Modern.az

Gənc muğam ifaçısı: “Necə əl çaldılarsa, diksindim”-MÜSAHİBƏ

 Gənc muğam ifaçısı: “Necə əl çaldılarsa, diksindim”-MÜSAHİBƏ

4 Aprel 2013, 11:04

Modern.az-ın  müsahibi xanəndə Babək Niftəliyevdir.  

– Yenicə səfərdən qayıtmısınız. Haralarda idiniz?

– Martın 26-da İsveçrəyə getdik. Cenevrə şəhərində konsert proqramı ilə çıxışlar etdik. Mədəniyyət və Turizm Nazirliyinin xətt ilə olan bir tədbir idi. Bizim konsert BMT-nin binasında oldu. Hər bir ölkə öz mədəniyyət nümunəsini orada sərgilədi. Azərbaycan da həm musiqisini, həm də mətbəxini.

Orada neçə ölkənin nümayəndəsi iştirak edirdi?

– Təxminən 9 ölkə. Özbəkistan, Türkiyə, Qırğızıstan, Əfqanıstan, İran və s. Bizim 15-20 dəqiqəlik ifamız oldu. Axşam isə BMT-nin binasında ikinci bir konserti verdik. İkinci dəfə çıxış edəndə artıq milli geyimləri dəyişib smokinq geyinmişdik. Orada bir əcnəbi bizə yaxınlaşıb dedi ki, bu nə paltardır geyinmisiniz? Sizin birinci konsertdə olan paltarlarınız çox yaxşı idi... Muğamlarımıza münasibət çox yaxşı idi. Dəhşət e, dəhşət. Allaha and olsun!   Bir dəfə Fransada konsertdə “Sarı gəlin” mahnısını oxuyurdum. Mahnının ortasında muğamlar boğazlar edirəm, amma əl çalmırlar. Mən də özlüyümdə düşünürəm ki, bunu Azərbaycanda etsəm necə əl çalarlar, necə qarşılayarlar. Özümü səhnədə öldürürəm, görürəm yox e, əl çalan yoxdur. İnanırsınız mahnı qurtaran kimi necə əl çaldılarsa, diksindim... Xaricdə qulaq asmaq mədəniyyəti çox güclüdür.

Heç olubmu ki, oxuduğun yerdə mahnının, qəzəlin sözlərini unutmusan. Belə məqamda vəziyyətdən necə çıxmısan?   

– Elə olub ki, oxuduğum yerdə qəzəlin bir misrası yadımdan çıxıb. Bəzən də mahnıda birinci bəndin nəqarəti yada düşməyib, onu ikinci bəndinnəqarəti ilə əvəzləmişəm.

Prezident təqaüdü alırsınız?

– 23 yaşından 25 yaşa kimi aldım, indi almıram.

– Qalmaqaldan qaçırsınız, bəs necə edirsiniz ki, gündəmdə qalasınız?

– Biz muğam ifaçıları bir az ağır təbiətli insanlarıq. Şəxsən mənə yaraşmaz ki, durum nə isə şitlik edəm. Və ya cins şalvarda efirə çıxım.  

Xarici səfərlərdə olursunuz. Azərbaycan dilindən başqa neçə dil bilirsiniz?

–Azərbaycan dilindən başqa heç bir dil bilmirəm. Səfərlərdə xarici vətəndaşlar yaxınlaşanda yüngülvarı sözlərlə, ya da işarəylə başa salırıq, çox vaxt da çətinə düşəndə tərcüməçilər köməyimizə çatır.  

– Yəqin ki, bu səfərlərdə maraqlı əhvalatlar da başınıza gəlib. Bir neçəsini bizimlə bölüşə bilərsiniz?  

– Bir dəfə oteldə qapını açıb çölə çıxdım. Və təsadüfən də qapı bağlandı. Dil də bilmədiyimə görə heç kimi çağıra bilmədim. Bir təhər “futbolka”da düşdüm aşağı, laldili başa saldım ki, açar qalıb içəridə. Mən elə bilmişəm ki, resepşn mənə deyib ki, çıx yuxarı, gəlirəm. Sən demə, o da deyib ki, yuxarıda xadimə xamın var, ona deyərsən, gəlib qapını açar. Çıxmışam yuxarıya, yarım saat onu orada gözləmişəm. Yarım saatdan sonra yenə lal dili ilə xadiməyə gedib bir təhər başa salmışam, gəlib qapını açıblar.  

– Zaman surət ilə gedir, yeni xanəndələr meydana çıxır. Zamanın nəbzini tutmaq üçün hansı yenilikləri edirsiniz?

– 3-cü beynəlxalq muğam müsabiqəsi keçirildi. Onun açılışında da oxudum. Dövlət tədbirində iştirak etmək hər adama nəsib olmur. Ona görə də biz özümüzdə məsuliyyət hiss edirik. Ancaq irəli getmək, üzərində işləməyi planlaşdırırıq.  

– Müğənnilərin ən yaralı yeri sponsordur.

– Ağlamaq istəmirəm, ancaq maddi problemlər hərdən çətinlik yaradır. Bizim əsas qazanc yerimiz toylardır, bir də xarici səfərlər.

– Yəqin ki, toy sərgüzəştləriniz də az deyil...

– Bir dəfə toyda ağsaqqal kişi muğam oxuduğum yerdə gəldi ki, əmi oğlu, mənə “Sarı gəlin” mahnısını oxu. Mən də ürəyimdə dedim, bəh-bəh nə gözəl dedi bunu, lap mənim ürəyimdən xəbər verdi. Uşaqlara dedim ayaq saxlayın, ağsaqqal bizdən “Sarı gəlin” mahnısını istəyir. Kişi də zalın ortasında əlin belinə qoyub durub baxır. Mən də başladım oxumağa. Görür axı mahnı həmin mahnıya oxşamır. Sən demə, o biri “Sarı gəlin”i istəyirmiş, mən də nəzərimdə xalqa mahnısını tutmuşam. ”Səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin” deyəndə kişi qışqırdı ki, saxla. Beləcə, başıma oyun açdı... Şəxsən öz toyumda dedim, nə badə “Can cana” mahnısı oxusunlar. Musiqiçilərə də, tamadaya da tapşırdım ki, gəlib sənə desələr, bu mahnını istəyirik, bəyin icazə vermədiyini de.

– Səndən fərqli olaraq elə gənc xanəndələr var ki, şou əhli ilə yola getmir. Qalmaqal yaşayırlar. Sən özünü necə bunlardan kənar tutursan?  

– Üz-üzə necə deyərsən, kiminlə deyərsən dalaşaram. Amma qalmaqal, televiziyada kiminsə ünvanına atmaca atmaq, – mənlik deyil.   – Sizin nəslə  qədər hamı düşünürdü ki, muğam yox oldu. Amma yeni nəsil çıxdı və məlum oldu ki, muğam yaşayır...  

– Dövlətimiz sağ olsun ki, bizim üçün muğam ocaqları, musiqi məktəbləri tikdirdi. Muğamın o vaxtlar yiyəsi, sahibi yox idi. İndin isə muğama qayğı, diqqət artdı. Dahilərimiz, sənətkarlarımız muğamlarımızı öz çiyinlərində gətirdilər. İndikilər də şükür allaha yaxşıdır.

 

 

 

Şahanə RƏHİMLİ 

Elçin AĞAYEV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı