxalq dəstəyin artırılmasına, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasına, dünyada bütün mövcud münaqişələrin və separatçı meyillərin, onların doğurduğu müharibə, terror, insanlıq əleyhinə cinayətlərin obyektiv dəyərləndirilməsinə, eləcə də onlara qarşı beynəlxalq hüququn gücü ilə mübarizədə vahid alyansda birliyin əldə olunmasına, hamı üçün təhlükəsiz dünya qurulması işinə böyük töhfə vermək üçün digər üzv dövlətlərlə əzmlə danışır.
Milli Məclis həm də müxtəlif Parlament Assambleyalarının bir çox tədbirlərinə ən yüksək səviyyədə evsahibliyi etməklə də bu işə nəzərəçarpan dəstəyi verməkdədir.

Parlamentimiz Konstitusiya ilə ona verilən səlahiyyətlər çərçivəsində qanunvericilik, nəzarət və təmsilçilik kimi əsas funksiyalarını fəaliyyətinin bütün dövrlərində böyük məsuliyyətlə yerinə yetirməyə çalışaraq hakimiyyətin müstəqil qanadlarından biri, insanlara, onların hüquqlarının və azadlıqlarının qorunması işinə daha yaxın bir dövlət orqanı olaraq bu missiyasını şərəflə daşımaqdadır.
Hər keçən gün Azərbaycan Respublikasının, onun vətəndaşlarının həyatına kimliyindən, etnik, dini mənsubiyyətindən, siyasi dünyagörüşündən asılı olmayaraq daha çox yeniliklər, inkişaf və tərəqqi bəxş edir.

Ölkəmiz regionda və dünyada getdikcə daha çox tanınan, öz xalqının iradəsinə söykənən müstəqil siyasəti heç bir kənar diktə və mövqeni qəbul etməyəcək qədər qətiyyətli, iki və çoxtərəfli münasibətlərdə bərabərhüquqlu, etibarlı tərəfdaş, ənənə və müasirliyin vəhdətində fikir plüralizminin hökm sürdüyü, qədim olduğu qədər də modern tendensiyaların yaradıcısı kimi çıxış edən çoxmədəniyyətli, çoxkonfessiyalı, tolerant bir ölkə kimi tanınmaqdadır. Azərbaycan 100 il bundan əvvəl babalarımızın reallaşdırmaq istədikləri müstəqillik və azadlıq ideyalarının hər gün daha artıq bərqərar olduğu bir məmləkətdir.

Bugünkü Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi əldə etdiyi bütün uğurlar məhz dövlət müstəqilliyi və azadlıq ideyalarının reallaşmasının nəticəsidir. Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə ölkə Prezidenti cənab İlham Əliyev müsəlman Şərqində ilk olaraq müstəqillik zirvəsini fəth etmiş Azərbaycan xalqının milli ruhunu yüksək dəyərləndirərək demişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir... Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır”.
Azərbaycan Respublikasının Milli Məclisi isə burada yaşayan müxtəlif xalqların nümayəndələrinin, müstəqil Azərbaycan dövlətinin vətəndaşlarının suveren iradəsini ifadə edərək, xalqın hakimiyyətinin həyata keçirilməsini, qanunları qəbul etməklə onların icrasını məsul dövlət qurumlarının fəaliyyətinə nəzarət edən ali təmsilçilik orqanı olaraq fəaliyyətində varislik ənənələrinə sadiqlik nümunəsi göstərməklə sələflərinin şərəfli işini çox böyük qürur və məsuliyyətlə davam etdirməkdədir.
 
 

xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi
16.10.2018, 14:17

Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi

Qərəzli mövqedən əl çəkin!
16.10.2018, 14:11

Qərəzli mövqedən əl çəkin!

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev
16.10.2018, 14:05

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu
16.10.2018, 14:03

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”
16.10.2018, 13:59

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı 
16.10.2018, 13:53

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı 

“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
16.10.2018, 13:48

“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas

Bakıda 16 dilənçi saxlanılıb
16.10.2018, 13:42

Bakıda 16 dilənçi saxlanılıb

Meriyadan AÇIQLAMA: “Sürüşmə zonasındakı evlər 90-cı illərdə tikilib”   
16.10.2018, 13:36

Meriyadan AÇIQLAMA: “Sürüşmə zonasındakı evlər 90-cı illərdə tikilib”  

Spiker deputatlara xəbərdarlıq etdi: “O kofe, çay yerini bağlamalı olacağıq”
16.10.2018, 13:32

Spiker deputatlara xəbərdarlıq etdi: “O kofe, çay yerini bağlamalı olacağıq”

MSK üzvlərinə diplomatik pasportlar verilə bilər
16.10.2018, 13:20

MSK üzvlərinə diplomatik pasportlar verilə bilər

Hakimə fiziki təsir göstərən məşqçiyə bir illik cəza verildi
16.10.2018, 13:13

Hakimə fiziki təsir göstərən məşqçiyə bir illik cəza verildi

“Deputatlar bu təklifə cavab tapa bilmədi” – Komitə sədri
16.10.2018, 13:06

“Deputatlar bu təklifə cavab tapa bilmədi” – Komitə sədri

Şəkidə 50 hektar sahəni yandıran şəxs saxlanılıb
16.10.2018, 13:02

Şəkidə 50 hektar sahəni yandıran şəxs saxlanılıb

Deputat şəhid ailələrinə görə “Azərsığorta”nı İTTİHAM ETDİ
16.10.2018, 12:56

Deputat şəhid ailələrinə görə “Azərsığorta”nı İTTİHAM ETDİ

Sabah hava necə olacaq? - PROQNOZ
16.10.2018, 12:56

Sabah hava necə olacaq? - PROQNOZ

“Haqqı olanlar kənarda qalıb” - Siyavuş Novruzovdan veteranlara DƏSTƏK
16.10.2018, 12:52

“Haqqı olanlar kənarda qalıb” - Siyavuş Novruzovdan veteranlara DƏSTƏK

Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi
16.10.2018, 12:49

Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi

Tramp Paşinyanla görüşəcək
16.10.2018, 12:46

Tramp Paşinyanla görüşəcək

“Səfər Əbiyev bizi vecinə də almadı” - Aqil Abbas
16.10.2018, 12:43

“Səfər Əbiyev bizi vecinə də almadı” - Aqil Abbas

Fazil Mustafa şəhid ailələrinin problemini qaldırdı - 11 minlik ÖDƏNİŞ
16.10.2018, 12:31

Fazil Mustafa şəhid ailələrinin problemini qaldırdı - 11 minlik ÖDƏNİŞ

Azərbaycanlı müəllim Polşa Universitetində seminar keçdi
16.10.2018, 12:25

Azərbaycanlı müəllim Polşa Universitetində seminar keçdi

Nazirlikdən həyəcan təbili: “Sürüşmənin təsiri yaşayış evlərinə tərəf artıb”
16.10.2018, 12:20

Nazirlikdən həyəcan təbili: “Sürüşmənin təsiri yaşayış evlərinə tərəf artıb”

Cəbhədə monitorinq keçirilib
16.10.2018, 12:13

Cəbhədə monitorinq keçirilib

Milli Məclisin iclası başladı
16.10.2018, 12:09

Milli Məclisin iclası başladı

Bakı Ali Neft Məktəbində Rasim Balayevin yubleyini qeyd etdi
16.10.2018, 12:03

Bakı Ali Neft Məktəbində Rasim Balayevin yubleyini qeyd etdi

Hacıbala Abutalıbov: “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - EKSKLÜZİV
16.10.2018, 11:56

Hacıbala Abutalıbov: “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - EKSKLÜZİV

Dövlət katibi itən jurnalistə görə Səudiyyə Ərəbistanına gəlib
16.10.2018, 11:54

Dövlət katibi itən jurnalistə görə Səudiyyə Ərəbistanına gəlib

Bakı metrosunda faciə: Sərnişin ÖLDÜ
16.10.2018, 11:44

Bakı metrosunda faciə: Sərnişin ÖLDÜ

Ermənistanda Türkiyə vətəndaşı saxlanıldı
16.10.2018, 11:37

Ermənistanda Türkiyə vətəndaşı saxlanıldı

Tramp-Kim Çen In görüşünün vaxtı və yeri AÇIQLANDI
16.10.2018, 11:31

Tramp-Kim Çen In görüşünün vaxtı və yeri AÇIQLANDI

Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq   
16.10.2018, 11:30

Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq  

Yeni xəbər kanalının yayıma başlayacağı tarix AÇIQLANDI
16.10.2018, 11:28

Yeni xəbər kanalının yayıma başlayacağı tarix AÇIQLANDI

İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi
16.10.2018, 11:27

İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi

Bakıda soyğunçuluq edən saxlanıldı
16.10.2018, 11:21

Bakıda soyğunçuluq edən saxlanıldı

“Etimad Əsədov xəstəliyini 3-4 ay əvvəl bildi, İrana da getdi, amma səhhəti düzəlmədi” - Qazinin dostu
16.10.2018, 11:16

“Etimad Əsədov xəstəliyini 3-4 ay əvvəl bildi, İrana da getdi, amma səhhəti düzəlmədi” - Qazinin dostu

Zakir Həsənov sabah Çexiyaya gedir
16.10.2018, 11:13

Zakir Həsənov sabah Çexiyaya gedir

Bakıda I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır
16.10.2018, 11:10

Bakıda I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır

Ağsuda zəlzələ oldu
16.10.2018, 11:08

Ağsuda zəlzələ oldu

Axtarışda olan 37 nəfər saxlanıldı
16.10.2018, 11:03

Axtarışda olan 37 nəfər saxlanıldı

Gömrükçülər 8 mobil telefon müsadirə etdilər 
16.10.2018, 11:01

Gömrükçülər 8 mobil telefon müsadirə etdilər 

Azərbaycanda neft gəlirləri AÇIQLANDI
16.10.2018, 11:00

Azərbaycanda neft gəlirləri AÇIQLANDI

“Propolis cövhəri qəbul edən insan heç vaxt xərçəng xəstəliyinə tutulmaz” - ARIÇI
16.10.2018, 10:51

“Propolis cövhəri qəbul edən insan heç vaxt xərçəng xəstəliyinə tutulmaz” - ARIÇI

Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin sayı açıqlandı
16.10.2018, 10:44

Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin sayı açıqlandı

Həbib Makqreqorla revanş döyüşündən imtina etdi
16.10.2018, 10:34

Həbib Makqreqorla revanş döyüşündən imtina etdi

Bakıda daha bir avtobus qəzası - ÖLƏN VAR
16.10.2018, 10:29

Bakıda daha bir avtobus qəzası - ÖLƏN VAR

Türkiyəli müstəntiqlər Haşkacının öldürüldüyü yerdə olublar
16.10.2018, 10:25

Türkiyəli müstəntiqlər Haşkacının öldürüldüyü yerdə olublar

DİM yeni qaydalara uyğun sınaq imtahanı keçirəcək
16.10.2018, 10:23

DİM yeni qaydalara uyğun sınaq imtahanı keçirəcək

Ermənistan atəşkəsi 29 dəfə pozdu
16.10.2018, 10:11

Ermənistan atəşkəsi 29 dəfə pozdu

San Fransiskoda Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edildi
16.10.2018, 10:05

San Fransiskoda Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edildi

ARXİV