Modern.az

Quba ayaqlanmasına bir baxış

Quba ayaqlanmasına bir baxış

Aktual

5 Mart 2012, 10:40

Hər şeydən öncə şəxsən məndə belə bir təəssürat yarandı ki, Quba ayaqlanması Azərbaycan gündəminə bomba kimi düşdü. Ayaqlanmaya nədən olan məlum video sosial şəbəkələrdə ortaya çıxdığı gün heç nədən çəkinmədən bir cümlə ilə fikrimi belə ifadə etmişdim: “Əgər Qubalılar bu adamı ən azı rayondan qovmasalar, onlara haram olsun!”. Olduqca sərt bir yanaşma olsa da, düşünürəm ki, belə bir məmuru ayaqlar altında tapdalamaq belə az olardı və Qubalılar sağ olsunlar ki, ona yerini layiqincə göstərə bildilər. Və hələ də müzakirəsi davam edən Quba ayaqlanması son bir həftənin gündəminə öz damğasını vurdu. Damğasını vurmaqla da bir sıra mətləbləri gün işığına çıxarmış oldu.

Hər şeydən öncə deməliyik ki, siyasi hüquqları, iqtisadi maraqları davamlı olaraq tapdanan xalq bu olayla göstərdi ki, əslində, bir qığılcıma bənddir ki, ayağa qalxıb hər kəsi (yəni onları istismar və təhqir edənləri) ayaqları altına alsın. Özü də maraqlısı odur ki, bu ayaqlanmada heç bir siyasi qurum, heç bir mütəşəkkil qüvvənin rolu olmadı. Xalq özü-özünə səfərbər edilərək hər şeyi göz ardı edib yerli hakimiyyətin üzərinə yürüdü. Və diqqət çəkən məqamlardan biri də bu idi ki, bir anda ortaya çıxan bu etirazın qarşısında ən azından yerli hakimiyyət orqanları hazırlıqsız yaxalandılar. Bu isə o deməkdir ki, Azərbaycanın istənilən bölgəsində bu cür olay təkrarlana və bənzər sonuca qədər varıla bilər.

Quba olaylarında diqqət çəkən başqa bir məqam da ondan ibarətdir ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları bu hərəkətlənmənin qarşısını almaqda heç də maraqlı görünmürdülər. Bu da təsadüfi deyil. Çünki həmin qurumların işçiləri də sadə xalqın arasından çıxan Azərbaycan vətəndaşlarıdır və bənzər özbaşınalıqlardan onlar da əziyyət çəkirlər…

Və Qubada şəxsən mənim bildiyim bir gerçək özünü bir daha sübut etdi. Bu bölgədən olan millət vəkilləri Vahid Əhmədov və Yevda Abramov öz mandatlarını bir daha təsdiq etdirmiş oldular. Özəlliklə də Vahid Əhmədovun olayların dinc və itkisiz məcraya yönəldilməsində ustalıq nümayiş etdirməsi ayrıca qeyd edilməlidir. Bu bölgədən olan müxalifətçi xanım Lalə Şövkətin də davranışları və olaylara yanaşması yaxşı mənada vurğulanmalıdır.

Diqqət çəkən məqamlar arasında özəl olaraq vurğulanması gərəkən bir amil də etiraz edən Qubalıların birmənalı olaraq Azərbaycan dövlətçiliyinə qarşı heç bir hərəkətə imkan verməməsidir. Düzdür, biriləri Quba ayaqlanmasının bölücülüyə yol aça biləcəyi iddialarını dövriyyəyə buraxmağa çalışsa da, bu, alınmadı və bütün Azərbaycan xalqı kimi Qarabağda şəhidlər vermiş Qubalılar əsl Azərbaycan vətəndaşı olduqlarına kölgə düşürəcək heç bir hərəkətə yol vermədilər.

Olaylar başlandığı andan diqqət çəkən qəribə bir məqam da vardı. Nəqliyyat naziri Ziya Məmmədov hadisə yerinə gedib xalqın önünə çıxmış və yerli xalqdan onları təhqir edən icra başçısının əvəzində üzr istəmişdi. Təəccüb doğurası bir hərəkətdir. Çünki bənzəri ayaqlanmaları idarə etmək, hər halda, nəqliyyat nazirinin səlahiyyətlərinə aid məsələ deyil axı. Daxili işlər naziri, lap elə müdafiə və hətta fövqəladə hallar naziri bölgəyə getsəydi, anlamaq olardı. Ancaq nəqliyyat nazirinin bu olaylara nə dəxli var, anlamırıq…

Olaylar zamanı ölkə ictimaiyyətinin diqqəti həm də müxalifətin üzərində idi. Hətta müxalifətin bu olayların önünə keçib inqilab edəcəyi xəyalını quranlar da vardı. Bizimsə fikrimiz bu idi ki, Azərbaycanda nə zamansa inqilab olarsa belə, bunu heç də indiki müxalifət etməyəcək. Olayların inkişafı ən azından bu an üçün bizim haqlı olduğumuzu təsdiq etdi…

Olaylar sonrası ortaya çıxan iddialarda prezident İlham Heydəroğlunun yanında keçirilən müşavirədə etirazçılara qarşı silah işlətmə təklifinin olduğu da deyilir. Və o da deyilir ki, prezident bu təklifi rədd edərək olayları dinc yolla yatışdırmaq göstərişi verib. Belədirsə, cənab prezidenti təbrik etmək lazımdır. Bu cür davranış müdrik bir davranış kimi qiymətləndirilməlidir. Bu öz yerində.

Həm də cənab prezident o təklifi verən nazirdən (və ya yüksək rütbəli hər kimdirsə, ondan) tezliklə qurtulmalıdır. Çünki bu adamın təklifi gerçəkləşdirilsəydi, indi Azərbaycan da ərəb inqilablarının sırasına qoşulmuş olacaqdı. Ona görə ki, hər hansı kütləvi aksiyada güllə atılar və qan tökülərsə, şəxsən mən də qanımızı tökənlərə qarşı ayaqlanmağa hazıram. O ki, qaldı hər şeyi Qubanın devrilmiş icra başçısı kimi rüşvətxor və acgöz məmurlar tərəfindən əlindən alınan sadə xalq ola.

Quba ayaqlanması bir tarix oldu. Ancaq bu o demək deyil ki, ölkədə belə olayların təkrarlanmaması üçün hər şey təmin edilib. Örnək üçün, elə Qubanın qonşusu olan Xaçmazda artıq bir müddətdir belə ayaqlanma üçün zəmin hazırlanır. Bir zamanlar Rusiya vətəndaşlarının yaşadığı və hazırda boşaltdığı Xraxoba kəndinin ərazisi ilə bağlı Xaçmaz camaatında haqlı təəccüb və narazılıq yaradan hala yol verilir. Məsələ ondadır ki, həmin kəndin boşalmış ərazisində yalnız əslən Naxçıvanın Ordubad rayonundan olanlar ev ala bilərlər. Hər halda, xalqın arasında dolaşan bu fikirlər camaatda ciddi və haqlı narazılıq doğurur və zamanında prezident İlham Əliyev özü olaya əl qoymasa yəqin ki, buranın da camaatı etirazları küçəyə daşımalı olacaq.

Bura onu da əlavə edək ki, həmin kəndin yerləşdiyi seçki dairəsindən artıq neçənci dəfədir ki, bu bölgəyə heç bir formada dəxli olmayan şəxslərin deputat təyin edilməsi də narazılıqların çoxdan partlayış həddinə çatmasına gətirib çıxaran amillər sırasındadır. Bəllidir ki, 2000-ci ildə həmin ərazidəki 56 saylı Xaçmaz kənd seçki dairəsindən əslən Borçalıdan olan İsmayıl Ömərov, 2005-ci ildə əslən Naxçıvandan olan Nizami Xudiyev və 2010-cu ildə isə hətta yerli camaatın haralı olduğunu bilmədiyi İlham Əliyev (PA rəhbəri Ramiz Mehdiyevin kürəkəni) deputat təyin edilib. Yerli camaat özəlliklə də 2005-ci ildə bəndənizin böyük üstünlüklə qalib gəlməsinə baxmayaraq ona aid deputat mandatının Nizami Xudiyevin adına rəsmiləşdirilməsini heç cür unuda bilmir…

Burada onu da ayrıca qeyd etmək istərdik ki, biz Azərbaycanın bir bölgəsindən olan şəxsin başqa bir bölgədən deputat seçilməsinə qarşı deyilik. Azərbaycan bir bütündür və hər kəs bunu belə bilməlidir. Sadəcə olaraq bölgə camaatının hələ də anlamaqda çətinlik çəkdiyi odur ki, heç vaxt bir rayona dəxli olmayan bir adam necə olur ki, onlara zorla deputat olaraq sırınır? Adı çəkilən şəxslər hər hansı bir formada o bölgəyə daha öncə bağlı olsaydı, bunu hardasa başa düşmək olardı. Ancaq heyhat…

Son olaraq arzu edərdik ki, Azərbaycanın özəlliklə də belə bir həssas dönəmində ölkəmizin heç bir yerində bənzər olaylar yaşanmasın. Belə olması üçünsə, cənab prezident başda olmaqla ölkə rəhbərliyinin artıq xalqı boğaza yığmış Rauf Həbibov kimi məmurlar barəsində təcili tədbirlər görməsi lazımdır. Belə məmurlardan isə hər rayonda bir deyil, ən azı beş nəfər var…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır