Modern.az

Ağdam Mərkəzi xəstəxanasının işçiləri 10 aydır maaşlarını ala bilmirlər

Ağdam Mərkəzi xəstəxanasının işçiləri 10 aydır maaşlarını ala bilmirlər

Təhsil

23 May 2012, 17:00

Modern.az saytına ağdamlı köçkünlər adından şikayət xarakterli məktub daxil olub. Məktubda bildirilir ki, hazırda Bakıda yaşayan bir qrup məcburi köçkün 2011-ci ilin iyul ayından dondurulmuş maaşlarını ala bilmirlər. Buna görə də aidiyyatı qurumlardan kömək istəyirlər.
Ağdam Mərkəzi Rayon xəstəxanasında çalışmış bu məcburi köçkünlər onlara orta aylıq əməkhaqqı verilməməsi barədə artıq 3-cü dəfədir ki, dövlət başçısına teleqram vurduqlarını bildiriblər. Ancaq hələ ki heç bir tədbir görülmür. Belə şübhə yaranır ki, teleqramı cənab Prezidentə təqdim etmirlər.  

“10 aydan çoxdur ki, qanunsuz olaraq məcburi köçkünlərin  orta aylıq əməkhaqları verilmir.  Halbuki yenidən qayıdıb doğma rayonlarında işləyə bilməyən məcburi köçkünlər məskunlaşdıqları bölgələrdə ixtisaslarına uyğun işlə təmin olunmalı, ya da orta aylıq əməkhaqlarını almalıdır. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 avqust tarixli 95 nömrəli qərarı da var”-deyə məktubda bildirilib.

Məlumatın tam anlaşıqlı olması üçün həmin məktubdan kiçik bir hissəni nəzərinizə çatdırırıq.

“Biz, Ağdam rayonu işğal olunduqdan sonra, Bakıda müvəqqəti məcburi köçkün kimi məskunlaşmışıq. İş yerlərimizi itirdikdən sonra ümummilli liderimiz Heydər Əliyev bizim çətin vəziyyətimizi nəzərə alaraq əmək haqlarımızın verilməsi üçün fərman imzaladı. Hörmətli prezidentimiz İlham Əliyevin sərəncamına əsasən, biz hər il dondurulmuş maaşlarımızı almışıq. Ancaq 2011-ci il iyul ayından bizim maaşlar kəsilib. Səbəbi, bizi Quzanlı qəsəbəsinə işə çağırırlar. Evlə təmin etmirlər. Deyirlər gəlin kirayədə qalın. 130 manat maaşla 70 manat verib  kirayədə qalaraq ailəmizi necə dolandıraq? Bizi müvəqqəti məskunlaşdığımız yerdən işlə təmin etsinlər, amma bizi 400 kilometr aralıda Quzanlı qəsəbəsinə işə çağırırlar. Maaşlarımızın kəsilməyinə görə, ailələrimiz çətin maddi vəziyyətə düşüb. Uşaqların ehtiyaclarını ödəyə bilmirik. Bu barədə dəfələrlə Səhiyyə Nazirliyinə, Rayon İcra Hakimiyyətinə, Rayon Səhiyyə Şöbəsinə müraciət etmişik. Ancaq heç bir nəticə olmadı. Ümid edirdik ki, yeni il bayramında, Novruz bayramında pulumuzu verərlər, ancaq vermədilər”.

Məsələni aydınlaşdırmaq üçün əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə zəng vurduq. Komitənin mətbuat katibi Elçin Qədimov dondurulmuş maaşların verilməməsi ilə bağlı məlumatdan xəbərsiz olduğunu bildirdi. O, bizə Ağdam rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağı tövsiyyə etdi.
“Bu məsələ ilə bağlı rayon İcra Hakimiyyəti danışa bilər.Bu məsələlərə biz baxmırıq” Səhiyyə Nazirliyindən bu məsələyə münasibət bildirən tapılmadı...
Məsələni yenə də diqqətdə saxlayacağıq.Ümid edirik ki,  aidiyyatı qurumlardan bir cavab alıb, oxucularımızı da məsələdən xəbərdar edəcəyik.

Nihadə Eyyubova
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı