Modern.az

Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb  

Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb   

17 Fevral 2019, 12:02

İman haqqında çox deyilib, çox yazılıb, amma insan zəkasının onun qarşısında aciz olduğunu az adam dilə gətirib…

Dərin bilikli, güclü mühakimə yürütməyi bacaran, mütaliəni sevən və müxtəlif mövzularda maraqlı həmsöhbət ola bilən bu xanım uşaq yaşlarından anasız qalıb, evin bütün məişət problemləri onun üzərinə düşüb. İmanından güc alıb, bütün çətinliklərə sinə gərib…

Haqqında söhbət açdığım xanım şairdir, iyirmiyə yaxın şeirinə müsiqi bəstələnib. Tanınmış müğənnilərdən Flora Kərimovanın ifa etdiyi "Nə vaxta qədər" mahnısının sözləri ona məxsusdur. Mərhum sənətkarımız Mirzə Babayevin bir zamanlar oxuduğu "Bəxtiyarlıq", "Ulu Tanrım", "Rəbb iləyəm" mahnılarının da sözlərini o, qələmə alıb. Bundan başqa İlqar Muradov, Aynur İsgəndərli, Güllü Muradova, Rasimə Muradova, Anar Məmmədov, Orxan Cəlilov, Nigar Nazim kimi müqənnilər onun şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər…

Təranə xanım Şamaxıda dünyaya gəlib. 1979-cu ildə orada 9 nömrəli orta məktəbi bitirib. Üç il 119 nömrəli texniki peşə məktəbində dərzi peşəsinə yiyələnib. Eyni zamanda, Şamaxıda dərc edilən "Yeni Şirvan" qəzetində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. 1983-1987-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. 1987-1989-cu illərdə rayon mədəniyyət evinə rəhbərlik edib. Sonra iki il uşaq və gənclər evində çalışıb. 1992-1995-ci illərdə Şamaxı Mədəni Maarif Texnikumunda müəllim işləyib. 1995-ci ildə Bakıya köçərək, beş il də kitab şirkətində tərcüməçi kimi çalışıb. O, burada "Müqəddəs kitab"ı tərcümə edən heyətin üzvü olub. 2010-cu ildə amerikalı Cerald Lindseylə ailə quraraq ABŞ-ın Konnektikut ştatının Ellinqton şəhərinə gəlib…

Deyir ki, ömür-gün yoldaşı çox alicənab insandır: “Tez-tez keçirdiyim xeyriyyə tədbirlərinə dəstək olur. Azərbaycana, azərbacanlılara böyük rəğbəti var"…

…Amerikada məskunlaşandan sonra, tələb olunan imtahanları verərək, 2010-cu ildən 2014-cü ilədək idman sağlamlıq mərkəzinin uşaq bağçasında çalışıb. 2014-cü ildən "Global Hard Media" təşkilatının peyk və internet vasitəsi ilə yayımladığı televiziyasında, ildə bir neçə dəfə Azərbaycan dilində efirə gedən "Şirin söhbət" adlı verilişdə aparıcılıq edir. Facebook-da "Şirin söhbət" səhifəsinin kourdinatorudur…

…Tez-tez xeyriyyə tədbirləri keçirir. Plov, dolma, Şamaxı mütəkkəsi, Şirvan qutabı, şəkərbura, paxlava bişirib kilsələrdə keçirilən bu tədbirlərdə amerikalı inanclıları milli təamlarımıza qonaq edir. Azərbaycan haqqında, ölkəmizin mətbəxi barəsində onlara geniş məlumat verir. 2016-cı ildə Nyu York şəhərində, Minə Azərinin bir vaxtlar rəhbərlik etdiyi "Azərbacan evi"ndə təşkil olunan konserti ərsəyə gətirənlərdən biri olub. Bu tədbirdə əsasən amerikalılar iştirak ediblər...

...Amerikaya gəlmək istəyən soydaşlarımıza hansı tövsiyələriniz var, soruşanda "Amerikalılar səmimi və dürüst adamları xoşlayır. Kim özündə bu keyfiyyətləri tapırsa, buyurub gələ bilər. Amma bir şeyi unutmasınlar ki, uğura gedən yolda əziyyətlər çox olacaq" cavabıbı verdi…

Bəli, nahaq yerə söhbətimin əvvəlində imandan söz açmamışdım. Qəlbi imanla dolu bu xanımın dilindən- Allah- kəlməsi düşmür. Konnektikut ştatında azərbaycanlıların az olmasına baxmayaraq, necə deyərlər, təkbaşına ölkəmizi özünəməxsus şəkildə sevə-sevə təbliğ edir…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır