Modern.az

Komitə sədrindən əsgər ölümünə sərt ETİRAZ

Komitə sədrindən əsgər ölümünə sərt ETİRAZ

Aktual

11 Yanvar 2013, 15:15

“Respublika Hərbi Prokurorluğu tərəfindən  Daşkəsəndə yerləşən hərbi hissələrdən birində qulluq edən əsgər Ceyhun Qubadovun döyülərək öldürülməsi  faktı ilə əlaqədar  başladılmış cinayət işi tezliklə başa çatdırılmalıdır”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor  Rəbiyyət Aslanova dilə gətirib. Komitə sədrinin qeyd etdiyinə görə, Respublika  Hərbi Prokurorluğu, istintaq orqanları bu hadisədə günahkar olan şəxslərin qısa bir zamanda tapılaraq, cəzalandırılmasına nail olmalıdırlar. R.Aslanova hesab edir ki, çünki  bu, sıradan bir hadisə  deyil, məlum cinayət hadisə ilə bağlı qəti və ciddi ölçülər götürülməlidir:

“Onu da qeyd edim ki, Azərbaycanda ordu quruculuğuna böyük diqqət yetirilir, əsgərlərimizin öz hərbi xidmətlərini yerinə yetirmələri, onların vətənə olan borclarını qaytarmaları üçün hər cür şərait, imkan yaradılır. Azərbaycan ordusu, Azərbaycan əsgəri bu gün  dövlətin, ölkə Prezidentinin diqqəti və qayğısı altındadır. Bununla belə, son dövrlər ordumuzda baş verən bəzi neqativ hallar da hamımızı ciddi şəkildə narahat etməkdədir. Düzdür, biz müharibə vəziyyətində yaşayırıq, müharibədə və ya hazırda atəşkəs şəraitində cəbhə bölgəsində düşmən gülləsindən hansısa  əsgərin ölümü, şəhid olması  başqa məsələdir, ancaq hansısa hərbi hissədə  qulluq edən əsgərin bu və ya digər səbəbdən, xüsusilə, döyülərək, vəhşicəsinə öldürülməsi tamam başqa məsələdir. Bu, qətiyyən, yolverilməz və bağışlanmaz bir hərəkətdir. Bu baxımdan, hesab edirəm ki, cəmi 3 ay öncə hərbi xidmətə yola düşən və özü də ailənin  tək oğlan övladı olan mərhum Ceyhun Qubadovun ölümündə  təqsirli, günahkar olan şəxslər aidiyyəti orqanlar tərəfindən tezliklə müəyyənləşdirilərək, öz layiqli cəzalarına çatdırılmalıdırlar. Ümumiyyətlə, Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğu dinc şəraitdə əsgər ölümlərinin, intihar hallarının artmasının qarşısının alınmasında daha ciddi və təsirli  addımlar atmalıdırlar. Müharibə vəziyyətdə olan bir ölkənin ordusunda bu cür halların baş verməsi qətiyyən, yolverilməzdir və bu kimi hallara yol verənlər də öz əməllərinin nəhayət, layiqli cavabını, cəzasını almalıdırlar. Bu məsələdə heç cür  gecikməyə və güzəştə yol vermək olmaz”.

Millət vəkili eyni zamanda, C.Qubadovun ölümü ilə əlaqədar  onun ailə üzvlərinə başsağlığı verib, mərhuma Allahdan rəhmət, əzizlərinə isə  səbir diləyib: “Mən bir ana, bir valideyn, bir millət vəkili kimi, bu hadisədən boyun üzüntü, dərin kədər hissi keçirdiyimi, bu cinayəti  törədənləri lənətlədiymi, onların tezliklə tapılaraq, cəzalandırılmasını istədiyimi və tələb etdiyimi, eyni zamanda, mərhumun ailəsinin kədərinə, acısına şərik olduğumu, onu bölüşdüyümü bildirmək istəyirəm. Həmçinin bildirmək istəyirəm ki, bu hadisədə azacıq olsun belə, əli və iştirakı olan şəxslərin tezliklə  tapılaraq, cəzalandırılacağına da inanıram. Kimsənin ahı kimsədə qalmaz, qalmamalıdır və qalmayacaq. Mən buna qəti əminəm. Bir daha mərhuma Allahdan rəhmət diləyir və ailəsinə Böyük Yaradandan səbir arzulayıram”.

Kamil Həmzəoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır