Modern.az

ABŞ-dan İrana yeni sanksiya ZƏRBƏSİ – İslam Respublikası kapitulyasiya edəcək?

ABŞ-dan İrana yeni sanksiya ZƏRBƏSİ – İslam Respublikası kapitulyasiya edəcək?

5 Noyabr 2018, 13:21

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların 2-ci mərhələsi bu gündən fəaliyyətə keçir. ABŞ administrasiyasının məqsədi dəyişməz olaraq qalır – İran neftinin dünya bazarlarına çıxışının qarşısını almaq.

 

Tehrana qarşı qərarlı olmasına baxmayaraq, rəsmi Ağ Ev son anda güzəştə gedərək 8 ölkəyə İrandan neft almağa icazə veriləcəyini bildirib. Həmin ölkələrin adının yaxın vaxtlarda açıqlanması gözlənilir. Öncədən bəllidir ki, onlar arasında heç bir Avropa ölkəsi olmayacaq.

 

Bununla belə, sanksiyaların tətbiqi 1 aya İranın neft hasilatını 30% azaldacaq, ölkədə işsizlik və milli valyuta - rialın kursunun ucuzlaşması davam edəcək. Çünki İran Mərkəzi Bankının xarici ölkələrlə tranzaksiyaları da qadağan olunacaq. Həmçinin, 600-ə qədər fiziki və hüquqi şəxsin adı da sanksiya siyahısına salınacaq.

 

ABŞ dövlət katibi Mayk Pompeo və maliyyə naziri Stiven Mnuniça birgə bəyanatlarında sanksiyaların aradan qaldırılması qarşılığında rəsmi Tehran qarşısında 12 maddədən ibarət tələb irəli sürüb.

 

Bu tələblər arasında onun uranın zənginləşdirilməsindən imtina etməsi, İran həbsxanalarındakı Amerika vətəndaşlarının azadlığa buraxılması, Yəməndə husilərə, Livanda “Hizbullah”a dəstəkdən imtina, İsrailə qarşı heç bir təhdidin səsləndirilməməsi və Suriyadan iranlı hərbiilərin çıxarılması kimi məsələlər var.  

 

Rəsmi İran təbii ki, bu tələbləri rədd edir və Avropa Birliyini ABŞ-ın pozduğu nüvə razılaşmasından imtina etməyəyə çağırır.

Prezident Həsən Ruhaninin “Financial Times” qəzetində çıxan məqaləsi də bunu sübut edir.

“ABŞ İrandan neft ixracını sıfıra endirmək istəyir. Amma biz onun arzusunu gözündə qoyacayıq. Tramp heç avropalı müttəfiqlərinə hörmət göstərmir və hamının yerinə təkbaşına qərarlar verir. Bu, dünya siyasi sistemində necə böyük təhlükənin olduğunu göstərir”.

 

ABŞ sanksiyalarının ilk mərhələsi avqust ayında tətbiq olunmuşdu. Həmin vaxt maşınqayırma, qızıl və digər metallarla ticarət və s. qadağa altına düşmüşdü. Maraqlıdır ki, may ayında 1 dollar qarşılığında 65 min rial almaq mümkün idisə, avqust sanksiyalarından sonra milli valyuta ucuzlaşaraq, dollar qarşısında 120 min riala qədər geriləmişdi. Həmin vaxt bir çox xarici şirkətlər İranda fəaliyyətlərini dondurmuşdular.

 

İran sanksiyaları yan keçmək üçün kriptovalyuta yaratmaq planlarını açıqlamışdı. Amma bu plan da geniş dəstək qazanmamışdı.

Tehranın öz təhlükəsizliyini təmin etmək üçün daha bir planı nefti vasitəçilərin köməyi ilə ünvanlara satması oldu. Belə əməliyyatlarla onlar sutkada 280 min barel neft sata bilmişdilər. Bu zaman sövdələşmələrin 20%-i rialda, 80%-i isə xarici valyutada gerçəkləşmişdi.

 

Amma Tehranın çırpıntıları və iqtisadi sıxıntı məngənəsindən çıxmaq cəhdləri nəticə vermir. Beynəlxalq Energetika Agentliyi iyunda İranın gündə 2,9 milyon barel neft hasil etdiyi halda, sentyabr ayı üçün bu göstəricinin 1,7 milyon barelə düşdüyünü fiksə edib.

 

Bu gündən qüvvəyə minən sanksiyalar rəsmi Tehranın gündəlik hasilatını dekabrdan başlayaraq daha 20-30% azalda bilər.

 

Digər statistikalar da Tehranın xeyrinə deyil. Belə ki, oktyabr ayında İranda inflyasiya 36%-i, işsizlik isə 12%-i keçib.

 

İqtisadiyyatın pisləşməsi, investisiyaların ölkədən çıxması və s. fonunda Rusiya, ABŞ və Səudiyyə Ərəbistanının neft hasilatını artırmaq planları İranın “qara qızıl” bazarında mövqelərinin zəifləşməsindən sonra neftin qiymətlərinin bahalaşmasına mane olacaq.

 

İrana qarşı tətbiq edilən sanksiyaların geosiyasi effekti fərqli formalarda şərh olunur. İstənilən halda, Azərbaycanla qonşu ölkədə iqtisadi situasiyanın pisləşməsi siyasi gərginliyə və region üçün arzuolunmaz nəticələrə yol aça bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir