Modern.az

TÜRKSOY-un Axundzadə İli “Sübhün səfiri” filmi ilə tamamlandı

TÜRKSOY-un Axundzadə İli “Sübhün səfiri” filmi ilə tamamlandı

Aktual

21 Dekabr 2012, 12:41

TÜRKSOY təşkilatı Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə bu ilin yanvarında elan olunmuş “Mirzə Fətəli Axundzadə İli” çərçivəsində yekun tədbirlərini keçirib. Bu haqda Modern.az-a Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib.

Dekabrın 14-də Şimali Kiprin Doğu Akdeniz Universitetində keçirilən tədbirdə təhsil ocağının rektoru, professor Abdullah Öztoprak, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Şimali Kiprin turizm, ekologiya və mədəniyyət naziri Ünal Üstel çıxış edərək tədbirin Azərbaycan ədəbiyyatının zəngin irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Doğu Akdeniz Universitetinin professorları Cem Tanova, Yavuz Akpınar, dosent Adnan Akgün, Azərbaycan Milli Kitabxanasının direktor müavini Gülbəniz Səfərəliyeva, M.F.Axundzadənin həyat və yaradıcılığından söhbət açıblar.

Növbəti tədbir dekabrın 17-də Ankarada, Türkiyə Milli Kitabxanasında keçirilib.

Xalq yazıçısı Anar, Avrasiya Yazıçılar Birliyinin sədri Yakub Dəliöməroğlu, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Qazaxıstan Beynəlxalq Türkologiya Mərkəzinin direktoru Erden Kajıbek M.F. Axundov yaradıcılığının məziyyətlərindən, xüsusilə türk dünyasında vahid əlifba və dilin formalaşmasındakı xidmətlərindən danışıblar. Tədbirlərdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Hər iki tədbirin sonunda rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi “Sübhün səfiri” filmi nümayiş olunub.

“M.F. Axundzadə İli” çərçivəsində son tədbir dekabrın 18-də İstanbul Aydın Universitetində gerçəkləşib.

Beləliklə, TÜRKSOY “Mirzə Fətəli Axundzadə İli”nə yekun vurub.

Sevinc

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır