Modern.az

Kaloniyadan Boloniyaya gedən yol

Kaloniyadan Boloniyaya gedən yol

Mədəni̇yyət

28 Noyabr 2011, 10:56

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..?
"Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Cəmiyyətimizin aparıcı funksionerləri obrazında çıxış edən Azərbaycan gəncliyinin təhsili və onun gələcəkdəki sağlam fəaliyyəti Azərbaycan hakimiyyətinin diqqət və qayğısından heç vaxt kənar qalmamışdı. Yaxın tarixə nəzər salsaq görərik ki, ulu öndərin hakimiyyətə gəlişi və ölkədə baş verən sosil-iqtisadi inkişaf  həm mənəvi mühitin inkişafına həm də, təhsil sisteminin oturuşmuş bazadan idarə edilməsinə gətirib çıxartdı.

 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılması Azərbaycanın təhsil tarixində mühüm hadisələrdən biri kimi yadda qalmışdı. Bu hadisə özlüyündə çox böyük məna daşıyırdı. Çünki Azərbaycan bu sistemlə artıq dünya təhsil sisteminə qoşulmaq istədiyini və öz gücünü, potensialını məhz təhsil sektorunda da ortaya qoymaq arzusunda olduğunu sübuta yetirdi. Ulu öndərin böyük səyi və qayğısı nəticəsində illərdir aparılan təhsil islahatları özünün müsbət nəticələrini verməyə başladı. 1999-cu ildə «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar məqsədyönlü şəkildə aparılmağa başlandı ki, bu da  təhsildə struktur dəyişikliklərinin aparılmasına, müəssisələrin şəbəkəsinin optimallaşdırılmasına, mütəxəssis hazırlığının strukturuna yeni ixtisasların əlavə olunması ilə nəticələndi. İstənilən anda bu gün təhsildə olan problemlər də, danılmaz faktdır. Ancaq bu problemlərin həll olunması yolunda atılan addımlar yaxın gələcəkdə sürətlə inkişaf edən  və iqtisadi-sosial problemlərin həllinə görə MDB ölkələri arasında liderlik statusuna malik olan Azərbaycan üçün ən vacib prolitetlərdən biridir.

Dünya təhsili ilə ayaqlaşmaq üçün Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulub və bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. Boloniya sisteminin tədbiq edilməsi və  müasir təhsil üsulunun gətirilməsi həm  tələbə-müəllim arasında olan sovetdən qalma münasibətin aradan qaldırılmasına, həm də inkişafda olan təhsil strukturuna öz töhfəsini verdi. Bunun ardından ölkə prezidenti  5 sentyabr 2009-cu ildə «Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu»nu təsdiq etmişdi.

Əsası ulu öndər tərəfindən qoyulmuş və cənab prezidentin uğurla davam etdirdiyi təhsil siyasəti çox keçmədən ölkə hüdudlarını aşmağa və yeni hədəflər müəyyən etməyə başladı.  Çox keçmədən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalandı. Bu sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda  istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulurdu. Hazırda Azərbaycan höküməti tərəfindən xaricdə təhsil almağa göndərilən tələbələrin sayı hər il artır və həmin tələbələr geri döndükdən sonra ölkənin müəyyən strukturlarında fəaliyyət göstərməyə başlayırlar.

Təbii ki, bu gün Azərbaycan təhsilində olan qüsurları hər kəs çox gözəl bilir. Ölkə başçısı da, öz nitqlərində dəfələrlə bu nüyansa toxunmuş və neqativ halların aradan qaldırılması üçün öz tapşırıqlarını vermişdir. Bu neqativ halların ən əsas pilləsində duran isə təhsildə olan rüşvət hallarıdır. Bu gün bununla bağlı kifayət qədər aktual işlər görülür və təhsildə korrupsiyanın qarşısını almaq üçün tədbirlər planı hazırlanır. Ali təhsil müəssəsələrində və məktəblərdə bununla bağlı qaynar xətlər yaradılıb ki, bu qaynar xətlər birbaşa Təhsil Nazirliyindəki quruma tabedir. Eyni zamanda baloniya sistemində də, bir sıra problemlər var. Bu problemlərdən biri də baloniya sisteminin bir sıra ali təhsil müəssəsələri tərəfindən fərqli formada özünküləşdirilməsidir. Bu daha çox qiymət yazımında və jurnal hesablanmasında özünü büruzə verir.

İnkar etmək olmaz ki, bu problemlərin həll olunması yönümündə atılan addımlar birbaşa olaraq təhsilə olan qayğının və diqqətin bariz nümunəsidir. Bu gün hər kəs kifayət qədər anlayır ki, təhsilsiz bir cəmiyyətin gələcəyindən söhbət belə gedə bilməz. Çünki gənclik ayrıca bir millət və ya ayrıca bir irq deyil. Gənclik bir cəmiyyətin gələcəyi və onun ümid yeridir.

Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, yaxın tariximizdə Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.
Bir faktı qeyd etmək kifayətdir ki, Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, ulu öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. O öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Əfsələddin AĞALAROV
BDU-nun Jurnalitika fakültəsinin 4-cü kurs tələbəsi

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü