Modern.az

Türkiyə olaylarının Azərbaycanda əks-sədası: Səbəb yoxsa bəhanə?

Türkiyə olaylarının Azərbaycanda əks-sədası: Səbəb yoxsa bəhanə?

Aktual

3 İyun 2013, 16:08

Türkiyədə yaşanan son olaylar regionun gündəmini dəyişdirdi. Qonşu ölkədə yaşananlar barədə Azərbaycanda nə düşünürlər?

Modern.az mövzu ilə bağlı mövqeləri öyrənib.  

Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirovun fikrincə, son dövrlərdə bu cür iğtişaş qeydə alınmadığına görə birdən-birə hadisələrin miqyasının genişlənməsi gözlənilməz oldu. Politoloq hesab edir ki, Türkiyədəki etiraz aksiyalarında sosial şəbəkələrin də rolu böyükdür. “Etiraz aksiyaları miqyas etibarilə getdikcə genişləndi. Belə olan təqdirdə hadisələrin motivlərinin nədən ibarət olduğu barədə suallar yaranır. Bu cür vəziyyətlərdə həm daxili faktorlar həm də xarici amil məsələsi həmişə paralel gedir. Ola bilsin ki, sözün həqiqi mənasında insanlar parkın sökülməsinə etiraz edirlər. Bu aksiyaları yatırtmaq üçün hökumətin adekvat olmayan addımlar atması etiraz dalğasını genişləndirdi”.

Siyasi ekspert bildirdi ki, mövcud durumda Türkiyə əleyhdarı olan qüvvələr fəallaşmağa başlayır. “Onlar prosesləri öz maraqları istiqamətinə yönləndirmək istəyirlər. Türkiyənin xüsusilə Suriya ilə münasibətləri normal deyil. Suriyadakı rejimin Türkiyədəki bu proseslərin nəzarətdən çıxmasında maraqlı olacağını söyləsək, səhv etmərik. Suriya Türkiyədəki proseslərin bu şəkildə cərəyan etməsində maraqlıdır”. Analitik Suriyanın bu cür təxribat xarakterli planlarının həyata keçirməsinin siyasi səbəblərinə isə belə aydınlıq gətirdi. “Bu cür vəziyyət Türkiyəni zəiflədir. Bununla da Türkiyənin Suriya ilə bağlı mövqeyi də zəifləmiş olur. bu da Bəşər Əsəd rejiminə sərf edir”.

E. Nəsirovun İran amilinə də toxunub: “İran Türkiyənin Suriya ilə bağlı tutduğu mövqeyə görə bu ölkə ilə münasibətləri soyuqdur. Son nəticədə bu qənaətə gəlmək olar ki, İstanbulda və digər şəhərlərdə baş vermiş hadisələrdə hökumətin üzərinə böyük məsuliyyət düşür. Çünki bu etirazları yatızdırmaq üçün digər vasitələrdən də istifadə oluna bilərdi. Çox kəskin addımların atılması isə əks reaksiyalar doğurdu. Düşünürəm ki, Ərdoğan hökuməti

ağacların kəsilməsi ilə bağlı məsələyə dərhal reaksiya verib məsələni yumşaq şəkildə həll etsəydi, proseslər bu məcraya yönəlməzdi. Eyni zamanda həm də bu onun göstəricisidir ki, Türkiyədə hakimiyyətdən narazı qüvvələr var. Bu hadisədən isə sanki həmin şəxslər bəhanə kimi istifadə etməklə indiki iqtidara narazılıqlarını ifadə etdilər. Parkla bağlı məsələdə səbəb yox, bəhanə faktorları daha çox rol oynadı”.   

VHP Məclisinin sədri, Rafiq Manafov isə problemin əsasında sosial narazılıqların olduğunu bildirdi. “Bu ilkin olaraq sosial narazılıqdır. Taksim meydanı neçə illərdir vətəndaşların və turistlərin gəzinti yeridir. Hər halda Türkiyə cəmiyyəti daha müstəqildir. Türkiyənin uzun illərə söykənən dövlətçilik təcrübəsi də var. Ancaq bu cür sosial etirazlar sonda siyasi narazılıqlara gətirib çıxarda bilər”.

Xatırladaq ki, İstanbulda Gəzi Parkında aparılacaq tikinti işlərinin qarşısını almaq üçün 6 gündür aksiya davam edir.

Aqşin KƏRİMOV 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır