Modern.az

Bakıda əksər binaların həyətlərindəki uşaq şəhərcikləri dağıdılıb

Bakıda əksər binaların həyətlərindəki uşaq şəhərcikləri dağıdılıb

16 Fevral 2010, 13:05

Son illər Bakıda aparılan pərakəndə tikinti işləri uşaqların əyləndiyi bəzi məkanların zəbt olunması ilə nəticələnib. Söhbət məhəllələrdəki uşaq meydançalarının dağıdılmasından gedir.

Bakıdakı əksər binaların qarşısında azyaşlıların oynaması üçün meydançaların olması hamının yadındadır. Artıq sovet dövründə tikilən binaların həyətlərindəki uşaq şəhərciklərindən əsər-əlamət qalmayıb. Həmin əyləncə yerləri dağıdılaraq orada çoxmərtəbəli binalar, ticarət obyektləri, kafe və çayxanalar, qarajlar tikilib. Digər narahatedici məqam paytaxtda salınan yeni yaşayış komplekslərində uşaq şəhərciklərinin yaradılmaması ilə bağlıdır. Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov hesab edir ki, sözügegən əyləncə yerlərinin olmaması, həyətə düşüb oynamaq imkanı tapa bilməyən azyaşlıların inkişafına pis təsir göstərir. Hər gün dörd divar arasında qalmağa öyrəşən uşaqların isə bir-biri ilə ünsiyyət saxlamasına, kollektiv oyunlar oynamasına çox ehtiyacı var. «Nəzərə almaq lazımdır ki, hal-hazırda uşaq bağçalarının və istirahət düşərgələrinin çoxu bərbad vəziyyətdə olduğundan bütün valideynlər övladlarını həmin obyektlərə göndərə bilmir. Bu halda valideynlər nə etməlidirlər? Düzdür, yaşayış binalarından xeyli aralıda istirahət və əyləncə üçün bir sıra parklar yaradılıb. Amma heç də bütün valideynlər uşaqlarını həmin obyektlərə apara bilmlər. Bunun üçün ilk növbədə boş vaxt tələb olunur. İkincisi isə həmin parklardakı əyləncə vasitələrinin pullu olması bir çox ailələrin uşaqlarına onlardan tez-tez istifadə etməyə imkan vermir. Ona görə də həyətlərdəki uşaq əyləncə yerlərinin dağıdılmasına və onların başqa məqsədlər üçün istifadə edilməsinə şərait yaradanlardan hesab sorulmalıdır».

Müstəqil Memarlar Assosiasiyasından bildiriblər ki, şəhərsalmanın qaydalarına görə, yaşayış binalarının layihəsi hazırlanarkən ilk növbədə məktəb, uşaq bağçası, yaşlıların istirahəti, uşaqların əylənməsi üçün yer nəzərdə tutulmalıdır. Yaşayış kompleksləri tikilərkən hər yarım hektarın 25 faizi uşaqlar üçün ayrılmalıdır. Amma müşahidələr Bakının tikinti sektorunda bu qaydalara əməl olunmadığını göstərir.

Uşaq hüquqlarının müdafiəçiləri binaların həyətlərindəki uşaq şəhərciklərinin dağıdılmasını cinayət hesab edirlər. Məlumatlarda təxminən 100-dən mox binanın qarşısındakı uşaq şəhərciyinin darmadağın edildiyi bildirilir. Hüquq müdafiəçiləri buna görə, Bakı şəhər İcra Hakimiyyətini ittiham edirlər.

Adəm Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı