Modern.az

Triqqer effekti

Triqqer effekti

Aktual

21 Aprel 2013, 11:54

Bu gün dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır və 2050-ci ildə bu göstəricinin 70 faizə çatacağı proqnozlaşdırılır. Böyük əhali məskənlərinə çevrilmiş şəhərlər də illər getdikcə daha çox enerji sərf edir. Urbanizasiya elə bir sürətli templə gedir ki, şəhərlər çox zaman yeni tələblərlə ayaqlaşa bilmir. Nəqliyyat, ekoloji və digər problemlər artır və bu problemləri həll etmək üçün məkanın radikal şəkildə formasını dəyişdirmək tələb olunur. Yaxın illərdə yeni infrastruktur qərarların və şəhərlərin transformasiya haqqında biliklərin akkumulyasiyası (toplanması) Böyük Britaniyanın paytaxtı Londonda həyata keçiriləcək.

Avstriyanın tanınmış iqtisadçısı Yozef Şumpeter belə bir qanunauyğunluq aşkar etmişdi: triqqer effekti (bir sistemin daxili proseslər nəticəsində böyük sürətlə digər vəziyyətə keçməsi) məhz depressiya dövründə yaranır və yeni texnoloji sistem işə düşür. Paradiqmanın dəyişməsi (elm ictimaiyyətində baxışlar sisteminin dəyişməsinin prinsiplərini təsvir edən fəlsəfi anlayış və  konsepsiya) baş verir, innovasiya irəliləyişi yeni sahələrə yerini dəyişir. Bəs hansı texnologiyalar sabah əsas rol oynayacaq? Mütəxəssislər dördüncü texnoloji sistemin artıq arxada qaldığını bildirirlər. Yəni kütləvi istehsal, avtomobillər, ağır maşınqayırma, aviasiya kimi sahələr köhnə texnoloji sistemin bəhrələridir. Hazırda beşinci sistem başa çatır, daha dəqiq desək, kompüter, telekommunikasiya, elektronika, internet dövrü yekunlaşır. Bir qədər əvvəl hesab edilirdi ki, yaranacaq altıncı texnoloji sistem yalnız NBİC (nano, bio info, koqnito) texnologiyalarla bağlı olacaq. Ancaq bu gün qeyd edilir ki, altınca texnoloji sistemin ayrılmaz elementini təbiət resurslarından yeni istifadə və şəhərlərin transformasiyasının yeni texnologiyaları təşkil edəcək.

Qeyd etmək yerinə düşərdi ki, kəskin iqtisadi böhranlardan tarixi çıxış həmişə şəhərlərin və şəhər iqtisadiyyatının yenidən qurulmasıyla müşayiət olunmuşdu. Məsələn, 19-cu əsrin ortalarında, Avropa inqilablarından sonra Paris şəhəri baron Jorj Ejen Osman tərəfindən yenidən qurulmuşdu. İkinci İmperiya dövründə həyata keçirilmiş genişmiqyaslı yenidənqurma layihəsi özündə orta əsr planlaşdırılmasından imtina edilməsini, yeni mühəndis və yeni tikinti növlərini əks etdirmişdi. Əslində Fransa paytaxtında şəhərsalma sistemində ciddi islahatların aparılmasına həmin dövrdə yaranmış vəziyyət təkan vermişdi. Belə ki, intensiv sənaye inkişafı illərində Fransanın, xüsusilə də Parisin sakinləri sürətlə çoxalırdı. Cəmi bir əsr ərzində paytaxt əhalisinin sayı 500 min nəfərdən (1800) 2,7 milyon nəfərədək (1901), yəni beş dəfə artmışdı. Baron Osmanın rəhbərliyi altında Parisdə yerləşən daşınmaz əmlakın təqribən 60 faizi yenidən qurulmuş və həyata keçirilmiş işlər Fransa paytaxtının simasını yeniləməklə yanaşı, iqtisadi inkişafa da yeni təkan vermişdi.

Eyni sözləri ABŞ barəsində də demək olar. İkinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatlarda avtonəqliyyatın tələblərinə cavab verəcək şəhərlərin müasirləşdirilməsi proqramı həyata keçirilmişdi. Suburbiya (şəhərkənarı qəsəbələrin salınması) prosesi gur inkişaf etməyə başlamışdı. Ötən əsrin 70-ci illərində böhran zamanı Nyu-York şəhərində və ABŞ-ın qərb regionunda yerləşən böyük şəhərlərdə yenidənqurma işləri həyata keçirilmişdi. Sənaye müəssisələrinin yerləşdiyi ərazilərin redevelopmenti (qeyri-yaşayış daşınmaz əmlakın yaşayış binasına çevrilməsi), bahalı yaşayış binaları və kommersiya tipli daşınmaz əmlak sənaye sahəsinin daşınmaz əmlakını  əvəz etmiş və şəhərlər idarə funksiyalarında cəmləşməyə başlamışdı. Mütəxəssislər də bildirir ki, indiki böhran da yenidən şəhərlərin sürətli dəyişdirilməsi vaxtıdır və artıq ərazilərin postsənaye məkana yenidən formatlaşdırılması prosesi gedir. Ötən texnoloji dövrün şəhərləri yeni nəsil sakinlərin tələblərinə getdikcə daha az cavab verir. Qloballaşma prosesinin başlanmasıyla da ölkələr və şəhərlər arasında rəqabət də sərtləşir. Xüsusilə də şəhərlər arasında daha istedadlı, müvəffəqiyyətli və varlı insanlar uğrunda amansız mübarizə gedir. Belə bir “müharibə metodlarından” başlıcası və insanların cəlb olunması da həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Bundan başqa, dünyanın qabaqcıl şəhərləri fəal şəkildə yeniləşirlər. Bu məsələdə mütəxəssislər bir neçə trendin olduğunu qeyd edirlər. İlk trend resursların mühafizə olunduğu şəhərlərdir. Məsələn, ABŞ-ın Portlend şəhərində 15 il öncə karbon qazsız şəhər adlı inkişaf proqramı qəbul olunmuşdu. Həmin proqram avtomobil trafikinin kəskin şəkildə ixtisar olunmasını, ictimai nəqliyyata üstünlük verilməsini və bərpa olunan enerji resurslarına keçidi nəzərdə tuturdu. Bu gün Portlend hibrid avtomobillərin və “yaşıl” binaların sayına görə ABŞ-da lider şəhərdir. Hər il şəhərdə benzin istehlakının 5 faiz azaldığı vurğulanır. Almaniyanın Frayburq şəhərində də eyni mənzərəni müşahidə etmək olar. Bu alman şəhərində qarşıya qoyulan əsas məqsədlərdən biri də budur ki, 30 ildən sonra Frayburqun energetika balansında alternativ enerji resursları üstünlük təşkil etməli və şəhərin enerji ilə təminat məsələsində asılılığına son qoyulmalıdır. Digər trend isə kreativ şəhərlərdir. İnkişaf etmiş ölkələr şəhərlərini fəal şəkildə postsənaye dövrünün tələblərinə uyğun yeniləşdirirlər. Məsələn, Nyu-York və Londonda kreativ şəhər yaradılması barədə xüsusi planın qəbul olunduğu bildirilir. Belə dəyişikliyin də başlıca məqsədi insan yaradıcılığının və özünüifadəsinin yaşayış mühitinin əsasını təşkil etməsidir. Yəni birinci mərhələdə insanların özünüifadəsi üçün şərait yaradılır, ikinci səviyyədə isə bunun əsasında istehsal təşkil olunur. Buna müvafiq olaraq da şəhərlər dəyişir.

Belə dəyişən şəhərlərdən biri də Londondur və Temza çayının sahilində Almaniyanın “Simens” şirkəti tərəfindən inşa edilən “Kristal” kompleksi yerləşir. Kompleks paytaxt metrosunun iki addımlığında və kanat yolu stansiyasının yaxınlığındadır və bu yolun köməyilə sahilin digər tərəfinə keçmək mümkündür. Kanat yolu London şəhərinin nəqliyyat sistemində son yeniliklərdən biridir. Bu yenilik dövlət büdcəsinə 60 milyon funt sterlinqə başa gəlsə də, hazırda Britaniya paytaxtının mənzərəli yerlərindən biri sayılır. “Kristal” kompleks maraqlı görünüşlə yanaşı, mürəkkəb formaya da malikdir. Belə ki, forma binaya dəyişkən olmağa imkan verir. Konstruktiv olaraq kompleks möhkəm metal sütunlar üzərində dayanır və şüşə konstruksiyayla əhatələnmişdir. Belə qurğu da Günəş şüalarının binaya daxil olmasına maksimum dərəcədə şərait yaradır. Kompleksin sahəsi 6,3 min kvadrat metrə bərabərdir və inşasına 35 milyon avro vəsaitin xərcləndiyi bildirilir. Qeyd etmək yerinə düşərdi ki, şəhərlərin transformasiya prosesinin tədqiqatına həsr olunmuş bu kompleks nümunəvi “yaşıl” bina kimi inşa edilmişdir. “Kristal”ın damında günəş batareyaları, zirzəmisində istilik nasosları və yağış suyunun saxlamaq üçün rezervuarlar quraşdırılmışdır. Bütün mühəndislik sistemləri kömpüterləşdirilmişdir və vahid mərkəzdən idarə olunur.

Enerji səmərəliliyinə görə “Kristal” kompleksi çox yüksək balları almışdır ki, bu da onu dünyada ən “yaşıl” obyektlərdən birinə çevirir. Özünüz diqqət yetirin: “Kristal” analoji obyektlərlə müqayisədə 50 faiz az enerji sərf edir və 65 faiz az karbon qazı ayırır, qızdırma və soyutma sistemləri bərpa olunan enerji resursları hesabına həyata keçirilir, yağış suyu sonradan istifadə üçün toplanır. Kompleksin ərazisi üç hissədən ibarətdir: sərgi, konfrans zalı və danışıq otaqları.
Dünyada ən böyük ekspozisiya, daha dəqiq desək, 2 min kvadratmetr sahəyə malik interaktiv sərgi salonu da müasir şəhərlərin inkişafına həsr olunmuşdur. Bu salon gələcəyin şəhərlərinin infrastrukturu barədə insanlara məlumat verilməsinə xidmət edəcək. Onun əsas mövzuları da tikinti texnologiyaları, nəqliyyat, enerji və su təchizatı, səhiyyə olacaq. Konfrans zalında mühəndislər, memarlar, şəhər salma mütəxəssisləri və bələdiyyə nümayəndələri üçün müstəqil forumların keçirilməsi nəzərdə tutulur. Bundan başqa, “Kristal” kompleksində şəhərlər üzrə ən böyük məlumat-təcrübə mərkəzi yerləşəcək. Burada şəhərlərin inkişafıyla bağlı müxtəlif ideyaların müzakirəsiylə yanaşı, vacib araşdırmalar da həyata keçiriləcək.

Mütəxəssislər “Simens” şirkətinin şəhərlərin davamlı inkişafına dair mərkəzi təsadüfən Londonun mərkəzində inşa etmədiyini bildirirlər. Belə ki, Britaniya paytaxtı sürətlə dəyişməklə yanaşı, həm də texnoloji yeniliklərin əsas alıcısıdır. Məsələn, London küçələrində 200 min nəzarət kamerasının quraşdırıldığı vurğulanır və şəhərdə cinayət sayının azalmasını məhz bu faktorla əlaqələndirirlər. Bundan başqa, “Dumanlı Albion”un əsas şəhəri ötən əsrin 90-cı illərində avtomobil tıxaclarından “boğulurdu”. Vəziyyətin nə dərəcədə problemli olduğunu təsvir etmək üçün təkcə bunu qeyd etmək kifayətdir ki, həmin dövrdə avtomobilərin orta sürəti saatda 15 kilometrədək aşağı düşmüşdü. 2003-cü ildə Londonun meri Ken Livinqston yaranmış vəziyyətdən çıxış yolu kimi şəhərin tarixi mərkəzi küçələrinə girişi pullu etmək barədə göstəriş vermişdi. 10 ildir müəyyən nöqtələrə quraşdırılmış nəzarət kameraları da avtomobillərin nömrələrini qeydə alır və nəqliyyat vasitəsinin sahibinə qəbz göndərir. Burada bir məqamı da vurğulamaq yerinə düşərdi ki, sərnişin avtobuslar, taksilər, polis və əlillər bu ödənişdən azaddırlar. Ödənişdən boyun qaçıranlar isə 100 funt sterlinq məbləğində cərimə ödəməyə məcbur edilirlər. Şəhər büdcəsinə daxil olan ödənişlər də tamamilə nəqliyyat sisteminin inkişafına sərf olunur.

Ibrahim Nizamioğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir