Modern.az

Bu gün Azərbaycanda iqtidarla müxalifətin birgə mitinqi olacaq

Bu gün Azərbaycanda iqtidarla müxalifətin birgə mitinqi olacaq

Aktual

25 Fevral 2012, 20:13

Bu gün Azərbaycan iqtidarı ilə müxalifəti ilk dəfə olaraq birgə aksiya keçirəcək. Xocalı soyqırımının 20 illiyi münasibətilə hakimiyyət ümumrespublika anım tədbiri elan edib. Hakim Yeni Azərbaycan Partiyasından (YAP) İctimai Palataya (İP) göndərilən təklifdə qeyd olunub ki, birgə yürüş-mitinqi keçirmək mümkündür.

Beləliklə, iqtidarla müxalifət ümumxalq matəm mərasimində birgə hərəkət etməyi mümkün sayıb. Aksiyada hakimiyyət nümayəndələri, ölkənin əksər ictimai-siyasi təşkilatlarının rəhbərləri və üzvləri, ictimai xadimlər və bütün kəsimlərdən olan vətəndaşlarımız iştirak edəcəklər. Həmçinin müxalifətin əsas gücü olan İP də əksər üzvləri ilə yürüş-mitinqə qatılacaq.
Lakin burada ən mühüm məqam fevralın 26-da Bakıdakı Xocalı qətliamı qurbanlarının yad edilməsi tədbirinin miqyası və xarakteridir. Azərbaycanın siyasi qüvvələrinin tarixində ilk dəfə iqtidarla müxalifətin birgə mitinq keçirmək şansı yaranıb. Bu barədə “Yeni Müsavat”ın müxbirinə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bilgi verib: “YAP-dan bizə təklif gəldi ki, bu, ümumrespublika tədbiridir. Odur ki, anım mərasimində birgə iştirak etmək olar. Biz bu təklifi müsbət qiymətləndiririk və fevralın 26-da birlikdə hərəkət edəcəyik. Bu tarix Azərbaycan xalqının mübarizə, qəhrəmanlıq salnaməsi sayılır. Xocalı faciəsi hamımızın dərdidir və bu məsələdə siyasi intriqalara kənara qoymaq lazımdır”.
Mövzu ilə əlaqədar İP Koordinasiya Şurasının (KŞ) dünən axşam saatlarında yaydığı məlumat isə bütün suallara aydınlıq gətirdi. Məlumatda yazılıb: “Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar İP-in tədbirlər planında 26 fevral, 2012-ci il tarixində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ziyarəti saat 12:00-a müəyyənləşdirilmişdi. Hakimiyyətin həmin gün abidənin ziyarətini yürüş formasında həyata keçirmək istəyini nəzərə alaraq İP KŞ bu tədbirdə birgə iştirak formalarını müəyyənləşdirmək üçün YAP rəhbərliyi ilə danışıqlar aparmaq qərarına gəldi. YAP-ın mətbuat katibi Hüseyn Paşayevlə danışıq zamanı məlum oldu ki, tədbirdə heç bir təşkilat və ya partiyanın ayrıca getməsi nəzərdə tutulmayıb. Partiya bayraqları, plakatlar olmayacaq. İstənilən təşkilat və partiya əklil gətirə bilər. Toplantı ”A.M.A.Y." ticarət mərkəzinin binasının qarşısında yığılmaqla saat 10-dan hərəkətə başlanılacaq. Ölkə başçısı saat 10-11 arası ziyarətə gələcək. İP üzvlərinin saat 11:30-dan başlayaraq “A.M.A.Y.”ın qarşısında toplaşıb oradan hərəkətə başlaması mümkündür. Yürüş iştirakçılarına heç bir maneçilik olmayacaq, bu barədə heç bir hakimiyyət orqanı ilə qabaqcadan razılaşdırma əldə olunmasına ehtiyac yoxdur. Qeyd olunanları nəzərə alaraq İP KŞ 26 fevral, 2012-ci ildə Azərbaycan xalqını Xocalı soyqırımı abidəsinin ziyarətinə dəvət edir. Toplantı yeri saat 11:30-da “A.M.A.Y.” ticarət mərkəzinin qarşısıdır".
Bununla da ölkə tarixində bir ilk yaşanması ilə yanaşı həm də iqtidarın 26 fevralda Bakıda 100 minlik göstəri istəməsi barədə xəbərimiz ən yüksəık səviyyədə təsdiqlənmiş oldu.
Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı Bakıda keçiriləcək tədbirlərlə əlaqədar paytaxtda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Lent.az-a bildirib ki, fevralın 26-da Bakıda keçiriləcək yürüş və anım tədbiri ilə əlaqədar abidəni ziyarət edənlərin rahat hərəkətini təmin etmək üçün həmin gün saat 07:30-dan tədbir bitənəcən paytaxtın Xocalı prospekti istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Azadlıq meydanı, Neftçilər prospekti ilə Xocalı parkı istiqamətində, həmçinin “Azneft” dairəsindən Neftçilər prospekti ilə hər iki istiqamətdə, Heydər Əliyev, Babək, Nobel, Zərifə Əliyeva, Puşkin, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, M.Mehdizadə, Ayaz İsmayılov, Tağızadə prospekt və küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacağını nəzərə alaraq vətəndaşlardan xahiş olunur ki, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır